Tarixi keçmişimizi özündə
yaşadan ana dilimiz
Azərbaycan dilinin dövlət dili
kimi inkişafı Ümummilli Lider Heydər Əliyevin adı
ilə bağlıdır
Ana dili və əlifba hər bir xalqın mənəvi sərvətidir. Bu mənəvi
sərvətin inkişafında, qorunmasında, onun dünya
dilləri içərisində öz layiqli yerini tutmasında
dilimizin zənginliklərinə bələd olan Ulu Öndər
Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilinin dövlət dili kimi
inkişafı Ümummilli Liderin adı ilə
bağlıdır. Onun rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş
müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan
dili rəsmi dövlət dili elan olunmuşdur.
Böyük rəhbərin ana dilimizə
qayğısı
Ümummilli
Lider Heydər Əliyevin ilk gündən yeritdiyi dil siyasəti
bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf
etdirmək, onun dövlət statusunu reallaşdırmaq,
dünya dilləri arasında nüfuzunu artırmaq. "Dilimiz çox zəngin və ahəngdar dildir,
dərin tarixi köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm", - deyən dahi
rəhbər uzaqgörən fəaliyyəti ilə milli dil
siyasətini yürüdə biləcək tarixi əhəmiyyətli
dövlət qərarlarına imza atmışdır. Bu mənada, dilin dövlət dili statusu qazanması
həqiqətən qürur gətirən tarixi hadisəyə
çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən
dilimizin inkişafı və zənginləşməsi istiqamətində
müxtəlif tədbirlər həyata keçirilmişdi. Azərbaycanda
dilçi alimlərə yüksək diqqət və
qayğının göstərilməsi, milli dildə nəşr
edilən kitabların tirajlarının artırılması və
digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi
məqsədi daşımışdır.
Filologiya
elmləri doktoru, professor Sayalı
Sadıqova deyib ki, Azərbaycan müstəqilliyini
qazandıqdan sonra milli şüurun inkişafı və
demokratik cəmiyyətin yaranması ana dilimizin tətbiq sahəsini
genişləndirməyi zərurətə çevirdi:
"1990-cı ildə Azərbaycan Əlifba Komissiyası
yaradılmış və görkəmli dilçi alim Afad
Qurbanov sədr vəzifəsinə təyin edilmişdir.
Əlifbanın müxtəlif variantları təklif olunsa da
yeni əlifbanın yaradılmasında latın
qrafikasının vacib tərəfləri elmi faktlara söykənərək
əsaslandırılmış, 1991-ci ilin dekabrında
A.Qurbanovun tərtib etdiyi latın qrafikalı əlifba rəsmi
olaraq qəbul edilmişdir. 25 dekabr 1991-ci ildə Azərbaycan
Respublikası Ali Soveti Milli Şurasının "Latın
qrafikalı Azərbaycan əlifbasının bərpası
haqqında" qanunun qüvvəyə minməsi haqqında
34 saylı qərarla ölkəmiz rəsmi olaraq latın
qrafikalı əlifbaya keçmişdir. İlk
dövrlərdə rəsmi sənədlərdə paralel
olaraq həm latın, həm də kiril qrafikalı əlifbadan
istifadə olunmuş və tədricən latın qrafikalı
əlifbaya keçilmişdir".
Qəbul
edilmiş əlifbanın tətbiqi problemlərinin həllində,
beynəlxalq aləmə daha yaxın olan latın
qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin
sürətləndirilməsində Heydər Əliyevin
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 2001-ci il 18 iyun tarixli fərmanı
mühüm əhəmiyyət kəsb etmişdir. Fərmanda
Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil
dövlətçilik atributu kimi rolu və funksiyası
göstərilmiş, on il ərzində tətbiqi
vəziyyəti hərtərəfli nəzərdən
keçirilmişdir. Eyni zamanda problem və
nöqsanlar müəyyənləşdirilərək
onların aradan qaldırılması barədə müvafiq
tapşırıqlar verilmişdir. Tam olaraq 2001-ci il avqust ayının 1-dən latın
qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara
alınmışdır. Sənəddə on ilə yaxın
müddətdə latın qrafikalı Azərbaycan
əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust
ayından bütövlükdə təmin edilmişdir.
Dövlətin
dil siyasəti
Ümummilli Lider Heydər Əliyev dil məsələsinə
dövlət siyasətinin tərkib hissəsi kimi
yanaşırdı. Qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana
dilindən əziz heç nəyi ola bilməz.
Məhz ana dilinə dövlət səviyyəsində belə
yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 9 avqust 2001-ci il tarixli
Prezident fərmanı ilə xalqımızın əlamətdar
günləri sırasına biri də əlavə
olunmuşdur. Ulu Öndərin ana dilinin taleyi barədə
təməl düşüncələrini şərtləndirən
dil quruculuğundakı ideya istiqaməti bu gün də
müasir siyasi baxışlara uyğun səviyyədə
aparılmaqdadır. Bu istiqamətdə
atılmış vacib addımlardan biri də Ümummilli Lider
Heydər Əliyevin 30 sentyabr 2002-ci ildə
imzaladığı "Azərbaycan Respublikasında Dövlət
dili haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin
atributlarından biri olaraq qəbul edilmiş, onun digər dillər
arasında yaşaması və təkmilləşdirilməsi
sahəsində konseptual ideyalar irəli
sürülmüşdür. Belə bir qanunun
qəbulu ölkə rəhbəri tərəfindən
dövlətin milli dil, milli kimlik siyasətinin uğurla
aparılmasının nəticəsi olaraq ictimai xarakter
daşımış və bununla yanaşı, həm də
ana dilinə dövlət dili statusu
qazandırmışdır.
Sayalı
Sadıqova qəzetimizə açıqlamasında deyib ki,
dövlət dilimizin adının Azərbaycan dili kimi təsbit
olunması tarixilik və dövlətçilik
baxımından demokratik tərzdə hərtərəfli əsaslandırılıb:
"Bununla da dilimizin adı və məzmunu həm siyasi, həm
də elmi cəhətdən birmənalı şəkildə
təsbit olundu. Ümummilli Lider dilimizin
saflığını, mənəvi zənginliyini
qorumağın vacibliyini çıxışlarında hər
zaman vurğulayır, dövlət idarəçiliyində bu
zəruri şərtə əməl etməyin vacibliyini
önə çəkirdi. Bununla
yanaşı qeyd edirdi ki, Azərbaycan dili dünyanın
inkişaf etmiş dillərindən olduğundan müasir
dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni,
fəlsəfi-intellektual məzmun və hadisələri,
informativ mənzərəsi bu dildə çevik şəkildə
əksini tapa bilir".
Ulu Öndərin siyasi xəttinə
sadiqlik
Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən
Prezident İlham Əliyev də doğma dilimizin
inkişafına böyük həssaslıqla yanaşır. Qətiyyətlə
deyə bilərik ki, bu gün ana dilimizin inkişafının
əsas qarantı məhz ölkə Prezidenti və onunla
çiyin-çiyinə möhtəşəm layihələrə
imza atan Birinci vitse-prezident Mehriban Əliyevadır.
Prezident
İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" Sərəncam ilə
hər il latın qrafikalı Azərbaycan əlifbası ilə
çap olunacaq əsərlərin siyahısı
hazırlanır. Həmin il yanvarın 14-də
"Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında", eləcə də 2007-ci il dekabrın 30-da
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri
nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla
ana dilinin həyatımızın bütün sahələrində
müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və
reallıqlarını nəzərə alan
Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nın 2013-cü il 9 aprel tarixli Sərəncamı
ilə təsdiq edilməsi milli və mənəvi
varlığımızın güzgüsü olan ana dilimizin
saflığının və zənginliyinin qorunması
baxımından mühüm tarixi hadisədir. Dövlət
proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə
və tətbiqinə dövlət qayğısının
artırılması, ana dilimizin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi,
ölkədə dilçilik araşdırmalarının
yaxşılaşdırılmasıdır.
Professor Sayalı Sadıqova bildirir ki, bu müddət ərzində
elmin, demək olar ki, bütün sahələrinə aid 150-yə
yaxın terminoloji lüğət nəşr olunmuşdur. Onların arasında həcmcə
çox böyük izahlı, iki və üç dilli
lüğətlər diqqəti cəlb edir: "Sərəncamda
Azərbaycan dilində termin yaradıcılığı sahəsində
işlərin tənzimlənməsi və koordinasiya edilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Terminologiya Komissiyası
yaradılmışdır. Müxtəlif elm sahələrinə
aid terminoloji lüğətlərin elektron variantlarının
virtual məkanda yerləşdirilməsi Azərbaycan dilinin
terminoloji arealının müasir metodlarla zənginləşməsini
zəruri edir. Bu nəzərə
alınaraq AMEA Rəyasət Heyətinin qərarı ilə
Terminologiya Komissiyasının veb-portalı
yaradılmışdır. Veb-portalın yaradılmasında
əsas məqsəd dilimizdə olan mövcud terminoloji
lüğətləri ilk dəfə olaraq vahid mərkəzə
toplamaq, elmin, texnikanın müxtəlif sahələrində
çalışan mütəxəssislərə terminlərin
izahını və müxtəlif dillərdə
qarşılığını asanlıqla əldə etməyə
yardımçı olmaq, həmçinin termin
yaradıcılığına cəmiyyətin müxtəlif
təbəqələrini, o cümlədən xaricdə
yaşayan soydaşlarımızı cəlb etməkdir".
Azərbaycan
dilinin gələcəyi əmin əllərdədir
Azərbaycan dili bu gün dərin fikirləri ən incə
çalarlarınadək olduqca aydın şəkildə ifadə
etmək qüdrətinə malik dillərdəndir. Rəsmi
yığıncaqlarda, məclislərdə ana dilimiz fəxarətlə,
təntənə ilə səslənir. Azərbaycan ədəbi
dilinin hərtərəfli inkişafı, elmin müxtəlif
sahələri ilə bağlı ana dilində əsərlərin
yazılması, dövlət dilinə çevrilməsi,
diplomatiya aləminə yol açması, Ümummilli Lider Heydər
Əliyevin fəaliyyəti və onun yürütdüyü
dil siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi ilə bağlıdır. Ana dili elə bir sərvətdir ki, onda
hamının payı bərabərdir. Gəlin
ana dilimizi sevək, öyrənək və gələcək
nəsillərə ləyaqətlə çatdıraq. Heydər Əliyevin dediyi kimi, "Azərbaycanın
dövlət müstəqilliyi Azərbaycan dilini əbədi
etmisdir. Hər bir xalqın milliliyini, mənəvi
dəyərlərini yaşadan, inkişaf etdirən onun
dilidir. Mən keçmişdə də
demişəm və bu gün də deyirəm, şəxsən
arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox
dil bilsin. Ancaq birinci növbədə
öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar
dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə
malikdir. Ona görə də
xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti
hər bir Azərbaycan övladı göz bəbəyi kimi
qorumalı, daim qayğı ilə əhatə etməlidir".
Tarixi keçmişimizi özündə yaşadan ana
dilimiz qorunur, yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan
dili müstəqil Azərbaycanda, eləcə də dünyada
yaşayan bütün azərbaycanlıların dili olsun.
Elşən
YƏHYAYEV
Azərbaycan.-
2022.- 31 iyul.- S.3.