Milyonlarla insan ölüm təhlükəsi
qarşısındadır
Dünyada hər dəqiqə bir nəfərin həyatına son qoyan QİÇS-ə
qarşı mübarizə səngiyib
Dünyada QİÇS pandemiyası səhiyyənin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu - QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.
Lakin son dövrlərdə dünyada QİÇS-in qarşısının alınması və müalicəsində irəliləyiş yavaşlayır və milyonlarla insan ölüm riski ilə üz-üzə qalır. BMT-nin İİV/QİÇS üzrə birgə proqramı UNAIDS "Risk altında" adlı yeni hesabatında QİÇS-ə səbəb olan bərabərsizlikləri aradan qaldırmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanır. Hesabat Kanadanın Monreal şəhərində keçirilən Beynəlxalq Konfransdan əvvəl dərc edilib.
Ümumilikdə 2020-ci ildən 2021-ci ilə qədər qlobal miqyasda yeni İİV infeksiyalarının sayı cəmi 3,6 faiz azalıb ki, bu da 2016-cı ildən bəri ən kiçik illik azalmadır. Şərqi Avropa və Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, habelə Latın Amerikasında bir neçə ildir ki, İİV-ə yoluxmaların hər il artması müşahidə olunur.
Müsbət tərəfi odur ki, Qərbi və Mərkəzi Afrikada və Karib hövzəsi ölkələrində İİV-ə yeni yoluxma hallarının sayı nəzərəçarpacaq dərəcədə azalıb. Lakin hətta bu regionlarda belə artan resurs çatışmazlığı İİV-ə qarşı cavab tədbirlərinin effektivliyini pozmaq təhlükəsi yaradır.
"Bu məlumatlar QİÇS-ə qarşı qlobal reaksiya üçün ciddi təhlükədir. Tezliklə irəliləyiş əldə etməsək, COVID-19, kütləvi yerdəyişmə və digər böhranlar səbəbindən pandemiya artdıqca mövqelərimizi itirəcəyik. Gəlin, qarşısı alına bilinən milyonlarla ölümləri xatırlayaq", - deyə UNAIDS-in icraçı direktoru Vinni Byanima bildirib.
Qlobal sarsıntılar, o cümlədən COVID-19 pandemiyası və Ukraynadakı münaqişə, İİV-lə mübarizə ilə bağlı sistem üçün riskləri əhəmiyyətli dərəcədə artırib. Aşağı və orta gəlirli ölkələrdə İİV-ə qarşı mübarizə proqramları üçün daxili maliyyələşdirmə iki il ardıcıl olaraq azalır. Ukraynadakı vəziyyət ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub və bu, İİV-ə yoluxmuş insanlar üçün bütün dünyada ərzaq qıtlığını yaradıb. Bu, həm də xəstələrin müalicəsinin davam etdirilə bilməməsi ehtimalını xeyli artırır.
UNAIDS-in hesabatı göstərir ki, İİV-lə yaşayan bütün insanların həyati əhəmiyyətli antiretrovirus terapiyaya əlçatanlığını təmin etmək səyləri son vaxtlar uğursuzluqla nəticələnib. 2021-ci ildə İİV-dən müalicə alan insanların sayı son on ildəkindən daha ləng artıb. İİV-lə yaşayan bütün insanların dörddə üçünün antiretrovirus terapiya almaq imkanı var, lakin təxminən 10 milyon insan hələ də bundan məhrumddur.
Uşaqlar və böyüklər arasında İİV-in müalicəsi əhatəsində də uçurum daralmır, əksinə, genişlənir. Belə ki, İİV-lə yaşayan uşaqların yalnız 52 faizi antiretrovirus terapiyası alır.
2021-ci ildə QİÇS pandemiyası hər dəqiqə orta hesabla bir insanın həyatına son qoyub, bu səbəbdən ölənlərin ümumi sayı isə 650 min nəfər olub. Vinni Byanima hesab edir ki, bu rəqəmlər siyasi iradənin təzahürüdür: "Qızlarımızın müdafiəsi, onların hüquq və imkanlarının genişləndirilməsi bizi qayğılandırırmı? Uşaqlar arasında QİÇS-lə bağlı ölümləri dayandırmaq istəyirikmi? Biz həyatları xilas etməyi kriminallaşmadan daha üstün tuturuqmu? Əgər belədirsə, onda biz QİÇS-ə qarşı mübarizə tədbirlərini lazımi məcraya qaytarmalıyıq".
Rizvan
CƏFƏROV
Azərbaycan.- 2022.- 31 iyul.- S.8.