Tikinti fəaliyyətinin təkmilləşdirilməsi
dövrün tələbidir
Prezident İlham
Əliyev: “Biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda
şəhərsalma normaları pozulsun”
Prezident İlham Əliyev bu günlər yeni təyin olunan icra hakimiyyətləri başçılarını qəbul edərkən çıxışında bir sıra vacib məsələlərlə yanaşı, xüsusən paytaxtda aparılan inşaat işlərində tikinti qaydalarına əməl olunmaması ilə bağlı iradlarını bildirmişdir: "Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb... Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun".
Çox yerində deyilən haqlı
iraddır. Çünki
tikinti iqtisadiyyatda sıradan bir sektor deyil. Bu
sektor ən vacib fəaliyyət növlərindən biri
olmaqla iqtisadiyyatın bütün sahələrinin əsas
fondlarının və istehsal güclərinin
yaradılmasında, proporsiyaların təkmilləşdirilməsində
çox mühüm rol oynayır. Tikinti
sektorunun ölkəmizin və onun regionlarının da iqtisadi
və sosial inkişafında rolu, əhəmiyyəti
böyükdür. Təkcə bir faktı qeyd edək:
2011-2020-ci illərdə ölkə iqtisadiyyatının əsas
kapitalına investisiyaların 70 faizə qədəri (68,5 faiz) bilavasitə tikinti fəaliyyətinin
vasitəsi ilə reallaşdırılmışdır.
Başqa bir fakt: 2011-2020-ci illərdə ölkə üzrə
ümumi sahəsi 31,8 milyon kvadratmetr olan
yaşayış binaları tikilib istifadəyə
verilmişdir. Yalnız 2020-ci ildə Azərbaycanda mənzil
tikintisi 2010-cu illə müqayisədə 2,6
dəfə artaraq 5,2 milyon kvadratmetr təşkil etmişdir.
Amma əldə olunan bu uğurlara baxmayaraq, tikinti fəaliyyətinin
idarə edilməsində və təşkilində problemlər
də mövcuddur. Prezidentin "Azərbaycan Respublikasında tikinti sahəsində
dövlət nəzarətinin gücləndirilməsi
haqqında" 30 avqust 2007-ci il tarixli Fərmanı
ilə müvafiq mərkəzi və yerli icra hakimiyyəti
orqanlarına ciddi tapşırıqlar verilməsinə
baxmayaraq, dövlət başçısının
özünün də dediyi kimi, şəhərsalma prinsiplərinin,
norma və qaydalarının pozulması hallarına hələ
də rast gəlinir. İlk növbədə tikinti müddətinə
norma daxilində əməl olunması təmin
edilmir. Nəticədə dövlət vəsaitləri
hesabına tikilən obyektlərin istifadəyə verilməsinin
faktiki müddəti normadan 1,2-1,5 dəfə
çox olur. Məsələn, 2020-ci ildə
yekunlaşmamış tikintinin həcmi dövlət
investisiyalarının üçdə birindən çoxunu
təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin
əsas kapitalda xüsusi çəkisinin 2007-ci ildəki 52
faizdən 2020-ci ildə 64 faizə qədər artmasına
baxmayaraq, tikinti obyektlərində quraşdırılan
avadanlıqların, maşın və mexanizmlərin payı
27 faizdən 17 faizə enmişdir. Bu isə sənaye
və digər iqtisadi sektorlarda modernləşməni və
texniki tərəqqini ləngitmişdir. Yeri
gəlmişkən, qeyd edək ki, ikinci Dünya müharibəsindən
sonra iqtisadi inkişafı sürətləndirmək
üçün Yaponiya hökuməti investisiyaların əsasən
avadanlıqlar, maşın və mexanizimlərin
alınmasına və quraşdırılmasına sərf
edilməsi haqqında qərar qəbul etmişdir. İstər sahibkar, istərsə də dövlət
təsərrüfat subyekti üçün bu qərarın
icrası məcburi idi.
Tikinti sektorunun təşkili və idarəolunmasının
keyfiyyətini xarakterizə edən göstəricilərdən
biri də əhalinin və infrastruktur obyektlərinin istilik təchizatıdır. Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə
əhalinin istilik təchizatı ilə təminatı 2000-ci
ilə nisbətən 3 dəfəyə qədər
aşağı düşmüşdür. Çünki 2000-ci ilin əvvəlindən istilik təchizatını
təmin edən qazanxanaların əksəriyyəti
sökülərək yerində çoxmərtəbəli
yaşayış binaları tikilməyə
başlamışdır. Yeni binaların
tikildiyi həmin ərazilərdə isə mərkəzləşdirilmiş
qazanxanaların layihələndirilməsi nəzərə
alınmırdı. Ona görə də əhali
kütləvi qaydada kombilərdən və kondisionerlərdən
istifadə etmək məcburiyyətində
qalmışdı. Bu isə digər fəsadlarla
yanaşı, həm də enerji resurslarının
israfçılığı deməkdir.
Ölkə
qarşısında duran vəzifələri, qəbul
edilmiş çoxsaylı strateji dövlət proqramlarını uğurla həyata keçirmək
üçün iqtisadiyyatın əsas sahəsi olan tikinti
kompleksinin qarşısında duran təxirəsalınmaz
problemləri həll etmək vacibdir. Onlardan biri
əsaslı tikintidə layihə-axtarış və yerinə
yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin
cari qiymətlərlə tərtib edilməsidir. Çünki bu problemlə bağlı Nazirlər Kabineti
tərəfindən müvafiq qərarların qəbul edilməsinə
baxmayaraq, 2004-cü ildən 2021-ci ilə qədər
onların icrası təmin olunmamışdır. Tikintidə müqavilə qiymətlərinin
hesablanmasında 1992-ci ilin yanvarında qəbul olunmuş
normalar və qiymətlər sisteminə əsaslanan "bazis əmsal"
üsulundan istifadə edilirdi. Bu da dövlət
vəsaitlərinin israfçılığına gətirib
çıxarırdı. Odur ki, Nazirlər Kabinetinin
2021-ci il 9 yanvar tarixli qərarına əsasən, 2021-ci ilin
oktyabrından tikinti obyektlərinin qiymətləndirilməsi
üçün yeni smeta-normativ və qiymətqoyma sistemi əsasında
resurs metodu tətbiq olunur. Lakin hazırda
yalnız dövlət vəsaiti hesabına maliyyələşdirilən
tikinti obyektlərində bu metoddan istifadə edilir. Özəl sektorda isə hələ də "bazis
əmsal" üsulu tətbiq olunur.
Tikintisi nəzərdə tutulan obyektlərin smeta dəyərinin
müəyyənləşdirilməsi çoxpilləlidir və
neqativ təsirlərə şərait yaradır. Belə ki,
hazırlanmış layihə-smeta sənədləri Fövqəladə
Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin Təchizatdankənar Dövlət
Ekspertiza Baş İdarəsində ekspertizadan keçirildikdən
sonra nazirliyin tabeliyində olan Tikintidə Qiymətqoyma Mərkəzində
obyektin yekun smeta qiyməti müəyyənləşdirilir.
Belə köhnəlmiş yanaşma elmi-texniki
tərəqqinin nailiyyətlərinin tətbiqini
stimullaşdırmır, əksinə, tikintinin dəyərini
yüksəldir. Hesab edirik ki, obyektin smeta dəyərinin
düzgün müəyyən edilməsi mütləq qaydada
müvafiq qurum və təşkilat tərəfindən ciddi
yoxlanılmalı, qiymətlərin süni şəkildə
artırılmasına yol verilməməlidir. Elə bir şərait yaradılmalıdır ki,
layihə-smeta sənədlərini tərtib edən təşkilatlar
normativlərin təsdiq olunması mərhələsində
lazımsız məmur razılaşdırmalarına məruz
qalmasın. Ümumiyyətlə, normativlərin
hazırlanması ilə mülkiyyət formasından
asılı olmayaraq profilli layihələndirmə elmi-tədqiqat
institutları, attestasiya və akkreditə edilmiş
ixtisaslaşmış təşkilatlar məşğul
olmalıdırlar. Bu və digər məsələlər
isə "Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsi"ndə nəzərdə
tutulmalıdır. Qüvvədə olan məcəllənin
təkmilləşdirilməsində dövlət
orqanlarında çalışan mütəxəssislərlə
yanaşı, müstəqil qeyri-dövlət təşkilatlarının
nümayəndələrini də cəlb etmək vacibdir.
Şəhərsalma fəaliyyəti sahəsində nəzarət
və icazə funksiyalarının təkmilləşdirilməsi
və dövlət xidmətlərinin göstərilməsinin
optimallaşdırılması üzrə tədbirlər
planının hökumət səviyyəsində
hazırlanması zamanı da gəlib
çatmışdır. Bu sənəddə
layihə sənədlərinin ekspertizadan keçməsi və
tikinti üçün icazənin alınması prosesini
sürətləndirən vasitələrin qeyri-dövlət
ekspertizası nəzərdə tutulmalıdır. Çünki tikintidə normativlərin
hazırlanması və qiymətqoyma sahəsində islahatlar
aparılmaqla yaxın gələcəkdə Avropa
standartlarına uyğunlaşmaq lazımdır.
Acı həqiqətdir ki, inşaat şirkətlərinin
müəyyən olunmuş tələblərə və təhlükəsizlik
qaydalarına əməl etməmələri səbəbindən
tikintilərdə qəza halları, yanğınlar və
insanların zədə alması və həlak olması ilə
nəticələnən bədbəxt hadisələr baş
verir. Şirkətlər tərəfindən əmək
müqavilələrinin bağlanmaması isə
işçilərin əmək hüquqlarını pozur və
üstəlik, vergidən yayınma hallarına yol
açır. Tikinti üçün torpaq sahələri
ayrılarkən mühəndis-axtarış işlərinin
lazımi səviyyədə aparılmaması, tikinti işlərinin
mövcud kommunikasiya xətlərinin təhlükəsizlik
zolaqlarında həyata keçirilməsi, layihələndirmə
sənədlərinin düzgün hazırlanmaması, tikintidə
keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə
olunması, tikinti norma və
qaydalarının kobudcasına pozulması halları da
görülən tədbirlərə baxmayaraq davam edir. Və bütün bunlar o vaxt baş verir ki, Azərbaycanın
şəhərlərində, xüsusilə Bakıda mənzil
tikintisi geniş vüsət almışdır.
Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi
nəticəsində
mənzil tikintisinə yönəldilən
investisiyaların həcmi 2020-ci ildə 2010-cu ilə nisbətən
1,6 dəfədən çox artmışdır. Bu isə qeyd etdiyimiz nöqsanların da artması
deməkdir.
Həllini
gözləyən problemlərdən biri də tikinti layihəsinin
etibarlıq və təhlükəsizlik
baxımından şəhərsalma və tikintiyə dair
normativ sənədlərin tələblərinə
uyğunluğunun yoxlanılması üçün dövlət
ekspertizasından keçirilməsidir. Keçən illərin
təcrübəsi göstərir ki, şəhərlərimizdə
faktiki olaraq ekspertizadan keçmiş, lakin şəhərsalma
norma və qaydalarına zidd olan
çoxsaylı obyektlər, xüsusən yaşayış
evləri inşa edilir. Bunun əsas səbəbi
ekspertizanı keçirən dövlət idarəsinə kənardan
digər qurumlar tərəfindən göstəriş və təzyiqlərin
olunmasıdır. Odur ki, bütün
tikinti layihələrinin ekspertizası yalnız müstəqil
təşkilat tərəfindən aparılmalıdır.
Yeri gəlmişkən, qeyd edək ki, layihələrin
ekspertizasına belə yanaşma 2019-cu ildə qəbul
edilmiş "Texniki tənzimləmələr
haqqında" qanunda da nəzərdə tutulmuşdur.
Başqa
bir məsələ: şəhər yerlərində mənzil
tikintisi 2020-ci ildə 2010-cu ilə nisbətən 3,3 dəfə artdığı halda, kənd
yerlərində 1,2 dəfədən çox aşağı
düşmüşdür.
2020-ci ildə
ölkə üzrə mənzil tikintisinin yalnız 9,7 faizi kənd yerlərində həyata
keçirilmişdir. Burada ziddiyyət həm də ondan ibarətdir
ki, məsələn, 2020-ci ildə 2009-cu illə müqayisədə
şəhər əhalisi 12,1, kənd əhalisi
isə, nə qədər qəribə də olsa, 13,7 faiz
artmışdır. Deməli, bu ziddiyyət kənd
əhalisinin şəhərlərə axını ilə əlaqədardır.
Ölkə iqtisadiyyatının əsas
fondlarının formalaşmasında böyük paya malik olan
tikinti sektorunun maddi-texniki bazasının möhkəmləndirilməsi
və yenilənməsi, inşaat materialları sənayesinin
xammal təminatçısı olan mineral xammal
ehtiyatlarının səmərəli istifadəsi onların
geotexniki tədqiqatını vacib edir. Tikintidə
yeni texnologiya və texnikanın tərəqqisinə cavab verən
tikinti materialları istehsalının qurulması, yerli
resurslara əsaslanan sənayeləşmənin təmin edilməsi
ölkənin dayanıqlı və rəqabətədavamlı
iqtisadiyyatını şərtləndirən əhəmiyyətli
faktorlardır. Bu yerdə qeyd edək ki,
işğaldan azad olunmuş ərazilərin bərpası və
yenidən qurulması da mineral xammal ehtiyatlarından istifadəyə
kompleks və sistemli yanaşma tələb edir. Çünki qeyri-filiz xammal ehtiyatlarının
istifadəsi inşaat materialları sənayesinin təşəkkülü
və inkişafı deməkdir. Bu
baxımdan bir sıra müvafiq qurumların bazalarında
publik hüquqi şəxs statusunda Tikinti Materialları Sənayesi
Agentliyinin yaradılması məqsədəuyğun
olardı. Bununla da tikinti materiallarının, əsasən
də qeyri-filiz xammal ehtiyatlarının ölkədə,
xüsusilə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında geoloji, iqtisadi, texnoloji dəyərləndirilməsinə,
tikinti materialları sektorunda azad rəqabət mühitinin və
dəyər zəncirinin formalaşmasına, tələbatın
əsasən yerli istehsal
hesabına qarşılanmasına etibarlı zəmin
yaradılardı.
Söz
düşmüşkən, onu da bildirək ki, işğaldan
azad edilmiş ərazilərdə misli görünməmiş
tikinti-quraşdırma və abadlıq işlərinin həyata
keçirilməsi, sənaye parklarının
yaradılması,
yolların və körpülərin,
"ağıllı" yaşayış məntəqələrinin
salınması və s. işlər ölkə
iqtisadiyyatının vacib sektorlarından biri olan tikintinin təşkilində
idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri
edir. Hələ 2020-ci ildə Prezident İlham Əliyev
demişdir: "Müəyyən dövrlərdə şəhərsalma
qaydaları kobudcasına pozulmuşdur. Bakının
müxtəlif yerlərində tarixi keçmişimizə
zidd olan, heç bir memarlıq standartına uyğun olmayan
yöndəmsiz və eybəcər binalar tikilmişdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya,
hansısa bir hərisliyə görə şəhərimizin
keçmişini məhv edək, yaxud da şəhərimizin
gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu olmayacaqdır. Bütün
biznes dairələri, inşaatla məşğul olan
bütün şirkətlər bilsinlər ki, bundan sonra harada
gəldi bina, ev tikmək praktikasına
artıq son qoyulubdur. Bütün evlər,
binalar şəhərsalma qaydalarına uyğun şəkildə
tikilməlidir".
Prezidentin sözünə qüvvət olaraq bildirək ki, Bakının mərkəzində mənzil tikintisinin qarşısı alınmalıdır. Çünki paytaxtın mərkəzində böyük sıxlıq var. Nəzərə alsaq ki, keçən əsr Bakının mərkəzində tikilmiş yararsız, fiziki cəhətdən köhnəlmiş, müasir tələblərə cavab verməyən yaşayış binaları hələ çoxdur, deməli, bu təhlükə hələ tam sovuşmayıb. O üzdən hesab edirik ki, həmin binaların sökülməsini, yenilərinin inşa edilməsini, abadlaşdırma işlərinin aparılmasını və orada yaşayan sakinlərin köçürülməsini tənzimləyən normativ-hüquqi akt qəbul olunmalıdır. Bakının yeni hazırlanmış baş planına uyğun olaraq yaşayış binaları yeni ərazilərdə tikilməlidir. Bu işləri aparmaq üçün mənzil tikintisini aparan sahibkarlara dövlət tərəfindən stimul yaradılmalı, o cümlədən güzəştli şərtlərlə şəhər mərkəzindən kənarda torpaq sahəsi ayrılmalı və lazım gələrsə kredit verilməlidir.
Eldar NURİYEV,
Azərbaycan
İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun
şöbə müdiri,
iqtisadiyyat üzrə
fəlsəfə doktoru
Azərbaycan.- 2022.- 31 iyul.- S.1; 6.