Ortaq dəyərlər əlaqələrin inkişafı üçün mühüm zəmindir

 

İyunun 8-də Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ziyafət Əsgərov iyunun 8-də İranda qatar qəzasında həlak olanlara görə qonaqlara başsağlığı verib, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Komitə sədri Azərbaycan və İran arasında mehriban qonşuluq və yaxın əməkdaşlıq münasibətlərindən söz açaraq, xalqlarımızı ortaq dini və mədəni dəyərlərin birləşdirdiyini qeyd edib.

Müstəqillik illərində Azərbaycanın İranla münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu siyasətin davam etdirən Prezident İlham Əliyevin xidmətləri sayəsində ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə daxil olub. O, dövlət rəhbərlərinin siyasi iradələri ilə imzalanan sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb və birgə səylərlə həyata keçirilən regional layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

Z.Əsgərov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə İran rəhbərliyinə təşəkkürünü bildirib, işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntıların miqyası, onların İslam dəyərlərinə və məscidlərə qarşı barbar münasibəti barədə danışıb.

İran İslam Respublikası İslam Şura Məclisinin nümayəndə heyətinin rəhbəri Hüseyn Nüşabadi səmimi qəbul üçün təşəkkür edib. Hüseyn Nüşabadi Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə malik olmasını əlaqələrin inkişafı üçün gözəl bir zəmin kimi dəyərləndirib. O, İranın Azərbaycanla bütün sahələrdə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu vurğulayıb, əlaqələrin genişləndirilməsi potensialı, bu işdə parlamentlərin verə biləcəyi töhfələrlə bağlı fikirlərini açıqlayıb.

Görüşdə nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyəti vurğulanıb, regionda sülhüniqtisadi inkişafın möhkəmlənməsinin vacibliyinə toxunulub, Azərbaycan və İran arasında bir çox sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi müzakirə olunub.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Aydın Mirzəzadə, Arzu Nağıyev, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri Yaqub Rezazadə, Seyid Əhməd Avayi, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2022.-9 iyun.- S.4.