Prezidentin son fərmanı
elm və ali təhsilin
inteqrasiyasına yeni üfüqlər
açır
Bu sahədə idarəetmənin təkmilləşdirilməsi
müasir səviyyədə inkişafa töhfə verəcək
Hər bir xalqın gələcəyinin müəyyənləşməsində təhsilin və elmin rolu mühümdür. İndi elə bir dövrdə yaşayırıq ki, dünyada yeni prioritetlər, yeni standartlar formalaşmaqdadır. Elm daha sürətlə inkişaf edir.
Bu baxımdan ölkəmizdə təhsilin və elmin inkişafı məqsədilə köklü islahatların həyata keçirilməsi olduqca vacibdir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri əksini tapıb. Elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından mühüm əhəmiyyətə malik olan fərmanda qarşıya yeni vəzifələr qoyulub.
İlk addımlar atılıb. Dövlət başçısının "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə olunub. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, eləcə də digər qurumlarının siyahısı təsdiqlənib.
Yeni fərmana uyğun olaraq, AMEA-ya qurumun yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn vəzifələrin icrası üçün müəyyən tədbirləri müəyyənləşdirdiklərini nəzərə çatdırıb.
O, fərmanın ölkəmizdə elm və təhsilin daha sıx inteqrasiyası, elmdə və təhsildə gedən proseslərin birgə aparılması cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Akademik uzun illər ərzində elm və təhsilin inkişafında belə bir inteqrasiyanın aparılması üçün müəyyən hazırlıq işlərinin həyata keçirildiyini vurğulayıb: "Təhsil sistemində bakalavriat və magistratura pillələri ayrılmışdı. Bildiyimiz kimi, magistratura elmi dərəcə verilən bir pillədir. Əgər universitetlərdə elmi dərəcə verilən pillə varsa, magistr hazırlanırsa, mütləq onlar elmi tədqiqatla əlaqəli olmalıdır". Akademikin fikrincə, bunların vəhdət şəkildə idarə edilməsi zəruridir: "AMEA-da magistratura təhsilinin olmasına baxmayaraq, tədqiqatların birgə aparılması və koordinasiya olunması, mövzuların seçilməsi, prioritet istiqamətlərin müəyyənləşməsi və onların respublikamızın bu günü, sabahı, gələcəyi üçün istiqamətləndirilməsi, bir mərkəzdən idarə olunması məsələləri xüsusi əhəmiyyət kəsb edirdi. Fərmanın əhəmiyyəti təkcə bu gün bizim verdiyimiz qiymətlə bitmir, gələcəkdə onun qiyməti veriləcək və daha da qiymətləndiriləcək. Çünki fərmanda elə mühüm məsələlər qarşıya qoyulub ki, bunların həllini bir neçə müsahibədə və yazılarda göstərmək çətindir. Artıq elmi-tədqiqat institutlarımız öz fəaliyyətlərində təhsilin inteqrasiyasını bilavasitə görəcəklər. Onsuz da bizim institutlarımızın əməkdaşları təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Ancaq bu pedaqoji fəaliyyətin onların tabe olduqları və yeni yaradılan Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bilavasitə aparılması onun səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir".
Akademik onu da bildirib ki, AMEA-nın elmi ictimaiyyəti bu fərmanı çoxdan gözləyirdi: "Azərbaycanda zamanın tələbinə, ölkəmizin dünyada tutduğu mövqeyə uyğun olaraq yenilənmə getməli idi. Yenilənmənin bu formada getməsi AMEA-nın ictimaiyyətini çox sevindirdi. Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirəcək və əvvəlki kimi akademiyaya olan diqqət daha da artacaq. Akademiya da öz qarşısına qoyulan vəzifələrin icrasında dövlətə söykənərək, onun qayğısını görərək daha da fəal iştirak edəcək. Respublikamız üçün elmi kadrların hazırlanmasında, elm və təhsilin inteqrasiyasında daha fəal iştirak edəcək. Yəqin ki, biz bunun nəticələrini bir neçə ildən sonra daha dolğun şəkildə görəcəyik".
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli artıq xeyli müddətdir ki, Azərbaycan cəmiyyətinin ən müxtəlif istiqamətlərində, xüsusilə sosial şəbəkələrdə Azərbaycan elmi, akademiya haqqında müxtəlif fikirlərin səslənməkdə olduğunu diqqətə çatdırıb: "Prezidentin imzaladığı fərman AMEA-nın qorunub saxlanacağına təminat verir və bu istiqamətdə sorğulara, müzakirələrə son qoymuş olur. Eyni zamanda akademiyanın hansı modeldə inkişaf edəcəyi də Azərbaycan cəmiyyətini düşündürürdü". İsa Həbibbəyli əlavə edib ki, Akademiyanın Rəyasət Heyətinin üzvləri də dünya təcrübəsini öyrənmək istiqamətində iş aparırlar: "Hesab edirəm ki, ölkəmizin Prezidenti cənab İlham Əliyevin fərmanı ilə müəyyən olunmmuş model müstəqillik dövründə, Azərbaycan cəmiyyətinin indiki inkişaf mərhələsində həm Elm və Təhsil Nazirliyinin inkişaf etdirilməsi, həm də AMEA-nın qorunub saxlanılması, yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdiriıməsi baxımından müəyyən edilmiş modeldir. Bu, həm ölkəmizdə milli-mənəvi dəyərlərin, dövlətçilik atrubutlarının, ideologiyasının, vətənpərvərlik tərbiyəsinin fundamental elmi əsaslarla öyrənilib işlənməsinə və istiqamətləndirilməsinə öz töhfəsini verəcək. Eyni zamanda elm və təhsilin inteqrasiyası baxımından tamamilə yeni üfüqlər açacaq".
Fərmanda AMEA-nın statusunun saxlanılması, onun tabeliyində bir sıra institutların fəaliyyət göstərməsi də əksini tapıb. İsa Həbibbəyli deyib ki, Milli Elmlər Akademiyası elmin əlaqələndirilməsi şurasını, problem şuralarının idarə olunmasını bundan sonra da davam etdirəcək. Akademiyada həqiqi və müxbir üzvlərin seçkilərinin keçirilməsi səlahiyyəti də AMEA-ya daxildir.
O, qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı o cümlədən Elm və Təhsil Nazirliyinin yaradılması elmin və təhsilin inteqrasiyası baxımından atılmış islahatyönümlü addımdır və bu, çox mühümdır: "Bu həm də dünya təcrübəsinə uyğundur. Belə ki, dünyanın bir çox ölkələrində elm və təhsil vahid mərkəzdən Elm və Təhsil Nazirliyi formatında idarə olunur və səmərə verir. Eyni zamanda bizim ölkəmizin reallığı da elm və təhsilin qarşılıqlı surətdə əlaqələndirilməsinə, elmin və təhsilin inkişaf etdirilməsinə töhfələr verəcəyinə inam yaradır. Buna görə də AMEA-nın kollektivi ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılmasını, idarəetmənin elm və təhsil sahəsində təkmilləşdirilməsini elmin və təhsilin inkişafı baxımından zəruri addım hesab edir. Buna görə də biz Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".
Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin imzaladığı bu fərmanın Azərbaycan Milli Elmlər Akademiyası haqqında tam vaxtında verilmiş bir qərar olduğunu vurğulayıb. O, akademiyanın daha çevik fəaliyyət göstərməsi üçün dəyşikliklərə ehtiyac olduğunu qeyd edib. Bildirib ki, akademiyanın bəzi institutlarının yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi mükəmməl qərardır.
Akademik Fəxrəddin Qədirov deyib: "İnanıram ki, nazirliyin tərkibində yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elm və təhsilin inteqrasiyasını təşkil edəcək. Fikrimcə, nazirliyin tabeliyinə keçən institutlarda da əməkhaqqı universitetlər səviyyəsində olacaq. Bu da gənc alimlərin elmə olan marağını stimullaşdıracaq. Son dövrlərdə akademiyanın gənc alimləri sırf maliyyə məsələləri ilə bağlı olaraq işləmək üçün şirkətlərə gedirdilər. Ümid edirəm ki, atılan addım bu məsələlərin aradan qaldırılmasına da təsir edəcək. Bununla yanaşı, akademiyada ictimai səviyyədə bölmələrin fəaliyyət göstərməsinin də tərəfdarıyam. İsrailin, Qazaxıstanın və dünyanın bir çox dövlətlərinin universitetlərində bu bölmələr ictimai səviyyədə fəaliyyət göstərirlər və bundan faydalar əldə edilir. Çünki bu, elm sahəsində çalışan insanların birləşdiyi bir yer ola bilər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 31 iyul.- S. 1; 5.