İdman
paytaxtının "Formula-1" zirvəsi
Dünyadakı bütün
"F-1" həvəskarlarının nəbzi Bakı ilə
döyünür
İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarca dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə turnirləri, idman müsabiqələrini layiqincə təşkil edən ölkəmiz hər dəfə tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirib. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb, həm də sübut edib ki, iradə, qətiyyət olan yerdə uğur qazanmaq mümkündür.
Bu günlər dünyanın idman aləminin diqqəti yenidən Azərbaycana yönəlib. Artıq iki gündür "Formula-1" yarışlarına start verilib və bu gün dünyadakı bütün avtomobil idmanı həvəskarlarının nəbzi Bakı ilə döyünəcək. Beləliklə, dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən "Formula-1" Azərbaycan Qran-prisinə ölkəmizin evsahibliyi etməsinin qürur və sevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın Bakıda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.
"Formula-1" dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir "Formula-1" avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.
Builki
"Formula-1" Qran-pri yarışlarına
mart ayında Bəhreyndə
start verilib. Pilotlar və komandalar
noyabr ayına qədər 23 yarış
mərhələsi keçməlidirlər.
Hazırda isə yüz
milyonlarla izləyici auditoriyasına malik olan "Formula-1" yarışlarının
həyəcanı Azərbaycanda
yaşanır. Bakı Şəhər Halqasında
dünyanın ən məşhur pilotları -
Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Bu günlər planetimizdə
avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza
yönəlib.
Bakı Şəhər Halqasının,
trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır.
Bu, uzunluğuna görə dünyada ikincidir. Bakı Şəhər
Halqası paytaxtımızın
tam mərkəzindən və
gözəl məkanlarından
keçir. Təşkilatçılar
trekin marşrutunu seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoymuşdular.
Yarış bu gün başa
çatsa da, Bakıda uzun müddətdən bəridir
ki, bu idman
hadisəsinin ab-havası
yaşanır. Çünki hazırlıq işlərinə
aylar öncədən
başlanılıb. Məqsəd
2022-ci il üçün 8-ci olan və Azərbaycan Qran-prisini layiqincə təşkil etmək,
ideal evsahibliyi nümunəsini
növbəti dəfə
nümayiş etdirməkdir.
Fərəhli haldır ki,
aparılan hazırlıq
işlərini Beynəlxalq
Avtomobil Federasiyasının
rəsmiləri, o cümlədən
yarışda iştirak
edən pilotlar təqdir ediblər. Beləliklə, bu günlərdə
bir daha bütün dünya və ölkəmizə təşrif buyuran xarici qonaqlar Azərbaycanın yüksək
evsahibliyinin şahidi olmaqdadır.
Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini gözləri ilə görür, bunları təqdir edir. Bütövlükdə bu mötəbər tədbir ölkəmizi növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıdır. Hər kəs Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığının şahidinə çevrilir. Bunu start verilən ilk yarış günündə aydın şəkildə görmək olurdu. İlk növbədə Azneft dairəsindən Dəniz vağzalına kimi qurulan əyləncə zonaları bilet sahiblərinin üzünə qapılarını açıb. Dünəndən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edirlər. Tədbirlər hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalır.
"Formula-1"in dünyada kifayət qədər azarkeşi var. Bakı Şəhər Halqasında
da tamaşaçıların
yarışı canlı
və təhlükəsiz
izləmələrinə hər
cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif
yerlərində tamaşaçı
tribunaları quraşdırılıb.
Həmin
tribunalar yüksək
səviyyədə quraşdırılıb.
Bütün dünyada "Formula-1" Azərbaycan
mərhələsini 190 ölkədən
500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə
"Formula-1" azarkeş sayının çoxluğuna
görə futboldan sonra ikinci idman
növü sayılır.
Bu mötəbər yarışın yüksək
səviyyədə işıqlandırılması
üçün müxtəlif
ölkələrdən təcrübəli
müxbir və fotoqraflar cəlb edilib. Tək yarışın keçirilməsi deyil, qonaqların, tamaşaçıların
ölkəmizlə, milli
dəyərlərimizlə tanışlığı, şəhərimizdə
olduğu günlərdə
vaxtlarını səmərəli
keçirmələri üçün
yaradılan şərait,
dünyada sevilən populyar müğənnilərin
iştirakı ilə
konsert proqramlarının
təşkili Azərbaycanın
mükəmməl evsahibliyi
nümunəsinin ayrı-ayrı
hissələridir. Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə də sadiq qalıb.
Azərbaycan yenidən dünya idmansevərlərinin diqqət
mərkəzindədir. Ölkəmizə bu münasibətlə gələn qonaqlar, habelə paytaxt sakinləri yarışları
canlı şəkildə
izləyə bilirlər.
Şübhə yoxdur ki, bu yarışlar insanlara uzun müddət xatırlanacaq
həyəcanlı və
sevincli dəqiqələr
bəxş edəcək.
Başqa cür ola da bilməz. Çünki bu yarışların
təşkilatçısı regionun idman mərkəzi olan Azərbaycan dövlətidir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 12 iyun.- S.4.