AÇG  doqquzuncu platformasının yolunu gözləyir

               

bp rəsmisi B.Aslanbəyli: "Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq"

 

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku doqquzuncu platformasının  yolunu gözləyir. Bu qurğunun tikintisi iki obyektdə - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ)     Bibiheybət İstehsalat-Quraşdırma Sahəsində  aparılır. 

Artıq  platformanın iki nəhəng qazma modulu təhlükəsiz şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə  üst tikililər blokunun üzərinə yerləşdirilib.

"Azəri Mərkəzi Şərqi" (ACE)  platforması   eyniadlı  layihə çərçivəsində  həyata keçirilir. Xatırladaq ki,  2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında  dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Sazişə əsasən, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin müddəti  2050-ci ilədək uzadılıb. Bu sənəd "Yeni əsrin müqaviləsi" adını alıb. ACE layihəsi  məhz həmin  müqavilənin əsasında  gerçəkləşir.

Beləliklə, iki qazma modulu  artıq  platformanın üst tikililərinin üzərindədir. Bunlar çəkisi 2350 ton, uzunluğu 43, eni 20 və hündürlüyü 20 metr olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32, eni 22, hündürlüyü 80 metr olan qazma avadanlığı dəstidir (QAD). Bu iki qazma modulu qaldırma və sürüşdürmə əməliyyatınadək ACE-nin  üst tikililər blokundan kənarda, ayrıca inşa olunub.  Modullar Bibiheybət

İstehsalat-Quraşdırma Sahəsində tikilib.

ACE layihəsinin baş meneceri Nil Fillips deyib:  "Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılan mürəkkəb bir əməliyyat idi. Proses belə olub: əvvəlcə modulları üst tikililərin göyərtəsinin yanında olan əsas qaldırma yerinə aparmaq üçün onların altına özü hərəkət edən qoşqular yerləşdirilib. Bu qoşqularla modullar göyərtənin yanına aparılıb, sonra modulların altına əlavə polad kasetlər yerləşdirilməklə onlar lazım olan təxminən 27 metr hündürlüyə qaldırılıb. Bundan sonra hidravlik itələyici domkratlar vasitəsilə modullar göyərtənin üzərinə sürüşdürülüböz daimi mövqelərinə yerləşdirilib. Bu unikal əməliyyatı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq həyata keçirdiyimiz üçün çox qürurluyuq. Bu, bizə modulun inteqrasiyasından əvvəl istismar sınağına başlamaq imkanı yaradıb".

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, MisirOman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli  sözügedən    möhtəşəm  əməliyyatı  icra edənlərə  təşəkkürünü bildirib: "İki qazma qurğusunun ACE-nin üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası layihənin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir. Bu əməliyyatın uğurla yerinə yetirilməsi "Azfen", NOV, SOCAR-KBR və "Mammoet" daxil olmaqla ACE layihəsinin podratçıları ilə sıx əməkdaşlıqda aparılmış təxminən dördillik mühəndis-layihələndirmə və istehsal işlərinin nəticəsidir. Bu mühüm nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm."

bp-nin Xəzər regionunda kommunikasiyaxarici

əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu uğuru ACE-nin müvəffəqiyyətlə  yekunlaşacağına zəmanət kimi dəyərləndirib:  "AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq AÇG-nin növbəti platformasının - ACE-nin istismara verilməsi üzrə işlər plana uyğun irəliləməkdədir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyinə sadiqik. Biz Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq ki, bu ölkənin hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək yeni sərmayələr, texnologiyalaryeni birgə səylər vasitəsilə AÇG-nin uzunmüddətli istismar potensialını reallaşdıraq."

Hazırda ACE layihəsi üzrə işlər ümumilikdə 75 faiz  tamamlanıb və ən yüksək həddə çatıb. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5 min  insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Xatırladaq ki, AÇG-də iştirak payları belədir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz)," EksonMobil" (6,79 faiz), TPAO

(5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,31 faiz).

AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişlənməsinə daha bir təkan verəcək. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. 2049-cu  ilin  sonunadək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-yə (Azərbaycan Respublikası  Dövlət  Neft  Fondu) 3,6 milyard dollar bonus ödəyəcəklər.

"Azəri Mərkəzi Şərqi"  platformasının tikintisi  üzrə bütün işlər yekunlaşdıqdan  sonra qurğu tam şəkildə  Xəzərdəki daimi yerində quraşdırılacaq və sınaqlardan keçiriləcək. ACE-nin  ilk neftini nəzərdə tutulduğu vaxt, yəni 2023-cü ildə verəcəyi gözlənilir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.6.