Şuşa zirvəsi

 

Ölkəmizdə baş tutan bütün mötəbər tədbirlərə, beynəlxalq toplantılara mədəniyyət paytaxtımızda uğurlu yekun vurulur

 

 Qarabağın baş tacı Şuşa 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan oğulları tərəfindən şücaətlə azadlığına qovuşdurulandan sonra tarixi şan-şöhrətini bərpa etməyə başlayıb. Parlaq zəfərimizdən qısa zaman sonra işğaldan azad edilən bütün torpaqlarımızda olduğu kimi, mədəniyyət paytaxtımızda da genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. Şuşanın tarixi əzəmətinin, mədəni ruhunun özünə qaytarılması üçün hərtərəfli işlər görülməyə başlanılıb.

 270 illik əzəmətli tarixə malik olan qala şəhərimiz getdikcə təkcə Azərbaycanın deyil, Qafqazın mədəni və diplomatik mərkəzinə çevrilir. Azadlığının üzərindən çox qısa müddət ötməsinə baxamayaraq, qədim şəhərimiz beynəlxalq tədbirlərə, festival, forumkonfranslara müvəffəqiyyətlə evsahibliyi edir. 

Artıq bu xoş bir ənənəyə çevrilib ki, ölkəmizdə baş tutan bütün mötəbər tədbirlərə, beynəlxalq toplantılara qələbəmizin rəmzi Şuşada uğurlu yekun vurulur.

"Zəfər yolu" ilə Şuşaya səfər edən beynəlxalq ictimaiyyət nümayəndələri də Şuşanın timsalında Qarabağımızın necə maddi-mədəni zənginliklərə malik olmasını öz gözləri ilə görürlər. Azərbaycanın bu füsunkar təbiətli diyarını, burada var olan milli ənənələri, tolerantlıq əhvalını, mədəni irsi böyük heyranlıqla seyr edirlər.

 

 Qala şəhərimizdə ənənəvi mədəni həyat öz axarına düşüb

 

Ötən il Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa mədəniyyət paytaxtımız elan edilərkən şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən olunub.

Bu tarixi qərardan dərhal sonra Qarabağın mirvarisi olan əzəmətli şəhərdə ənənəvi mədəni həyat öz məcrasına düşüb. Bu ənənənin ilk carçısı isə ötən il mayın 12-si və 13-də qala şəhərimizdə keçirilən "Xarıbülbül" festivalı oldu. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxış etdiyi, xalqklassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha birgəliyini, həmrəyliyini təntənəli şəkildə nümayiş etdirdi.

Vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və ermənilərin işğalçılıq siyasəti nəticəsində yarımçıq qalan mədəni tədbirlərimizdən olan "Vaqif Poeziya Günləri" də 30 avqustda yenidən Şuşada keçirildi.

18 sentyabr Milli Musiqi Gününü də ötən ilin həmin günündə dahi Üzeyir bəyin doğma şəhəri Şuşada, elə dahi bəstəkarın heykəlinin yerləşdiyi parkda təntənəli şəkildə qeyd etdik.

2021-ci ilin 15 iyununda isə Şuşa daha bir tarixi hadisənin gerçəkləşdiyi qürurlu ünvan oldu. Mədəniyyət paytaxtımızda Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.

 

İnkişaf, qələbə, sülh rəmzi

 

Bu ili isə başdan-başa Şuşa ili kimi qeyd edirik. Elə bu müstəsna statusa uyğun olaraq da ötənilki kimi bu ilŞuşa mötəbər tədbirlərə evsahibliyi edibdaha neçə-neçə təntənəli tədbirlərin keçirilməsinə hazırlaşır.

Mədəniyyətimizin paytaxtında gerçəkləşən belə mühüm tədbirlərdən biri martın 18-də şəhərdə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı oldu. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş bu toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyırdı.

Azərbaycan parlamentinin komitə iclaslarının da Şuşada keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin möhtəşəm nəticələrindəndir.

Bir müddət əvvəl dünya azərbaycanlıları da mədəniyyət paytaxtımıza yığışdılar və təntənə ilə Zəfər qurultaylarını keçirdilər. Sayca 5-ci olan bu fəxarətli qurultayda azad Qarabağda, azad Şuşada toplaşan həmvətənlərimiz öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha bəyan etdilər.

 

 Qafqazın diplomatiya mərkəzi

 

Azərbaycanın mədəniyyət paytaxtı gün keçdikcə yeni statuslara da sahib olur. Bu gün Şuşa həm də dünyada Qafqazın diplomatiya mərkəzi kimi tanınır. "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forumun da Şuşada təşkil olunması buna bariz nümunə, həm də onun göstəricisidir ki, Şuşa regional əhəmiyyətə malik şəhərdir.

Bu il 12-14 may tarixlərində keçirilən beynəlxalq statuslu "Xarıbülbül" festivalı da dünyaya bir daha səs saldı. Müxtəlif ölkələrdən gələn folklor kollektivləri festivalda möhtəşəm çıxışlar edərək Qarabağımızın baş tacından mədəniyyət carı çəkdilər.

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən dövlətlərin parlament nümayəndə heyətləri də dəyişilməz ənənəyə sadiq qalaraq mayın 18-də yollarını Azərbaycanın mədəniyyət paytaxtından saldılar. Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Şuşaya sözügedən səfərlərində mədəniyyət paytaxtımızda aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış oldular.

Xüsusilə vurğulayaq ki, bu gün bütün dünya Şuşanı Azərbaycanın qələbə rəmzi sayır, "Qarabağ Azərbaycandır!" həqiqətinin möhür ünvanı kimi tanıyır.

Elə bu il iyun ayında paytaxtımızda keçirilən növbəti "Formula-1" Azərbaycan Qran-prisi kubokunun qədim şəhərimiz Şuşanın 270-ci ildönümünə həsr olunması da buna daha bir möhtəşəm nümunə oldu. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və "Şuşa ili" münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər ağa məscidinin minarələrinin elementlərini əks etdirdi.

 

Qlobal əməkdaşlıq platforması

 

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvlərinin iyulun 2-də Şuşaya səfər etmələri Zəfər qalamızın qlobal əməkdaşlıq platformasına çevrilməsinin daha bir təntənəli nümayişi idi. Ölkəmizə gələrək Qarabağa səfər edən dünya ictimaiyyətinin digər nümayəndələri kimi, QH Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri də Şuşada olarkən bir daha işğalçı ermənilərin vandallıqlarını, eləcə də Azərbaycanın işğaldan azad etdiyi tarixi torpaqlarında qısa müddət ərzində gördüyü böyük işlərin fonunda dövlətimizin gücünü və əzmini gördülər.

İyulun 14-də isə Vaqif Poeziya Günlərində şeir, sənətsevərlər bir daha Şuşada toplaşdılar, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayıldı, muğam səsləndi.

Qarabağımızın baş tacı Şuşada yazılan növbəti tarixi günlərdən biriiyulun  22-də - Milli Mətbuat Günündə yaşandı. Mədəniyyət paytaxtımızda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Tədbirdə ölkə jurnalistləri, işğal altındakı torpaqlarımızın azad olunmasında iştirak edən bir qrup qazi, 20-dək ölkədən xarici media nümayəndələri və ekspertlər iştirak edirdilər.

Tarixi şəhərimizdə keçirilən sonuncu tədbirlərdən biri isə Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası oldu. 29 iyulda 60-dan artıq QH üzv ölkəsini təmsil edən nümayəndə heyəti Şuşa şəhərinə yollandı və QH Gənclər Sammitinin bir neçə gün ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vuruldu. Belə ki, sammit iştirakçılarının 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədlər Şuşada qəbul edildi.

 

 Türk dünyasının qürur mənbəyi

 

Qarşıdakı zamanda da qədim yurdumuzda yerli və beynəlxalq əhəmiyyətli xeyli tədbirlərin keçirilməsi gözlənilir.

Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur ünvanıdır. Buna görədir ki, Zəfər simvolumuz Şuşa 2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olmaq kimi müstəsna missiyanı da qürurla yerinə yetirəcək.

Şuşada həyata keçirilən və yuxarıda da bəzi nümunələrini verdiyimiz bütün bu tədbirlər Qarabağımızın baş tacının adına, şöhrətinə yaraşaraq hərtərəfli inkişaf etdiyinin, ənənəvi tarixi günlərinə qovuşduğunun bariz göstəricisidir.

Bəli, bu gün mədəniyyət paytaxtımız bütün dünyada möhtəşəm festivalların keçirildiyi, əlamətdar beynəlxalq tədbirlərin baş tutduğu, tarixi bəyannamələrin imzalandığı şəhər kimi tanınır.

 

 Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 31 iyul.- S. 1; 2.