Gəldik, gördük,
sevdik!
"Formula-1" azarkeşləri
Bakıdan maraqlı təəssüratlarla ayrılacaqlar
Paytaxtımızda
"Formula-1" Qran-prisinin həyəcanı yaşanır. Bununla əlaqədar
şəhərimizə gələn
turistlərin sayı da nəzərəçarpacaq
dərəcədə artıb.
Hazırda Bakı Bulvarı, xüsusən də qədim İçərişəhər turistlərin daha çox olduğu ərazilərdir.
Ötən gün İçərişəhərdə
gəzişən turistlərlə
söhbətləşdik. Tarixi yerləri
gəzən turistlər
yol kənarlarındakı
köşklərdə sərgilənən
suvenirlər, milli mətbəximizə aid nümunələr,
eləcə də əllə toxunan xalça və geyimlərlə maraqlanırdılar.
Hər biri kiçik də olsa, nəsə
almağa çalışırdı.
Ən çox üzərində
Azərbaycana, Bakıya
aid elementlərin olduğu
taxta, şüşə
və ya gipsdən hazırlanan suvenirlər alınırdı.
Milli Azərbaycan papaqlarını
başlarına qoyub şəkil çəkdirənlərə
də rast gəlirdik. Əhvalları öncəki günlərdən
daha fərqli, daha coşqulu idi. Səbəbi isə yarışların
artıq başlaması
idi.
"Bakı həqiqətən
Avropanın ən yaxşı şəhərlərindən
biridir"
Sofia Papadakis, Yunanıstan:
- Hamı elə düşünür ki,
"Formula-1" yarışları sadəcə kişilər
üçün maraqlıdır.
Bu qətiyyən belə deyil. Mən və rəfiqələrim
pandemiyadan öncə
çempionatın keçirildiyi
ən azı üç ölkəyə
səfər etmişik.
İl boyu bu yarışları
səbirsizliklə gözləyirik.
Bu dəfə isə belə qərara gəldik ki, daha öncə
adını eşitdiyimiz,
lakin heç vaxt gəlmədiyimiz Bakının qonağı
olaq. Artıq 3-cü gündür ki, şəhərinizdəyik.
Bir saniyə belə olsa, seçimimizdən təəssüflənməmişik. Bakı həqiqətən Avropanın
ən yaxşı şəhərlərindən biridir.
Sevincimizin digər bir
səbəbi isə yarışın ilk günündə
dəstəklədiyimiz komandanın
uğuru oldu. Digər günlər Bakının
qədim tikililərinə,
muzeylərinə baş
çəkməyi planlaşdırırıq.
"Bakıdan xoş təəssüratlarla ayrılacağıma
əminəm"
Robert
Tomas, ABŞ:
- Ən yaxın
dostum və tələbə yoldaşım
Həmzənin təkidiylə
Bakıya gəlmişəm. Uzun illər
dostluq etsək də, dəfələrlə
məni ölkəsinə
dəvət etsə də, tərəddüd edirdim. Axır ki, bu il bunu gerçəkləşdirdim.
Yaxşı ki, gəldim.
Hər şeydən çox məmnunan. Ölkənizin müsbət tərəflərini
saysam, bitməz.
İnsanları, təbiəti, iqlimi,
müasir dünyayla ayaqlaşmaq səviyyəsi
- bir sözlə, dostum bu dəfə
də məni yanıltmadı. Bura ilk səfərim
olduğu üçün
planlarım çoxdur.
Gəzməli, görməli yerlər
çoxdur. "Formula-1"
yarışlarına gəldikdə
isə, ümumilikdə
bütün komandalara
qarşı rəğbətim
olsa da, "Ferrari"yə xüsusi simpatiyam var. Bakıdan xoş təəssüratlarla
ayrılacağıma əminəm.
"Burada sanki sehrli
bir qüvvə var"
Andrey Kuznetsov, Qazaxıstan:
- Bakıya birinci dəfədir ki, gəlirəm. Ölkəniz haqqında ancaq
televiziya vasitəsilə
eşitmişdim. Deyilənləri gözlərimlə görməyi,
müasir və tarixi bir şəhəri
ziyarət etməyi istədim. Ovqatım yüksəkdir, çünki
hər şey gözlədiyimindən də
möhtəşəmdir. Bakı valehedici şəhər imiş. Burada sanki sehrli bir qüvvə var. Bütün daşlar, divarlar insana doğma görünür.
Bakını ziyarət
etdiyim üçün
özümü xoşbəxt
hiss edirəm.
"Bakı dəyişilib, inkişaf edib, müasirləşib"
Hans Mulder, Almaniya:
- Uzun illər idmanla məşğul olmuşam, məşqçi
işləmişəm. Səhhətim yol verdikcə çalışıram ki,
müxtəlif önəmli
çempionatlarda, yarışlarda
tamaşaçı kimi
iştirak edim. Azərbaycana
ikinci gəlişimdir.
İllər öncə,
cavanlığımda ölkənizə
iş üçün
səfər etmişdim.
Bu dəfə isə məqsədim istirahət etməkdir.
Təyyarədən enəndə elə
bildim ki, başqa ölkədəyəm,
hətta bir anlıq səhv təyyarəyə mindiyimi
düşündüm. Bakı çox dəyişib, inkişaf edib, müasirləşib. Gördüyüm
və hiss etdiyim dəyişiklikləri sözlə
ifadə etməkdə
çətinlik çəkirəm.
Bunu yarış ərazisində də aydın hiss etmək mümkündür. Treklər, küçələr,
təhlükəsizlik tədbirləri
- hər şey yüksək səviyyədədir.
"Mercedes" komandasının
pərəstişkarıyam. Yarışda pilotumuzun qalib
olacağına inanıram.
"Yorğun iş fəaliyyətindən sonra
tətilimi burada başladığım üçüm
çox xoşbəxtəm"
Kerim Tuncer, Türkiyə:
- Azərbaycanda özümü
qətiyyən qonaq kimi hiss etmirəm. Bura bizim ikinci Vətənimizdir,
həmçinin Türkiyə
də sizin üçün belədir.
Biz qardaşıq. Yorğun və uzun iş fəaliyyətindən
sonra tətilimi burada başladığım
üçün çox
xoşbəxtəm. Yarışların başlaması ilə əlaqədar əhvalım
daha da yüksəlib.
Dəstəklədiyim komanda
və pilot ilk sərbəst
yürüşün qalibi
olub. "Formula-1" bitdikdən sonra gəzəcəyim, görəcəyim
yerlərin siyahısını
tutmuşam. Yolum
Qəbələ, İsmayıllı
istiqamətində olacaq.
Oranın təbiəti, iqlimi,
istirahət mərkəzləri
haqqında çox tərif eşitmişəm.
Necə deyərlər, yüz eşitməkdənsə, bir
görmək yaxşıdır.
"Babam azərbaycanlıdır,
qan çəkir bizi..."
Olqa Smirnova, Belarusiya:
- Şəhərinizə ilk dəfə gəlsəm də, əslində, bura mənim üçün yad deyil. Babam azərbaycanlıdır. Bu dünyadan tez
köçdüyü üçün,
təəssüf ki, onu görməmişəm.
Əks halda, bura dəfələrlə
gəlmiş olardım.
Bakının mənə bu
qədər doğma təsir bağışlamasının
səbəbi də budur, necə deyərlər, qan çəkir. Əminəm ki, ilk gəlişim olsa da, son deyil.
Bu tarixi torpaqlarda
hələ çox gəzəcəyim, görəcəyim
yerlər var. Bu dəfə
yalnız 3 günlük
yarışlara baxmağa
gəlmişəm.
"Şəhərin eyni anda həm müasirliyi,
həm də qədimliyi insana ruh verir"
Alfredo
Ramirez, İspaniya:
- Hava limanına ayaq basan andan
yüksək təşkilatçılığın
və qonaqpərvərliyin
şahidiyəm. "Formula-1"lə
bağlı hazırlıqlar
çox böyük peşəkarlıqla yerinə
yetirilib. Bütün gözləntilərimiz
özünü doğruldub.
Bakı möhtəşəm şəhərdir.
Buradakı gözəlliklər insanı yüksək əhvali-ruhiyyəyə kökləyir.
Şəhərin eyni anda həm müasirliyi, həm də qədimliyi insana yüksək ruh verir. Küçələri, muzeyləri gəzdikcə,
indiyədək bu şəhərə gəlmədiyimə
görə çox təəssüflənirəm. Buraya ailəmlə gəlmişəm.
İnanıram ki, geriyə
yaxşı təəssüratlarla
qayıdacağıq.
"Qarşılaşdığım hər kəs mənə salam
verir, üzümə
gülümsəyir"
Radolf Egger, Avstraliya:
- Azərbaycan əsrarəngiz təbiəti,
gözəl yeməkləri, qonaqpərvər
insanlarının olması ilə məni özünə vurğun etdi. Bakı tarixi və müasir
arxitekturası olan valehedici
şəhərdir. Burada insanlar
çox mehribandırlar.
Qarşılaşdığım hər kəs mənə salam verir, üzümə
gülümsəyir. Bu da
çox xoş təsir
bağışlayır. "Formul-1"ə demək
olar ki, Serxio Peres üçün
tamaşa edirəm. Ona görə
"Red Bull" komandasını dəstəkləyirəm. Ümid edirəm ki, yarışdan qalib ayrılacağıq.
"Mətbəxinizi, ədviyyatlarınızı
bizimkilərə çox
bənzətdim"
Paul Olsen,
Meksika:
- Böyük bir dost qrupumuz var. Hər bir yarışı, sürəti, adrenalini çox sevirik. Elə bu hisslərimiz
bizi hər il bir neçə ölkəyə
aparır. Bu dəfə
isə qərara gəldik ki, gəzəcəyimiz ölkə
Azərbaycan olsun.
"Formula-1" üçün
hələ ki, Bakıdayıq. Yarış bitdikdən
sonra ucqar rayonlarınıza, dağ
kəndlərinizə getməyi
planlaşdırırıq. Gəlməmişdən öncə internetdə
araşdırmalar apardıq.
Qədim
məskənlərinizin, təbiətinizin
gözəlliyi elə
şəkillərdən bizi
valeh etdi, həyəcanlandırdı. Təbii ki, gəlmişkən milli yeməklərinizin də dadına baxmağa fürsət tapdıq. Mətbəxinizi, ədviyyatlarınızı bizimkilərə çox bənzətdim. Bəlkə də
bu bizi yaxınlaşdırır.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2022.- 12 iyun.- S.3.