Suşalı pensiyaçılar doğma şəhərdə səfərdə olublar

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Şuşa İli” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar şəhərdəki Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Onlar səfər müddətində dünyaya ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə - 30 ildən bəri xatirələrində sevə-sevə yaşatdıqları, doğma məkan və ünvanları gəziblər.

Axan sevinc göz yaşları, Vətən, Qarabağ, Şuşa sevgisi ilə dolub daşan, saf Şuşa havasından fərəhlə dolub-daşan, riqqətə gələn ürəkləri ilə doğma yurdun hər qarışını dönə-dönə seyr ediblər.

Səfər Cıdır düzündə təşkil olunan toplantı ilə başa çatıb.

 

Azərbaycan.- 2022.- 5 iyun.- S.4.