ABŞ Konqresi üzvlərinin
köməkçiləri Quba
Soyqırımı Memorial Kompleksini
ziyarət ediblər
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin nümayəndələri və ABŞ Konqresi üzvlərinin köməkçiləri Quba rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə keçirilən görüşdə qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Sonra nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə olub, burada yəhudi icmasının üzvləri ilə görüşüblər.
Qonaqların diqqətinə
çatdırılıb ki, buradakı yəhudilər
uzun illərdir azərbaycanlılarla
birlikdə, sülh və əmin-amanlıq
şəraitində yaşayırlar. Dağ
yəhudilərinin Quba ərazisində
yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba
xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün
ətraf ərazilərdə yaşayan yəhudilər
buraya köçməyə başlayıblar.
Həmin vaxt salınan yəhudi məhəllələrində
10-dan artıq sinaqoq inşa
olunub. Qırmızı qəsəbədə
yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət
göstərir.
Azərbaycan.- 2022.- 3 iyun.- S.11.