"Ermənistan iqtisadiyyatı təcili yardıma
ehtiyacı olan xəstəyə bənzəyir"
İrəvan ekspertləri reallığı gizlətmirlər
Ermənistanda davam edən etirazlar fonunda iqtisadiyyatda və sosial həyatda yaranan ağır vəziyyət daha da dərinləşir. Erməni ekspertlər etiraf edirlər ki, bu gedişlə ölkə daha böyük fəlakətlərlə üzləşməli olacaq. Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak, xüsusən də ərzaq məhsullarının qiymətində artım mövcud durumu daha da pisləşdirir.
Bildirilir ki, ölkə iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməlidir. Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V. Aramyan 2022-ci il üçün qalan ayları üzrə proqnozlarını təhlil edərkən bildirib ki, Ermənistan həm sosial-iqtisadi, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: "2020-ci böhran ilindən sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ ölkələri, həm də region ölkələri arasında ən dərindir. 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağıdır. Ən azı 7 faizə yaxınlaşa biləcəyimizlə bağlı proqnozlar "fantaziya janrı"ndandır".
V. Aramyan onu da deyir ki, Ermənistan müxalifəti xalqın rəğbətini qazanmaq üçün populist addımlar ataraq ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Radikal-revanşistlər nazirlikləri, idarə-müəssisələri gəzərək onların rəhbərlərindən "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" ifadəsini almağa, əks halda, onları ifşa etməyə çalışırlar. Amma maraqlıdır ki, öz istəklərinə çox vaxt nail olmurlar. Məsələn, xarici işlər naziri Mnatsakan Safaryan (sərhədlərin delimitasiyası üzrə Ermənistan tərəfdən yaradılan komissiyanın üzvüdür) onu XİN binasında yaxalamış radikalların təkidlərinə baxmayaraq, həmin ifadəni təkrarlamayıb. Srağagün isə parlamentin spikeri Alen Simonyan "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" söyləməkdən imtina edib.
Aramyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini təcili yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib. Qeyd edib ki, sağalmaq üçün hələ də ümid var. Amma bunun üçün hakimiyyət də populist addımlardan, artıq xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə bunu özündən başlamalıdır: "Hökumət özünü necə doğrultsa da, iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili səsləndirəcəyəm. Unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq".
O, hökumətin təqdim etdiyi investisiyaların həcmini "fantaziya janrı" hesab edərək 2021-ci ildə birbaşa xarici investisiyaların 42 milyard dram təşkil etdiyini xatırladıb. Üstəlik, onların əksəriyyətinin dağ-mədən sənayesinə yönəldildiyini bildirib. Vurğulanır ki, dağ-mədən sektorunda çoxlu sayda qeyri-rezident investorlar il ərzində dividend şəklində mənfəət əldə edərək onları ölkədən çıxarırlar. Statistika bunu birbaşa investisiya axını və eyni zamanda gəlirin xaricə axını kimi qeyd edir. İqtisadiyyata yönləndirilən ümumi investisiyalara gəlincə, 2021-ci ilin 9 ayının məlumatına görə, özəl investisiyaların artımı da praktiki olaraq sıfır, daha dəqiq desək, 0,3 faiz təşkil edir.
Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb. İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq səviyyəsi artır və bu tendensiya davam edir: "2022-ci ilin qalan dövründə qiymətlərin kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam edəcək".
Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir. Bu gedişlə 2022-ci ildə Ermənistanın daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 3 iyun.- S.11.