İlham Əliyevin qlobal nüfuzu Azərbaycana beynəlxalq etimadı yüksəldir

 

İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti.  44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı.

Azərbaycana olan yüksək ehtiramı isə bir çox siyasi və iqtisadi  müstəvilərdən müşahidə etmək mümkündür. Bu günlərdə 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına dövlət və hökumət başçıları, parlament sədrləri, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən gələn hər bir təbrik məktubunun məzmunu bunun bariz təsdiqidir. Bu məktubların hər biri həm də Azərbaycan Prezidentinin qlobal səviyyədəki yüksək nüfuzunun təcəssümüdür. Azərbaycan Prezidentinin ünvanına göndərilən təbriklərin böyük əksəriyyətinin müəllifləri dövlət və hökumət rəhbərləridir.

 

Cozef BAYDEN: "Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir"

 

Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin ünvanına ilk təbrik məktubunu göndərən dövlət başçısı ABŞ Prezidenti Cozef Baydendir. Öncə onu qeyd edək ki, Azərbaycan-ABŞ münasibətləri bu gün müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi və digər sahələrdə iki dövlət arasında əməkdaşlıq formatları mövcuddur. Demokratları və respublikaçıları təmsil etməsindən asılı olmayaraq, ABŞ-a rəhbərlik etmiş bütün prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə daim ehtiramla yanaşıblar.

Eyni mövqeni Bayden Administrasiyası da nümayiş etdirir. Müstəqillik günü ilə bağlı təbrik Cozef Baydenin 2022-ci il ərzində İlham Əliyevə göndərdiyi ikinci məktubdur. Məktubda respublikamızın beynəlxalq məsələlərlə bağlı mövqeyi, qlobal təhlükəsizliyə dair fəaliyyəti təqdir olunur. Məktubun əsas məqamlarından biri ABŞ Prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahədə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir. ABŞ-ın sabiq prezidentləri də Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri hər zaman yüksək qiymətləndiriblər.  Bu məktub isə ondan xəbər verir ki, Ağ evin indiki rəhbərliyi də Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsindəki  roluna mühüm əhəmiyyət verir.

ABŞ Prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və bu ölkəyə göndərdiyi humanitar yardımları yüksək qiymətləndirməsi, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir etməsi Azərbaycanın qlobal məsələlərdəki qətiyyətli mövqeyinə olan ehtiramın təzahürüdür. Bütövlükdə ABŞ Prezidentinin məktubu ondan xəbər verir ki, Ağ ev hazırkı gərgin beynəlxalq münasibətlər sistemində də Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunu təqdir edir.

Eyni zamanda bu məktub onu göstərir ki, ABŞ İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın regionda yaratdığı reallıqları bölüşür. Cozef Baydenin "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" deyə yazması göstərir ki, Vaşinqton İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir və dəstəkləyir.

Məktubda xüsusi qeyd olunan məsələlərdən biri də ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin ifadə olunmasıdır. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmin  Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyinə dəstəyinin təcəssümüdür.  Eyni zamanda məktubda o da bəyan olunur ki, ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusundadır.

 

Vladimir PUTİN: "Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib"

 

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Xüsusən  son illərdə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Prezidentlərin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb.  Hazırda Azərbaycan-Rusiya münasibətləri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar və hərbi sahələrə qədər geniş spektri əhatə edir.

Bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" isə iki dövlət arasındakı əlaqələrə yeni siyasi məzmun qatdı.  Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin üzərinə mühüm öhdəliklər qoyur. Sənədin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək öhdəliyi götürürlər.

Bu bəyannamə Rusiyanın Azərbaycanla əlaqələrə verdiyi yüksək önəmin təzahürüdür. Vladimir Putinin Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubunda bütün bu məsələlər bir daha öz əksini tapır. Eyni zamanda bu məktub göstərir ki, Azərbaycanın uğurları, qlobal məsələlərə verdiyi töhfələr Rusiyada da yüksək qiymətləndirilir. Məktubda deyilir: "Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir".

 

Rəcəb Tayyib ƏRDOĞAN: "Əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm"

 

Məzmununa və miqyasına görə beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə əlaqələrinin analoqunu tapmaq mümkün deyil. Tarixin sınaqlarından çıxan, dərinləşən bu münasibətlərin hansı səviyyədə olması Vətən müharibəsində özünü daha yaxından göstərdi. Savaş günlərində Türkiyə ictimaiyyəti də qələbəyə köklənmişdi. Müharibə zamanı Türkiyənin siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Ermənistanın təəssübünü çəkən siyasi dairələr gördülər ki, Azərbaycan tək deyil.

Vətən müharibəsi qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin "Bir millət iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları bir daha öz təsdiqini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu da elə bu ovqatda idi.  "Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur. "Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram", - deyə Türkiyə Prezidenti yazır.

 

Si CİNPİN: "Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir"

 

Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına əlverişli zəmin yaradıb. Təsadüfi deyil ki, əhalisinə görə dünyanın ən böyük dövləti olan, eyni zamanda olduqca güclü iqtisadiyyata malik, beynəlxalq siyasi proseslərdə öz mövqeyi ilə fərqlənən Çinlə Azərbaycanın əlaqələri dostluq   qarşılıqlı etimad üzərində qurulub.

Azərbaycan "Vahid Çin" siyasətinə hörmətlə yanaşır. Çin isə öz həllini tapmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. İki dövlət arasında imzalanan birgə bəyannamədə də göstərilir ki,  Azərbaycan "Vahid Çin"  dövlətini tanıyır və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir.

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır. Eyni zamanda respublikamız Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyir. Xatırladaq ki, bir neçə il əvvəl Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı.

Müstəqillik günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adından Prezident İlham Əliyevə və dost Azərbaycan xalqına səmimi təbriklərini və ən xoş arzularını çatdıran Çin Xalq Respublikasının Sədri Si Cinpin məktubunda iki ölkə arasındakı münasibətlərlə bağlı yazıb: "Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm".

Si Cinpin ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə birgə səylər göstərməyə hazır olduğunu da bəyan edib.

 

Sercio MATTARELLA: "Xalqlarımızı birləşdirən səmimi dostluğun gələcək illərdə daha da dərinləşməsi üçün yeni imkanlar yaranacaq"

 

Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər xüsusi yer tutur. Təsadüfi deyil ki, iki dövlət arasındakı münasibətlər strateji xarakter daşıyır. Azərbaycan iqtisadiyyatına sərmayə yatıran xarici şirkətlər arasında xeyli sayda  İtaliya şirkəti var. İtaliya həm də Azərbaycan neftinin ən böyük alıcısı, respublikamızın əsas iqtisadi tərəfdaşlarından biridir.

Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrlə yanaşı təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir.

Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu.

İki ölkə arasındakı yüksək siyasi və iqtisadi münasibətlər İtaliya Prezidenti Sercio Mattarellanın məktubunun məzmununda da öz əksini tapıb.  Prezident İlham Əliyevə və dost Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıran İtaliya Prezidenti yazır ki, xalqlarımızı birləşdirən səmimi dostluğun gələcək illərdə daha da dərinləşməsi üçün yeni imkanlar yaranacaqdır: "Bir neçə gün əvvəl Bakı ilə Roma arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə göndərdiyiniz təbrik məktubuna görə zati-alinizə təşəkkürümü bildirir, bu münasibətlə mən də Sizə ən səmimi təbriklərimi yetirirəm. Çoxsaylı görüşlərimiz, xüsusilə də qarşılıqlı dövlət səfərlərimiz zamanı qeyd etdiyimiz kimi, birgə maraq kəsb edən bütün sahələrdə ikitərəfli münasibətlərimizdə əldə olunan bu yüksək səviyyəni vurğulamaqdan xüsusi məmnunluq duyuram. İkitərəfli tərəfdaşlığımız iqtisadi əməkdaşlığın inkişafından başlamış, siyasi, mədəni və sosial sahələri də əhatə etmişdir. Bu müsbət təcrübədən çıxış edərək əminliklə deyə bilərəm ki, xalqlarımızı birləşdirən səmimi dostluğun gələcək illərdə daha da dərinləşməsi üçün yeni imkanlar yaranacaqdır".

İtaliyanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin imzalanmasına yönəlmiş danışıqlara bundan sonra da tam dəstəyini verəcəyini yazan Sercio Mattarella sentyabr ayında Prezident İlham Əliyevlə yenidən Romada görüşməkdən məmnun olacağını bildirib.

 

İsxak HERSOQ: "Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur"

 

Azərbaycanın yaxın dostluq münasibətlərində olduğu dövlətlərdən biri də İsraildir. İsrail dünyanın böyük dövlətləri sırasına daxil olmasa da, beynəlxalq münasibətlər sistemində özünün xüsusi yeri, çəkisi, nüfuzu və dəst-xəti var. İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verilməsi ölkəmizin milli maraqlarının təmini baxımından müstəsna  əhəmiyyətə malikdir.

Yəhudilər Azərbaycanda əsrlər boyu əmin-amanlıq şəraitində yaşayıb, digər azsaylı millətlər kimi, heç bir ayrı-seçkiliyə və diskriminasiyaya məruz qalmayıblar. İsrail dövəti isə artıq keçmişdə qalmış Dağlıq Qarabağ problemi ilə bağlı hər zaman ədalətli mövqe nümayiş etdirib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük İkinci Qarabağ müharibəsində İsrailin rəsmi dairələri ədalətli və obyektiv mövqe tutdular. Təbii ki, bu kimi məsələlər iki dövlət arasındakı münasibətlərin inkişafına təsirini göstərib.

İsrail Prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevə məktubunda bu barədə deyilir: "Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərə malikdir. Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir".

 

Arif ALVİ: "Əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir"

 

Azərbaycan Prezidentinə təbrik məktubları Pakistandan da gəlib.  Bu ölkənin həm Prezidenti Arif Alvi, həm də Baş naziri Şahbaz Şərif 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik ediblər.

Azərbaycanın yaxın dostluq münasibətlərində olduğu dövlətlərdən biri olan Pakistanla əməkdaşlıq 30 ildə sürətlə inkişaf edib. İki dövlət hər zaman beynəlxalq səviyyələrdə bir-birinin maraqlarını qətiyyətlə müdafiə ediblər ki, bu da münasibətlərin daha da möhkəmlənməsinə yol açıb. "Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir", - deyə Pakistan Prezidenti məktubunda bildirib.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı dost Pakistanın siyasi dəstəyini gördü. Azərbaycanın qələbəsi, torpaqlarını işğaldan azad etməsi Pakistanda da sevinclə qarşılandı. Dost ölkə Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Pakistanın Baş naziri Şahbaz Şərifin təbrik məktubunda bu barədə deyilir: "Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır".

Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərən dövlət rəhbərlərinin sırası genişdir. Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın İmperatoru Naruhito, İspaniyanın Kralı VI Felipe, Hindistan Prezidenti Ram Nat Kovind, Fransa Prezidenti Emmanuel Makron, İran Prezidenti Seyid İbrahim Rəisi, Kanadanın General-Qubernatoru Meri Saymon və digər dövlət rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları təbriklər Azərbaycana olan yüksək ehtiramın nümunələridir. Bu məktublar həm də onu göstərir ki, İlham Əliyevin qlobal nüfuzu Azərbaycana beynəlxalq etimadı yüksəldir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 5 iyun.- S.1; 3.