Gəncədə "ASAN xidmət" könüllüləri "Dəmir yumruq" tamaşası nümayiş etdiriblər

 

Gəncə Dövlət Dram Teatrında 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi könüllülərinin təşəbbüsü ilə "Şuşa ili"nə həsr olunmuş "Dəmir yumruq" tamaşası nümayiş olunub.

Yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyi Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi "Dəmir yumruq" tamaşasının premyerasından əvvəl 44 günlük Vətən müharibəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"Dəmir yumruq" tamaşası adından da göründüyü kimi, 44 günlük Vətən müharibəsinə həsr olunub. Gənclərin maarifləndirilməsi baxımından önəm daşıyan tamaşada igidlərimizin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilir.

Tamaşadan sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazi və digərləri tamaşanın əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu cür əsərlərin tamaşaya qoyulması gənclərin maarifləndirilməsi baxımından olduqca önəmlidir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.8.