Jurnalistin sosial məsuliyyət anlayışı olmalıdır

 

İntiharla bağlı mövzular həssas xəbərlər kateqoriyasına aid olduğundan buna ehtiyatla yanaşılmalıdır

 

Son zamanlar intihar xəbərləri sosial şəbəkələrin əsas mövzusuna çevrilib. Bu, demək olar ki, sosial şəbəkələrdə ən çox rast gəldiyimiz mövzulardan biridir. "Universitetə girə bilməyən gənc qız çıxış yolunu intiharda gördü", "İşini itirən gənc oğlan özünü asaraq intihar etdi", "Ailəsinə baxa bilməyən ata özünü yandırdı", "10 yaşında balaca qız serialda gördüyü intiharı təkrarladı".

 Bu kimi xəbərləri eşitmədiyimiz gün yoxdur. Sosial şəbəkələr bu cür halları təbliğ edir, sanki intiharetmə üsullarından dərs keçir. Bu isə psixoloji sarsıntı keçirənlərə və  dərdlərinə çarə axtaranlara daha bir zərbə vurur. İntihar hadisələri də daxil olmaqla müxtəlif mənfi hərəkətlərin, eybəcərliklərin, əxlaqsızlıqların, ailədaxili münaqişələrin ön plana çıxarılması cəmiyyətdə psixoloji gərginlik yaradır və bu, düşüncələrə neqativ təsir göstərir.

 

 Unutmayaq ki, oxucular  arasında uşaqlar da var

 

İnsanların mediadan məlumat almaq hüququ var. Amma belə xəbərlərin ictimailəşməsi izləyici kütləsinə çatdırılması əks-effekt verə bilər.  Bəzən bu, insanların beyninə çıxış yolu, onu incidənlərdən qisas almaq üsulu, bəzən "qəhrəmanca" hərəkət kimi yeridilir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyir ki, bu mövzuların işlənilməsi ilə bağlı jurnalistikada xüsusi davranış prinsipləri var: "İntiharla bağlı mövzular həssas xəbərlər kateqoriyasına aiddir. Beynəlxalq təşkilatların peşə etikası ilə bağlı tövsiyə xarakterli sənədlərində prinsiplər qeyd edilib. Əlbəttə ki, xəbər varsa oxucuya təqdim edilir. Amma bu kimi xəbərlərdə jurnalist xüsusilə diqqətli olmalı həssaslıq nümayiş etdirməlidir. Təqdim etdiyimiz xəbərlər müxtəlif əhvalda olan insanların evinə girir onlar bu xəbərlərlə tanış olurlar. Özümüz bilmədən insanların durumunda hansısa mənfi iz buraxa bilərik. Buna görə həssas davranaraq prinsiplərə ciddi şəkildə əməl etməklə belə xəbərləri təqdim etmək lazımdır".

Vüqar Zifəroğlu intihar xəbərlərinin uşaqların psixologiyasına mənfi təsir etdiyini bildirdi: "Oxucularımız arasında uşaqlar da var. Bunun özü həssas məsələdir. Azyaşlılarda belə xəbərlər ciddi şəkildə dərin iz buraxa bilər. Bu baxımdan meyarları nəzərə almaq lazımdır. Unutmaq olmaz ki, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik sosial institutdur. Məhz bundan irəli gələrək jurnalistin sosial məsuliyyət anlayışı var xəbərlərin hazırlanmasında daha qabarıq şəkildə özünü göstərmiş olur".

 

 Media intihar xəbərlərini dramatikləşdirməməlidir

 

Çox təəssüf ki, bir sıra media vasitələri sosial şəbəkələrdə olan səhifələr özlərinə izləyici toplamaq üçün intihar hadisələrini ajiotajla özünüreklam formasında yayımlayaraq insanlarda maraq oyatmağa çalışırlar.

Psixiatr Fuad Bəşirov deyir ki, mediada bu mövzuda xəbərlərin verilməsi hadisənin təsviri sosial münasibətlərə intihar qavrayışına ciddi təsir göstərir: "Bu tip məsələlərin müzakirəsində son dərəcə diqqətli olmaq lazımdır. Media intihar xəbərlərini dramatikləşdirməməli sosial şəbəkələrdə xəbər paylaşarkən xüsusilə vurğulanaraq deyilməməlidir. Xəbərdə "çıxış yolunu intiharda gördü" kimi sözlərdən istifadə olunmaması məsləhətdir. Sanki bunu "tək çıxış yolu" kimi insanlara təqdim etmiş olurlar. Digər tərəfdən, eyni mövzuda olan ölüm xəbəri təkrar olaraq yayımlanmamalıdır. Bu baxımdan yerli səhiyyə orqanlarının media ilə birgə çalışması lazımdır".

Gündəlik müşahidələr göstərir ki, internet sosial şəbəkə istifadəçiləri üçün belə xəbərlər daha cəlbedici olur. Başqa sözlə desək, bunu mütəmadi rezonansla yayımlayan şəxslər bilməlidirlər ki, uşaqlar gənclər həyatı sosial mediadan öyrənirlər. Onlar məşhur insanların mesajlarına daha çox əhəmiyyət verirlər.

Psixiatr xüsusilə vurğuladı ki, mətbuat sensasiyalı xəbərlərdən, hətta intiharın problemlərin həlli yolu olduğunu təqdim etməkdən çəkinməlidir: "Bunun əvəzində intiharın qarşısı alına bilən üsulların olduğunu vurğulamaq yardım resursları kimi faydalı məlumatlar paylaşılmalıdır.  Jurnalistlər xəbərləri paylaşarkən intihar edən şəxsin yaxınlarının ağrılarını da nəzərə almalıdır".

İntiharın hər zaman ölümlə nəticələnməyəcəyini xatırlatmaq bəzən faydalı ola bilər. Ölmək üçün cəhd edib, amma ömürlük şikəst olub, əlil arabalarında gəzənləri sevdiyi insanların onun acınacaqlı vəziyyətinə çox üzüləcəyini yada salmaq lazımdır. Çıxış yolu kimi dövlətin sığınacaqlarından faydalanma imkanlarının olduğunu qeyd etmək, yaşlılar üçün qocalar evi, evsizlər üçün müvəqqəti sığınacaqlar ya müxtəlif xeyiriyyə cəmiyyətlərindən yardım istəmək olar. İnanclı insanlara isə intiharın günah olduğunu xatırladıb, ölümün yenə ona rahatlıq gətirməyəcəyini demək çox zaman bu şəxsləri belə düşüncədən uzaqlaşdırır.

Media kriminal xəbərlərin təbliğatçısına çevrilməməli, xəbərçi funksiyasını düzgün yerinə yetirməlidir. İmkan düşdükcə cinayət işini incələyən ekspert rəylərinə xüsusi yer ayırmalıdır. Bir sözlə, cinayət işləri cəmiyyət üçün adiləşdirilməməlidir.

 

 Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.5.