Hisslərin ən gözəl ifadəsi

 

 

İnsan psixologiyasına təsir edən, zövq oxşayan, insanı müxtəlif əhvali-ruhiyyəyə salan,  hisslərin ən gözəl ifadəsi, incəsənət növü musiqidir.

Musiqi  yunan mənşəli söz olub, "mousa" və "ike" sözlərindən əmələ gəlib. Yunan mifologiyasına görə, tanrı Zevsin qızları olaraq bilinən doqquz ilahəyə "Mousa-Muse-Mələk" deyilir. Yunanca  "ike, ika" hissəciyi isə sözlərin sonuna artırılaraq, "danışılan dil" anlamına gəlir. 

 

 

 

İlk musiqilər - insanı valeh edən təbiət səsləri

 

 

Musiqinin yaranması ilə bağlı müxtəlif mülahizələr var. Bəzi məlumatlara görə, ilk musiqi 160 min il əvvəl Afrikada yaranıb. Bundan əlavə, musiqinin insanın Yer üzündə olmasından əvvəl yarandığı deyilir. Quşların səsi, dənizin dalğası, təbiətdəki müxtəlif səslər ilk melodiyalar hesab olunur.

İnsanın doğulduğu ilk gündən musiqi ilə tanışlığı başlayır ki, bu da analardan eşitdiyimiz həzin layladır. Böyüdükcə beynimizdəki musiqi anlayışı dəyişir, müxtəlif janrlarda mahnı və musiqilər eşitməyə başlayırıq. Ən gözəl mahnının da əsasını musiqi təşkil edir. Bəzən mahnının sözlərinə fikir vermədən, sadəcə onun  gözəl melodiyasının təsiri altına düşürük. Bu da musiqinin təsir gücünü bir daha göstərir. Yəni danışmadan da duyğuları çatdırmaq mümkündür. İnsanlar tərəfindən yaradılan, bəstələnən musiqi qədim dövrlərdə müxtəlif vasitələr, daha sonra isə musiqi alətlərinin yaranması ilə inkişaf edib. 7 not üzərində çox sadə yaradıldığını düşündüyümüz musiqilər əslində böyük və dərin incəsənət nümunəsi ortaya qoyur.

 

 

 

Qədim Azərbaycan musiqisi

 

 

Azərbaycan musiqisi çoxəsrlik tarixə əsaslanır. Arxeoloji qazıntılar zamanı bu barədə bir sıra abidələrdən, Qobustan və Gəmiqaya qaya rəsmlərindən ilk məlumatlar alınıb. "Kitabi-Dədə Qorqud" dastanında və Nizaminin, Füzulinin əsərlərində Orta əsrlərin musiqi həyatı, musiqi alətləri barədə zəngin məlumatlar var.

İlk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud"da musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastanda musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinin əyani sübutudur.

Azərbaycanın Səfiəddin Urməvi, Əbdülqadir Marağai, Mirzəbəy, Mir Möhsün Nəvvab kimi məşhur alimlərinin risalələrində Orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi, Azərbaycan musiqisinin nəzəri problemləri əksini tapıb.

 

 

 

Musiqi növləri

 

 

 

Digər incəsənət növləri kimi musiqinin də müxtəlif janrları var. Məşhur janrların sırasında klassik, pop, rok, caz, hip-hop və sairə yer alıb. Klassik musiqi zamanın sınağından çıxaraq bu günə qədər insanları cəlb edən, sevilib dinlənilən musiqidir. Bu musiqi növü Qərb ənənələrinə söykənərək XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir.

Klassik musiqinin əhatə etdiyi illər də özlüyündə bir neçə dövrə bölünür. Bu musiqidən danışdığımız zaman Avropa dühalarını unutmaq olmaz. İohann Sebastyan Bax, Motsart, Şopen, Rixard Vaqner, Mendelson, Cüzeppe Verdi klassik musiqinin dahiləri hesab olunurlar.

Azərbaycanda klassik musiqi XX əsr musiqi tarixində mühüm yer tutur. Bu dövrdə ölkəmizdə yüksək orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranır.  Azərbaycanda klassik musiqinin banisi dahi bəstəkar Üzeyir bəy Hacıbəyli hesab olunur. Növbəti dövrlərdə Azərbaycan musiqisi ölkə hüdudlarından kənarlarda, beynəlxalq miqyasda geniş şöhrət qazanır ki, bu da əsasən Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yaradıcılıq axtarışları ilə bağlıdır.

Rok ingilis sözü olub yellətmək, tərpətmək, atıb-tutmaq mənalarını verir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır. Rokun kökləri ilk rok janrları rok-n-roll və rokabillinin də çıxdığı blyuzdan (blues) başlayır. Rokun ilk altjanrları o zamanlar folk, kantri (country), skiffl (sciffle) kimi xalq və estrada musiqisi ilə sıx əlaqədə yaranıb. Ötən əsrin 60-70-ci illərində rok musiqisinin ən böyük altjanrları yaranıb - bunlara hard-rok, pank-rok, rok-avanqard daxildir. Rokun əsas inkişaf mərkəzləri ABŞ və Qərbi Avropa hesab olunur. Böyük  Britaniya roksevərliyinə görə Avropada öndədir və mahnılar əsasən ingilis dilində yazılır.

Caz  əsasən XX əsrdə ABŞ-da zəncilər tərəfindən yaradılmış musiqi növü hesab edilir. ABŞ barlarında eşidilməyə başlayan musiqi zaman keçdikcə dünyaya yayılır və inkişaf edir. Zəncilər tərəfindən yaradıldığı hesab edilən caz musiqisi yavaş-yavaş ağdərililərin də diqqətini çəkir.

Zamanla digər ölkələrə yayılan və məşhurlaşan caz müəyyən dövrdə Azərbaycanda da populyarlıq qazanır. Azərbaycanda 1920-ci illərdə məşhurlaşan cazın əsası 1930-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı, "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.

Təbii ki, janrlardan danışarkən Azərbaycan musiqi sənətinin şahı sayılan muğam diqqətdən kənarda qala bilməz. Bəzi mənbələrdə "muğam" sözünün ərəb dilindəki "məqam" sözündən gəldiyi bildirilir, mənası yer, mövqe deməkdir. Bu termin bəzi Şərq ölkələrində, həmçinin Orta Asiya və Hindistanda "makon" adlanır. Tarixçi İlya Məhərrəminin iddiasına görə, muğam sözünün kökü "muğ" sözündən götürülüb. Müəllif qeyd edir ki, məzhəbi dini ayinlər musiqi, avaz və ritmlə icra olunurdu və zaman keçdikcə bu, inkişaf edərək, formalaşaraq, indiki muğam səviyyəsinə gəlib çatıb. Mürəkkəb, emosional məna daşıyan, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı hesab olunur. Azərbaycanda muğam üçlüyün müşayiəti ilə xanəndə tərəfindən ifa edilir və belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəstgahı adlanır. Dəstgah muğamın küll halında, yəni onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Muğamın müxtəlif növləri olsa da, müasir ifaçılıqda əsasən beşinə rast gəlinir. Bunlar "Yegah", "Dügah", "Segah", "Çahargah" və "Pəncgah"dır. Məlumatlara görə, muğam və şöbə adlarının yaranma tarixi yerlər və məkanlar ilə əlaqəlidir. Məsələn, "Qarabağ şikəstəsi", "Şirvan şikəstəsi", "Arazbarı", "Bayatı-Şiraz", "Ovşarı", "Əşiran" və sairə.

 

 

 

Azərbaycanın musiqi alətləri

 

 

 

Azərbaycanda musiqi alətləri quruluşlarına görə müxtəlif növlərə ayrılır. Bunlar simli, nəfəs, zərb və özüsəslənən musiqi alətləridir. Simli alətlərə tar, saz, kamança, ud, tənbur, əlbuta, qorbuta, canqor, nəfəslə çalınanlara balaban, tütək, zurna, ney, tulum, zərb alətlərinə  nağara, qaval, qoşanağara, dümbək, özüsəslənənlərə isə  şaxşax, kaman və laqqutu aiddir.

Azərbaycanda zərb çalğı alətlərinin kökləri qədimlərə gedib çıxır. O dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaradıblar. Belə vasitələrdən biri ayaqdöymə zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyib üstünü müxtəlif heyvan dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətlərinin belə yarandığı güman edilir. Hazırda musiqi sənətimizin inkişafında böyük rol oynayan zərb alətlərindən geniş istifadə edilir.  Onlar əsasən 3 növə ayrılır - membranlı, idiofonlu və idiomembranlı.

Nəfəs alətlərinin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəs aləti - ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəs alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlana bilər. Nəfəs alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da hər şeydən əvvəl onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır.

Simli çalğı alətlərinin yaranmasına gəlincə, bununla bağlı bir çox rəvayətlər var. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri çıxarmağa başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanıb.

 

 

 

"Krala layiq" musiqi aləti

 

 

 

Qədim nəfəs alətlərindən biri olan fleyta italyanca "flauto" sözündən götürülüb, külək, meh deməkdir. Keçmişdə qamışdan düzəldilən fleyta əsrlər boyu təkmilləşdirilib. Qədim dövrlərdə şaquli tutularaq çalınan bu alət hazırda ifa zamanı üfüqi vəziyyətdə tutulur. Alətin hazırkı forması ilk dəfə 1832-ci ildə alman fleytaçısı T.Byom tərəfindən təkmilləşdirilib.

İlk dəfə fleytanı opera orkestrində daimi alət kimi tətbiq edən Lülli olub. Onun orkestrində fleyta dikinə (blokfleyta) ifa olunurdu. Bu fleytanın səsi daha poetik olduğu üçün başqa bir adla italyanca "flüte dolce" - zərif fleyta adlandırılırdı. Böyük səs gücünə malik köndələn fleyta daha uzunömürlü olaraq XVIII yüzilliyin ortalarında dikinə tutulan fleytanı simfonik orkestrdən tamamilə sıxışdırıb çıxara bilir. XV əsrdən etibarən fleyta instrumental ansamblların tərkibinə daxil olub. Eyni zamanda fleytadan çox zaman solo aləti kimi də istifadə edilir.

 

Rusiya musiqi alətlərindən biri olan balalayka "qarışdırmaq" və "balakanie" sözlərindən alınıb. Qədim balalayka müasir növündən fərqlənirdi. Əvvəlki növündə 2 sim olduğu halda indiki alət 3 simlidir. Bu musiqi aləti əslində solo ifa üçün nəzərdə tutulub, lakin son illərdə balalayka orkestrləri də qurulub.

Simli musiqi alətlərindən olan skripka  XVI əsrdə meydana gəlsə də, XVII əsrdə geniş yayılır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olub. Azərbaycanda isə ilk skripkaçı Ceyhun Bədəlbəyli hesab olunur. Müasir dövrdə bu alətdən həm instrumental ansamblların əsas tərkib hissəsi, həm də solo alət kimi istifadə olunur.

Royal musiqi alətinin fransızcadan tərcüməsi "kral, krala layiq" deməkdir. Bu adın seçilməsi kralların bu musiqi alətinə olan marağından irəli gəlmir. Sadəcə royalın geniş ifa imkanları ilə bağlıdır. Royal ən çoxsəsli musiqi aləti hesab olunur.

Paixiao Panflute qədim Çin musiqi alətidir. Alət ilk dəfə  XI  əsrdə kəşf edilib, daha sonra isə istifadə olunmadığı üçün unudulub. Musiqi aləti XX əsrdə yenidən meydana çıxıb.

Sitar çoxsimli musiqi alətidir. Hindistan xalq aləti olan sitarın əsas 7 simi var. Bundan əlavə, sitarda 9-13 rezonans edən simlər də var ki, onlar əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən unikal səsləndirmə yaradırlar.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 12 iyun.- S.11.