Dünya sağlamlıq problemi ilə üz-üzədir

 

ÜST artan yoluxmalara görə bir daha ölkələri virusa qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıb

 

Bir neçə ay öncəyə qədər pandemiyaya səbəb olan koronavirus bəşəriyyəti təhdid altına alan yeganə bəla idisə, meymunçiçəyindən sonra dünya iki yoluxucu xəstəliklə mübarizə aparmaq məcburiyyətində qalıb.

 

 Omikronun yeni altvariantlarının ötürücülük qabiliyyəti yüksəkdir

 

Son iki ilin ardından koronavirusun qismən azalması, vaksinlərin immunitet yaratması xəstəliyin ölüm riskini qismən səngitsə də, hazırda yoluxmaların sayı bəzi ölkələrdə artmağa başlayıb. Ən kəskin vəziyyət isə Yaponiyada müşahidə edilir. Yoluxanların sayının kəskin artması ilə ÜST həyəcan təbilini yenidən çalıb. Hazırda qeydə alınan Omikron ştamının BA4 və BA5 variantlarıdır. Bu altnövlər sürətli yoluxuculuğu ilə infeksiya dalğasını da artırır.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumatlara əsasən, hazırda qlobal miqyasda koronavirus yoluxmalarının təxminən yarısı BA5 variantıdır. Çinin Uhan şəhərində isə yenidən karantin elan edilib. 3 gün müddətində mübarizə tədbirləri olduqca gücləndirilib. Ümumilikdə bu virusun yayılmağa başladığı şəhər olan Uhan pandemiyanın başladığı dövrdən ən çox qapanmaların tətbiq edildiyi şəhər olub.

 

 Mübarizə tədbirləri gözardı edilməməlidir

 

ÜST artan yoluxmalar nəticəsində bir daha dünya ölkələrini daim virusa qarşı mübarizə tədbirlərinə diqqət etməyə çağırıb. Qeyd edilir ki, başlıca olaraq insanlar peyvənd olunmalıdırlar, yoluxmaların artacağı təqdirdə isə maskalardan istifadə etməlidirlər. Açıqlamalarda o da bildirilib ki, virusa yoluxmuşölüm ehtimalı qeydə alınan xəstələrin böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir. Hazırda dünya əhalisinin 66,8 faizi ən az bir doza COVID-19 peyvəndi vurdurub.

Azərbaycanda da birrəqəmli göstəricilər son həftələrdə artaraq 3 rəqəmliyə çatıb. Dünyadaqonşu ölkələrdə artan say ölkəmizə də öz təsirini göstərib. Odur ki, baş verə biləcək vəziyyətə qarşı lazımi tədbirlər görülüb, modul tipli xəstəxanalar hər an xəstələri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

Hazırda Omikron ştamı və onun altvariantlarının ölümcül riski digərlərinə nisbətən az olsa da, yoluxmadan müdafiə üçün sadə qaydalara əməl etmək lazımdır. Əhali arasında artıq COVID-19-la bağlı adi respirator virus infeksiyalarından biri kimi fikirlər formalaşsa da, sayların artacağı təqdirdə hər kəs məsuliyyətli davranmalıdır. Çünki laqeydliklə bu virusa təkcə özümüzü yox, bütün yaxınlarımızı və çevrəmizi də yoluxdura bilirik.

 

 Meymunçiçəyi virusu 78 ölkədə qeydə alınıb

 

Omikronla yaşadığımız dövrdə daha bir bəşəri xarakter alan meymunçiçəyi virusu da artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilir ki, indiyədək 78 ölkədə 18 mindən çox meymunçiçəyi virusuna yoluxma halı və 5 ölüm faktı qeydə alınıb.

ABŞ isə meymunçiçəyinə yoluxan ölkələr arasında birinci yerdədir. Bu məqsədlə ölkədə peyvəndlənmə vacib hal kimi qiymətləndirilib. Təmasdan sonra vaksin vurdurmaq profilaktik tədbir kimi virusa yoluxma riskini azaldır. Səhiyyə təşkilatları tərəfindən vurğulanır ki, peyvənd nə qədər tez vurularsa, yoluxuculuq da bir o qədər azalar.

 

 Dünya ölkələri peyvənd tədarükü görür

 

Yoluxma riskinin çox olduğu ölkələr peyvənd tədarükü görərək ehtimal edilən vəziyyətə dair riskləri azaltmağa çalışırlar. Hazırda yalnız yoluxmuşya virusa yoluxan şəxslə təmasda olanlara vaksin tətbiq edilir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus çıxışında söyləyib ki, meymunçiçəyinə qarşı tətbiq edilən vaksinlərin effektivliyi ilə bağlı kifayət qədər məlumat olmadığından kütləvi peyvəndləmə tövsiyə edilmir. Eyni zamanda baş direktor bütün ölkələri peyvəndlərin təsiri ilə bağlı məlumatları toplayaraq paylaşmağa çağırıb.

Ölkəmizdə meymunçiçəyinə yoluxma faktı aşkarlanmasa da, bununla bağlı risk hər zaman mövcuddur. Azərbaycanda xəstəliklə mübarizə aparmaq üçün kifayət qədər müvafiq tədbirlər görülüb. Amma meymunçiçəyinin geniş yayılması virusun mutasiya edərək yoluxuculuq qabiliyyətinin artmasının göstəricisidir. Odur ki, vətəndaşlar meymunçiçəyi virusunun simptomlarını müşahidə etdikləri zaman təcrid olunmalı və həkimə müraciət etməlidirlər. Daimi olaraq bütün viruslardan qorunmaq üçün gigiyenik qaydalar mübarizədə ilkin effektiv üsuldur, onlara əməl etmək lazımdır.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.8.