Azərbaycan ilə Portuqaliya arasında qarşılıqlı münasibətlər müzakirə olunub

 

İyunun 6-da səfir Polad Bülbüloğlu Portuqaliya Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş səfiri xanım Madalena Fişer ilə onun xahişinə əsasən görüşüb.

AZƏRTAC xəbər verir ki, Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edibona uğurlar arzulayıb. Bundan əlavə, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan-Portuqaliya münasibətləri haqqında söhbət açan Polad Bülbüloğlu ikitərəfli əlaqələrin, xüsusilə turizm, mədəniyyət və təhsil sahələrində inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, bunun üçün əməli addımların atılmasının, o cümlədən qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, Azərbaycan Milli Məclisində olduğu kimi Portuqaliya parlamentində də ölkəmizlə dostluq qrupunun təsis edilməsinin zəruriliyini önə çəkib. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini bildirib.

Madalena Fişer Polad Bülbüloğlu tərəfindən səsləndirilən təklifləri qəbul edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini vurğulayan xanım səfir, ölkələrimizin BMT çərçivəsində irəli sürdükləri namizədliklərə qarşılıqlı əsasda dəstəyin verilməsinin əhəmiyyət kəsb etdiyini deyib.

Azərbaycanlı diplomat həmkarına Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında məlumatlandıraraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışıb, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu Madalena Fişerin diqqətinə çatdırıb. Bundan əlavə, münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, eyni zamanda, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə Polad Bülbüloğlu Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycanın rəsmi mövqeyini həmsöhbətinin diqqətinə çatdırıb.

Sonda portuqaliyalı qonağa Azərbaycanın milli baş örtüyü olan kəlağayı, Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.

Xanım Fişer maraqlı və səmərəli görüşə görə səfir Polad Bülbüloğluya təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2022.- 7 iyun.- S.4.