Bəzi "media vasitələri" söz azadlığından sui-istifadə edirlər

 

Onların peşəkar jurnalistikaya heç bir aidiyyəti və bağlılığı yoxdur

 

 Sözfikir azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığı tam təmin olunub, medianın inkişafı üçün gərəkən bütün addımlar atılıb.

Respublikamızda cəmiyyət həyatının  bütün sahələrini əhatə edən islahatlar medianı da əhatə edib. Bir müddət əvvəl "Media haqqında" yeni qanunun qəbul olunması bunu təsdiq edir. Yeni qanunun qəbulu göstərdi ki, Azərbaycan dövləti qlobal inkişafın yaratdığı yeni imkanlardan yerli medianın daha çox bəhrələnməsində, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasında maraqlıdır.

Görünən odur ki, ölkəmizdə media azadlığı tam təmin edilmişdir. Dünyanın çox az sayda ölkəsində media vasitəsinin yaradılması ilə bağlı Azərbaycanda olduğu kimi, sadə qaydalara rast gəlmək olar. İstənilən media orqanı və ya jurnalist sərbəst informasiya toplamaq, onu təhlil etmək və yaymaq imkanına malikdir. Sırf peşə etikasını və qanunları gözləməklə həyata keçirilən bu fəaliyyətə görə hələ indiyədək bir jurnalist və KİV hər hansı çətinliklə üzləşməyib.

Əlbəttə, onu da unutmaq lazım deyil ki, söz azadlığı geniş anlayışdır. Bu baxımdan yaradılan imkanlardan yararlanan kütləvi-informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan mediası keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, cəmiyyət qarşısında və ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsində məsuliyyətini unutmamalıdır. Mətbuatda dövlətçilik maraqlarının qorunması məsələsi bütün maraqların fövqündə dayanmalıdır.

Digər tərəfdən, söz azadlığı heç bir halda insanların şərəf və ləyaqətini təhqir etmək, böhtan atmaq, qanunlara zidd fəaliyyətə təşviq etmək kimi başa düşülməməlidir. KİV-də tənqid olmalıdır və bu normaldır. Lakin tənqid adı altında qara yaxmaq, təhqir, şantaj etmək isə  yolverilməzdir.

Təəssüflə qeyd edilməlidir ki, söz azadlığını tamamilə tərsinə və təhrif olunmuş şəkildə qəbul edənlərə də rast gəlirik. Ölkəmizdə söz azadlığı ilə bağlı yaradılan şəraitdən sui-istifadə etmək istəyən, amma peşəkar və sağlam əqidəli KİV-ə heç bir aidiyyəti olmayan bəzi "media vasitələri" öz fəaliyyətlərini ayrı-ayrı insanları şantaj etməklə, onlara hədə-qorxu gəlməklə pul tələb etmək üzərində qururlar. Bu, artıq cinayət məsuliyyəti yaradan bir fəaliyyətdir, reketçilikdir. Bunun isə peşəkar jurnalistika fəaliyyəti və mətbuat azadlığı ilə heç bir bağlılığı yoxdur.

Azərbaycan dövləti, hüquq-mühafizə orqanları bu cür neqativ hallarla bağlı ciddi mübarizə aparır, belə əməllərə yol verənlər aşkarlanıb məsuliyyətə cəlb olunurlar. Bununla belə, reket jurnalistlər tərəfindən şantaj olunan, təhqir və böhtana məruz qalan insanlar da susmamalı, öz haqlarını qorumaq üçün məhkəmələrə üz tutmalıdırlar.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.1; 5.