“Bakı Enerji Həftəsi” çərçivəsində
İtaliya və Qazaxıstanla enerji əməkdaşlığının
inkişafı müzakirə edilib
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovun İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə görüşləri olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Vannia Qava ilə görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib. İtaliyanın enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyətindən bəhs olunub.
Energetika naziri Pərviz Şahbazov Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında TAP vasitəsilə təbii qaz tədarükünün mühüm rol oynadığını bildirib. Nazir ilin sonuna İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliya deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini qeyd edib.
Görüş zamanı bərpa olunan enerji sahəsində İtaliya şirkətləri ilə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstəklə bağlı da fikir mübadiləsi aparılıb.
Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə
görüşdə isə ölkələrimiz arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq
məsələləri və enerji
bazarlarında vəziyyət ətrafında fikir
mübadiləsi aparılıb. Qazaxıstan enerji
resurslarının dünya bazarına nəqli
ilə bağlı imkanlar dəyərləndirilib.
Söhbət zamanı Qazaxıstanın neft və neft məhsullarının
Azərbaycan üzərindən tranziti ilə
yanaşı mayeləşdirilmiş təbii qazının Xəzər
dənizi vasitəsilə Azərbaycana
çatdırılması üzrə İşçi
qrupları səviyyəsində görülən tədbirlər
də müzakirə edilib.
Azərbaycan.- 2022.- 2 iyun.- S.5.