"Yaşıl
inqilab"ın avtomobili
Dünya
elektromobilə keçir, bizdə isə...
- Əşi, nəyinə lazımdır o maşın?..
Sənə lazımdırmı ki, saatlarla vaxtın getsin?!
Durub 3 saat enerjiyığma aparatının qabağında gözləyəcəksən, buna gərək varmı?
Gəl sən mənə qulaq as, ən yaxşısı dizeldir, bir çəni doldurdun, günlərlə gəz-dolan hər yeri…
"Elektromobil almazdan əvvəl kimdən soruşurdumsa, dost-tanışdan ancaq belə məsləhətlər eşidirdim. Demək olar ki, hamı buna qarşı çıxırdı. Sonradan başa düşdüm ki, bu insanlar fikirlərindən çəkinərək, əslində, elektrikli maşınların nə qədər üstünlükləri olduğunu anlamaq istəmirlər".
Yanacaqla işləyən avtomobilini elektromobilə dəyişən Bakı şəhər sakini İlqar Zalıyev artıq bir ildən çoxdur ki, yeni tendensiyaya qoşulanlardandır. Bu müddət ərzində isə elektromobilin idarəçiliyindən, işləmə tempindən razı qaldığını bildirir. Tək narahatçılığı bölgələrə səfərlə bağlıdır. Çünki hələlik rayonlarda elektromobilin ererji toplanması məntəqələri mövcud deyil. Paytaxtda isə çox rahat şəkildə hərəkət etmək olur.
Yeni əsrin modern texnologiyası
Elektromobillərin istehsalı və istifadəsi dünyanın hazırda ən böyük problemlərindən olan ekoloji çirklənmənin qarşısını almaq üçün atmosfer qatının mühafizəsi ilə bağlı optimal addımlardandır. Dünya ölkələri qarşıdakı illərdə daxiliyanma mühərrikli avtomobilləri tamamilə istismardan çıxarmaq və ətraf mühitə əlverişli elektromobillərin istifadəsi üçün qəbul etdikləri proqramlarla bir sıra məhdudiyyətlər tətbiq edəcəklər.
Hazırda ən yüksək pillədə Norveç dayanır. Burada 2025-ci ilə qədər daxiliyanma mühərrikli avtomobillərin satışının qadağan edilməsi ilə bağlı plan hazırlanıb. Böyük Britaniya, Danimarka, İsveç, İslandiya, Hollandiya, Sloveniya, İrlandiya və sairə kimi ölkələr isə "yaşıl inqilab"a keçidi 2030-cu ilə hədəfləyiblər. Bütün bu planlar yanacaqlı avtomobillərin istehsalını dayandırmaq üçün nəzərdə tutulub.
Bu istiqamətdə dünya sıralamasına nəzər saldıqda Norveçin təkcə hədəflərinin yox, eləcə də statistika baxımından da öndə olduğu aşkar görünür. Belə ki, bu ölkə dünyada adambaşına düşən elektrikli avtomobillərin sayına görə də birinci yerdədir. Aylıq satışların təxminən 65 faizini elektromobillər təşkil edir. Həmçinin hökumət vətəndaşların belə avtomobillərə marağının artırılması məqsədilə bir sıra güzəştlər də tətbiq edib. Elektromobil sürücüləri avtomobil vergisindən azad edilir, ödənişli yollarda pulsuz hərəkət etmək imkanına sahib olur, alış qiymətlərində endirim və yarı qiymətə parkinq xidmətlərindən istifadə edə bilərlər. Növbəti ikinci və üçüncü pilləyə ABŞ və İslandiya başçılıq edirlər. Bu ölkələrdə də elektromobil idarəçiləri üçün xeyli güzəştlər tətbiq edilir. Çin isə dünyanın ən böyük elektromobil istehsalı bazarına sahibdir.
Elektromobillərin gömrük rüsumundan azad olunması hələ təklif olaraq qalır
Ölkəmizə gəldikdə, elektromobillərdən istifadə yönündə vəziyyət elə də qənaətbəxş deyil. Onların sayı olduqca az, əhalinin rəyi mənfi, istismara şərait isə məhdudiyyətlidir.
Statistikaya əsasən, ölkəmizdə istismarda olan avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur, ekoloji təmiz nəqliyyat vasitələrinin faizi isə çox azdır. Bütün bunlar nəzərə alınaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun ölkəmizdə də ekoloji təmiz elektrik və hibrid avtomobilləri və onların istifadəsi üçün zəruri olan enerji doldurucularına bir sıra maliyyə güzəştləri tətbiq edilməyə başlanıb. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə məlumat verib.
Azərbaycana gətirilən elektrikli avtomobillərin statistikasına gəldikdə isə, Dövlət Gömrük Komitəsindən aldığımız məlumata əsaslanıb deyə bilərik ki, cari ilin 5 ayı ərzində ölkəyə 130 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə isə idxalın sayı cəmi 29 ədəd idi. Ümumilikdə, 2021-ci il ərzində gətirilən bu tip avtomobillərin sayı 160 ədəd təşkil edib.
Onu da deyək ki, 2019-cu ildən yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələri idxal zamanı ƏDV-dən azad olunub. Bununla yanaşı, 2021-ci ildə qəbul edilən qərara əsasən, ölkə ərazisində belə avtomobillərin satışı zamanı 18 faizlik əlavə dəyər vergisi də ödənilmir. Dövlət Gömrük Komitəsi onu da qeyd edir ki, belə avtomobillərin idxalı üçün tələbatı artırmaq məqsədilə elektromobillərin gömrük rüsumundan azad olunması ilə bağlı təkliflər irəli sürülüb.
Deyilənlərdən də görünür ki, gömrük rüsumunun ödənilməməsi də tətbiq edilərsə, elektromobillərin idxalı olduqca sərfəli olacaq.
Korlanmış təbiəti qorumağa cəhd, həyat tərzi və ya xərcə qənaət...
Lakin bu zaman sual yaranır, elektrik avtomobilini idarə etmək üçün ölkəmizdə vəziyyət necədir?
"BMW i3"ə sahib İlqar Zalıyev bildirir ki, belə maşınların istifadəsi ənənəvi avtomobillərdən olduqca sərfəlidir və xərcləri yarı-yarıya endirir: "Yanacaq olmadığından motor yağını, benzin nasosu və s. dəyişdirməyə ehtiyac qalmır. Ancaq mən bu minik vasitəsindən təkcə şəhər daxilində istifadə edirəm. 150 kilometrlik tam şarj gücünə malik avtomobillə paytaxtdan kənar səyahətlər etmək çox çətindir. Bölgələrdə məntəqələrin çox az sayda, hətta deyərdim ki, yox həddə olması işləri qəlizləşdirir".
Radio aparıcısı, avto və texno bloqçu Tural Yusifov da elektromobil istifadəçilərindəndir. O da qeyd edir ki, elektrik avtomobilinin anlamı korlanmış təbiəti qorumağa cəhddir. "Mənim üçün elektromobil həyat tərzi və seçdiyim sağlam həyat yolunda əhəmiyyətli bir elementdir. Elektrik avtomobillərinin batareyası təbiətə atılmır. Həmçinin, onlar 100 faiz təkrar emal materiallarından hazırlanır, bərpaedilən enerji ilə təmin edilmiş fabriklərdə yığılır". Həftəlik xərcinin isə yükləmə mərkəzlərində maksimum 10 manat olduğunu deyən aparıcı əlavə edir ki, evdə sarj etmək hər kilovata görə 0.08 manat təşkil edir.
Yarım saatlıq enerjidoldurma 3.50 AZN, bir saata isə 5 AZN təşkil edir
Göründüyü kimi, elektromobil idarə edənlərin əksəriyyətinin şikayəti qida qurğusu (elektrikdoldurma) məntəqələrinin sayının azlığı ilə bağlıdır. Bunu da araşdırdıq və bəlli oldu ki, ölkə ərazisində yalnız 2 məşhur yanacaqdoldurma məntəqəsində quraşdırılan şarj avadanlıqları mövcuddur. Ümumilikdə isə paytaxda 14 qida qurğusu aparatı var.
Bölgələrdə isə cəmi bir neçə ərazidə - Sumqayıt, Şamaxı, Kürdəmir, Salyanda qida qurğusu mövcuddur. Yarım saatlıq sarj müddətində 3.50 AZN, bir saatlıq müddətdə isə 5 və ya 5.70 AZN ödəyərək qida qurğusundan elektrik alınır. Bölgələrdəki vəziyyətlə bağlı yanacaqdoldurma məntəqələri onu da bildirirlər ki, sarj avadanlıqlarının sayının azlığı və fəaliyyətsizliyi regionlarda elektromobillərin olmaması ilə əlaqədardır. Tələbat çox olduğu zaman bunun sayı da artırılacaq.
Yanacaqdoldurma məntəqələrində quraşdırılan sürətli sarj qurğularından əlavə bəzi ticarət mərkəzlərində və hipermarketlərin dayanacaqlarında da ödənişsiz 220 gərginlikli bir neçə sarj məntəqəsinə rast gəlinir. Lakin doldurulma sürəti zəif olan belə yerlərdən yalnız həmin məkanlara gediləndə, paralel zaman kəsiyində istifadə məqsədəuyğundur. Bunlarla yanaşı, 220 voltluq enerji gərginliyi olan istənilən yerdə də (evdə, işdə və s.) akkumulyator şarj edilə bilər. Bu zaman sürətli sarj məntəqələrində 30-60 dəqiqəlik müddəti təşkil edəcək tam yüklənmə (marka və modeldən asılı olaraq) təxminən 10-12 saata başa gələ bilər.
Yeri gəlmişkən, sürətli sarj avadanlıqlarının tapılmasında köməyə "PlugShare" mobil tətbiqi gəlir. Belə ki, bu tətbiqlə beynəlxalq müstəvidə, eləcə də Azərbaycanda mövcud olan enerjidoldurma məntəqələrinin xəritə üzərində siyahısını asanlıqla tapmaq mümkündür.
Proqram və təbliğatlarla uğurlu cəhdlər edilə bilər
Azərbaycandakı elektromobillərlə bağlı hazırkı durumu şərh edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qəzetimizə bildirir ki, dünyada elektrikli avtomobillərə keçid sürətli şəkildə planlaşdırılsa da, ölkəmizdə konkret belə hədəflər yoxdur. Ancaq "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alan müddəalardan biri də ekoloji cəhətdən daha təhlükəsiz, ətraf mühitə az zərərli nəqliyyat vasitələrinin, xüsusilə də elektromobillərin Azərbaycanda stimullaşdırılması üçün tədbirlərin görülməsi ilə bağlıdır: "Bunların həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarının qarşısına vəzifələr qoyulub. İndiki əsas iş, elektromobillərin Azərbaycana gətirilməsi zamanı güzəştlərin tətbiqindən ibarətdir".
Ekspert qeyd edir ki, başlıca təbliğat ilk olaraq əhali arasında aparılmalıdır. Elektromobillərlə bağlı dolğun, maarifləndirmə tədbirlərinin təşkili yönündə bu sahəyə aid olan şəxslər öz üzərinə düşəni etməlidirlər. Əhaliyə aşılanmalıdır ki, elektromobillər daha təhlükəsiz, daha rahat və daha əlverişlidir.
Ekspert bu sahənin əsas 3 probleminə toxunaraq deyir ki, belə avtomobillər bazarda ilkin vaxtlarda mövcud olan zaman yeni texnologiya əsasında hazırlandığı üçün qiymətləri olduqca baha idi.
İkinci əl elektromobillərin dövriyyəsinin olmaması isə orta və aşağı təbəqələr üçün əlçatımlılığı qeyri-mümkün edirdi. Ancaq dünya bazarlarında artıq işlənmiş elektrikli avtomobillərin alqı-satqısı genişlənib. Digər bir məqam avtomobillərin enerji ilə təminatıdır. Dünya ölkələrində on minlərlə enerji qurğuları quraşdırıldığı halda, Azərbaycanda bunun şəbəkəsi çox az həddədir. Üçüncü olaraq isə elektromobillərə qulluq prosesləridir ki, bu sahədə də ixtisaslaşmaya ehtiyac var. Mütəxəssis hesab edir ki, bu 3 istiqamətdə daim müvafiq işlər görülərsə, Azərbaycanda elektromobillərin istifadə çəkisi dünyadan geri qalmayacaq.
Son olaraq, Ərşad Hüseynov utilizasiyası ilə bağlı dövlət proqramının hazırlanmasının zəruriliyini qeyd edərək deyir ki, bu yolla elektrikli avtomobillərə böyük maraq yaratmaq olar: "Utilizasiya prosesi çərçivəsində hazırda dövriyyədə olan istismara yararsız avtomobillər müəyyən şərtlər daxilində sahiblərindən götürülə bilər. Bununla da, onlara təqdim olunan müvafiq məbləğdə yardım və ya subsidiya ilə daha təhlükəsiz elektromobillərin alınmasına şərait yaradıla bilər. Bu da belə maşınların populyarlaşmasına kömək edər. Yaxşı olar ki, bu yöndə qərarlar daha tez hazırlansın".
Ölkədə atmosferi 84 faiz çirkləndirən nəqliyyat vasitələridir
Daxiliyanma mühərrikli avtomobillərin atmosferə həddindən artıq ziyan vurduğu və bunun nəticəsində baş verən ekoloji dəyişikliklər hər kəsə bəllidir. Bununla bağlı söhbətimizi AMEA-nın müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayevlə davam etdiririk.
Mütəxəssis qeyd edir ki, yanacaq mühərrikləri işə düşərkən ətraf mühitə karbon dioksid, azot oksid və digər zəhərli qazlar xaric edilir. Bu zaman "parnik effetki" deyilən hal müşahidə edilir. Parnik effekti yerdəki bəzi qazların konsentrasiyasının artması səbəbindən meydana gələn Yer atmosferinin aşağı təbəqələrinin istiləşməsidir. Bununla da Günəş şüaları planetin səthini qızdırır, nəticədə Yerin istiliyi artır.
İndiki dövrdə hökm sürən, gələcək vaxtlarda daha da kəskinləşməsi ehtimal olunan qlobal iqlim dəyişikliklərinin səbəbi də məhz çirklənən hava təbəqəsidir. İslam Mustafayev bildirir ki, Azərbaycanda hazırda atmosferin çirklənməsinin 84 faizi avtomobil nəqliyyatı ilə bağlıdır: "Bu olduqca böyük rəqəmdir. Əgər əlimizdə bu faizi azaltmaq üçün belə bir fürsət varsa, mütləq ondan yararlanmalıyıq. Məsələn, 30 faiz yanacaqlı avtomobilləri elektromobilə keçirə biləriksə, müvafiq faizlə də zəhərli qaz hasilatını azaltmış olacağıq".
Faydaları ilə bağlı məsələlərdən əlavə elektromobillər haqda tənqidi fikirlər də insanlarda çaşqınlıq yaradır. Bu zaman düşünülür ki, əgər elektriklə hərəkətə gətirilən nəqliyyat vasitələri də zərərlidirsə, o zaman nə üçün ona keçid edilməlidir?
Bu yöndə isə suallarımızı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə cavablandırdı. O vurğuladı ki, əgər elektrikli avtomobillər üçün nəzərdə tutulan enerji alternativ enerji ilə (günəş panelləri, külək generatorları və s.) təmin edilirsə, burada heç bir kəskin münasibətdən söhbət gedə bilməz. Digər tərəfdən, utilizasiya və s. prosesləri ilə bağlı məqamlar gündəmə gətirilirsə, hər halda buna bir neçə zərərli təsirin içindən diferensial yanaşılmalıdır. Müşavir söyləyir ki, əgər elektrikli mühərriklərin istifadəsi zamanı ətraf mühitə mənfi təsir daha azdırsa, hökmən ən optimal variant olaraq bu seçilməlidir: "Hazırda insan Yer kürəsinə az qala aldığı nəfəslə belə zərər yetirmək yönündə addımlayır. Vurduğumuz ziyanların miqdarını minimallaşdırmaq hər kəsin yaşantısı üçün öz müsbət təsirini göstərə bilər. Bu proseslərdə isə bizim üzərimizə düşən vəzifə ən uyğun variantdan istifadədir".
Bəşəriyyətin problemləri bitib-tükənmir. Əhalinin sayı və komfortlu yaşam istəyi artdıqca, sanki planet insanlığa tab gətirə bilmir. Okeanlara atılan tullantılar, atmosferə vurulan zərərlər, əlqərəz, bəşəri sağlamlığı təhdid altına alan, istənilən vəziyyət sabahımızın təhlükəsini bizə bir addım daha yaxınlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, bu gün dünya əhalisinin 99 faizi həddindən artıq normadan aşağı səviyyədə olan hava ilə nəfəs alır. Əgər bu prosesi dəyişdirmək üçün əlimizdə qismən şans varsa, öhdəliyimizə əməl etməkdən boyun qaçırmamalıyıq.
Aydan XƏLİLOVA,
Azərbaycan.-2022.- 12 iyun.- S.10.