Vətən müharibəsinin daha 53 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 193 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onların 53 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclərlə görüşdə çıxış edən nazir Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini vurğulayıb. Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

 

Azərbaycan.- 2022.- 2 iyun.- S.6.