Etibarlı ixracatçı, modern infrastruktur
Azərbaycanda elektrik
enerjisinin istehsalı və
ötürülməsi sahəsində görülən işlər ən
müasir standartlara uyğundur
Azərbaycanın müasir inkişaf strategiyasında elektrik enerjisi ilə dayanıqlı təminat, yeni generasiya mənbələrinin yaradılması hər zaman prioritet istiqamətlərdən birini təşkil edib. 2004-cü ildən həyata keçirilməsinə başlanan regionların inkişafına dair dövlət proqramlarında da qarşıya qoyulan ilk vəzifələrdən biri mövcud generasiya güclərinin artırılması və bu sahədə olan infrastrukturun yenidənqurulması olub. Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılmasını, bu sahədə respublikamızın mövqelərinin möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayır.
Artan güc inkişafın göstəricisidir
Ötən dövrün statistikasına nəzər salsaq respublikada generasiya güclərinin artırıması istiqamətində nə qədər möhtəşəm inkişafın olduğunu görərik. Regionların inkişafına dair birinci dövlət proqramının icra olunduğu 2006-cı ildə Astarada, Naxçıvanda, Şəkidə, Xaçmazda istifadəyə verilən və hər biri 87 meqavat olan elektrik stansiyaları artan iqtisadi ehtiyacların qarşılanmasına uğurla xidmət etdi. 2007-ci ildə 105 meqavat olan "Bakı" Elektrik Stansiyasının, 2008-ci ildə 300 meqavat olan "Səngəçal" Elektrik Stansiyasının, 2009-cı ildə 525 meqavat gücündə "Sumqayıt" Elektrik Stansiyasının və 105 meqavatlıq "Şahdağ" elektrik stansiyasının, 2013-cü ildə 780 meqavat gücündə "Cənub" Elektrik Stansiyasının, 2019-cu ildə 400 meqavat gücü olan "Şimal-2" stansiyasının istismara verilməsi respublikamızın generasiya gücünün artırılmasında böyük rol oynadı.
Bütün bunlarla yanaşı respublikamızın müxtəlif yerlərində kiçik su elektirk stansiyaları, habelə modul tipli stansiyalar da tikilib ki, onlar da artan tələblərə adekvat olaraq respublikamızın inkişafına mühüm töhfələr verir. Onu da xatırladaq ki, 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idi. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi islahatlarla bütün sahələrdə müşahidə olunan dinamik inkişafa və elektrik enerjisinə olan tələbatın kəskin artmasına adekvat olaraq ölkədə 30-dan artıq yeni elektrik stansiyası tikilib istismara verilib.
Bütövlükdə, artan generasiya gücü ötən 20 ilə yaxın müddətdə respublikamızda gedən inkişaf proseslərinə böyük təkan verib. Eyni zamanda Azərbaycan 4 ölkəyə elektrik enerjisi ixrac edir.
Rəqəmsal idarəetmənin tətbiq olunduğu enerji sistemi
Respublikamızda enerji infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər isə tamamilə müasir çağırışlar çərçivəsində həyata keçirilir. Bunu Prezident İlham Əliyevin iştirakı ilə iyunuın 10-da istifadəyə verilən "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin iş prinsipləri də təsdiq edir. Paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub.
Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzində tamamilə rəqəmsal idarəetmə tətbiq olunur. Qeyd edək ki, paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin edir. Digər tərəfdən, rəqəmsallaşma elektrik şəbəkələri üzrə müəyyənləşdirilmiş beynəlxalq tələblər çərçivəsində iqtisadi səmərəliliyin yaxşılaşdırılması istiqamətində mühüm təyinedici texnoloji vasitədir.
Dördüncü Sənaye İnqilabına uyğun intellektual konsepsiya
Xatırladaq ki, təkcə 2021-ci ildə 23 elektrik stansiyası və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə "Sumqayıt" Elektrik Stansiyasında yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb.
Ötən il istifadəyə verilmiş enerji obyektlərinin əksəriyyəti işğaldan azad edilmiş ərizələrdə inşa olunub. Məlumdur ki, hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı enerji ilə təminatıdır. Azad olunan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın doğma torpaqlarında layiqli həyat şəraitinin təmin edilməsi üçün zəruri olan şərtlərdən biri də enerji ilə etibarlı təchizatdır. Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, işğaldan azad olunmuş ərazilərin də enerji təminatı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda müasir enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir.
Artıq bu istiqamətdə böyük layihələr həyata keçirilib. Keçən il azad edilmiş ərazilərdə ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcərdə Lev çayı üzərində olmaqla 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. Bu il isə azad olunmuş ərazilərdə gücü 27 meqavata bərabər olacaq 5 yeni stansiya istifadəyə veriləcək.
Bundan başqa ötən il Qarabağ və Şərqi Zəngəzurda "Şuşa", "Füzuli", "Şükürbəyli", "Kəlbəcər", "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyalarının açılışı olub. Bu il isə Ağdam şəhərində yeni inşa olunmuş "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları, o cümlədən "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.
Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilib və müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb.
Bərpa
olunan enerji istehsalının artırılması
prioritetdir
Qlobal enerji siyasətində əsas istiqamətlərdən biri
enerji keçididir. Enerji keçidi
ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi
enerji resurslarının
bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini, yəni yaşıl enerjini özündə ehtiva edir. Bu gün
dünya ölkələrinin
qarşıya qoyduqları
iqlim hədəflərindən
biri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. Beynəlxalq təşkilatlara görə
bərpaolunan enerjidən
istifadənin genişləndirilməsi
enerji keçidinin vacib sütunlarındandır
və sürətlə
inkişaf etdirilməlidir.
Beynəlxalq Bərpaolunan Enerji
Agentliyinin hesabatına
əsasən son illərdə
istismara verilmiş yeni elektrik enerjisinin
80 faizdən çoxunu
bərpaolunan enerji təşkil edir ki, bunun da
böyük əksəriyyəti
günəş və
külək enerjisinin
payına düşür.
Dünyada ekoloji də
cəhətdən təmiz
"yaşıl enerji"yə
keçid sürətləndirən
bir çox faktor var ki,
bunlardan biri texnologiyanın inkişaf etməsi və qiymətinin ucuzlaşmasıdır.
Bunun nəticəsində günəş
və külək enerjisinin maya dəyəri də ucuzlaşıb. Qiymətin aşağı
düşməsinə kömək
edən digər bir faktor isə
dünyada bərpa olunan enerji hərraclarının
geniş vüsət almasıdır ki, bu mexanizm "yaşıl enerji"dən
istifadənin özəl
investisiyalar hesabına
inkişafına gətirib
çıxarır. Ümumilikdə enerji keçidinə qlobal sərmayə 2011-ci ildə illik 300 mlrd. ABŞ dollarından
az olduğu
halda, 2020-ci ildə təxminən 500 mlrd. ABŞ dollarına yüksəlib.
Respublikamızın enerji siyasətində
"yaşıl enerji"yə
keçid əsas yerlərdən birini tutur. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər"də
öz əksini tapmışdır. "Strateji dövrdə qabaqcıl ölkələrdə
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə xüsusilə
daha çox artacaqdır. Bunu nəzərə
alaraq, ölkədə
enerjidən səmərəli
istifadə edilməli
və yeni dayanıqlı enerji mənbələrinə üstünlük
verilməlidir. İndiki və
gələcək nəsillərin
tələbatını dolğun
ödəmək məqsədilə
ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların
tətbiqi genişləndirilməlidir.
Elmi-texniki potensiala əsaslanmaqla
iqtisadiyyatın bütün
sahələrində alternativ
və bərpa olunan enerji mənbələrinin
ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə
təsir azaldılmalıdır"
- deyə sənəddə
qeyd olunur.
Bu ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək
Elektrik Stansiyasının,
martda isə gücü 230 MVt təşkil edəcək
"Qaradağ" Günəş
Elektrik Stansiyasının təməlinin
qoyulmas göstərdi
ki, Azərbaycan bu istiqamətdə hədəflərinə doğru
inamla addımlayır.
Qarabağ və Şərqi
Zəngəzur "yaşıl
enerji" zonası olacaq
2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Ötən il mayın 3-də isə Prezident "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Ötən il Güləbird" Su Elektrik Stansiyasının açılışında Prezident İlham Əliyev Qarabağın "yaşıl enerji" zonasına çeviriləcəyini bəyan etdi: "Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər. Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji" zonasına çevirəcəyik".
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən enerji layihələri ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpaolunan enerji mənbələrindən, ekoloji təmiz texnologiyalardan istifadəyə üstünlük verilməklə yaşıl zona, yaxud yaşıl məkan konsepsiyası əsasında reallaşdırılır.
Bütövlükdə isə respublikamızda bərpa olunan enerjinin payının artırılması istiqamətdə mühüm addımlar atılır. Bütün bunlar müasir çağırışların respublikamızda sürətlə reallaşdığını göstərir və Azərbaycanın qlobal enerji bazarında mövqelərini gücləndirir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 12 iyun.- S.1;8.