Ruhun şəfası

 

 

Musiqi terapiyası ən qədim müalicə üsullarından biridirdörd min ildir müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Hələ tarixin ən erkən dövrlərində insanlar təbiətdə olan nəyisə izah edə bilməyəndə bunun sehirlisirli olduğunu düşünüblər.

Onlar səsləri ruhların səsi kimi təsəvvür edib təbil çalmaqlaya başqa səslər çıxarmaqla öz səslərini ruhlara eşitdirməyə çalışıblar. Şamanlar bir növ xəstəlik səbəbi olaraq düşündükləri pis ruhların xəstələrin bədənini tərk etməsi üçün ritm, musiqi və rəqsdən istifadə ediblər. Oxunan mahnılar, çalınan musiqilər, ritm və xəstəliklərin müalicəsi üçün yandırılan buxur pis ruhları qovmaq məqsədi daşıyıb. Qədim Çində belə hesab olunub ki, "lo" adlanan yüksəksəsli qonq pis ruhları və cinləri xəstədən uzaqlaşdırır.

Qədim yunanlar da musiqini bütün fəzilətlərin kökü hesab ediblər. Yunan mifologiyasında lirada gözəl ifa etməsi ilə tanınan Apollon həm musiqinin, həm də təbabətin tanrısı hesab olunurdu. O, lira çalmaqla insanların dərdlərini aradan qaldırırdı.

Təbabətin atası Hippokrat bəzi xəstələri müalicə üçün məbədə apararmış. Hippokrata görə, başqa tibb vasitələrinin faydasız olduğu xəstəliklərdə musiqini sınamaq vacibdir.

 

 

 

Əsəbi insanları melodiyalarla müalicə etmək mümkündür

 

 

Yunan filosofu Platonun (Əflatun) fikrincə, musiqi harmoniya və ritmlə birlikdə ruhun dərinliklərinə təsir edərək insana tolerantlıq və rahatlıq verir. Qədim Yunanıstanda musiqidən epilepsiya, depressiya, melanxoliya, maniya, dəlilik, isteriya, iflic, qızdırma, revmatizm, müxtəlif ağrılar, taun, qızılca, quduzluqsair kimi xəstəliklərin müalicəsində istifadə edildiyinə dair məlumatlar var.

Hətta Homer "Odisseya"da musiqinin qanaxmaya yaxşı təsir göstərdiyini belə iddia edib. Filosof və riyaziyyatçı Pifaqor isə ümidsizliyə qapılan və ya əsəbi olan insanları müəyyən melodiyalarla müalicə etməyin mümkünlüyünü araşdırıb. Pifaqor səslərin ahənginin nəticəsi olan musiqinin bədəndəki harmoniyanın pozulduğu hallarda onun bərpasına ən təsirli vasitə olduğunu hesab edib.

 

 

 

İnsan əhvalının eniş-yoxuşu

 

 

Böyük təbib İbn Sina da musiqinin insan orqanizminə təsirini araşdırıb. Müalicənin təsirli olması, xəstənin əqli-mənəvi tarazlığının yüksəldilməsi üçün ətrafdakı mühitin ürəyəyatan olmasının vacibliyini kəşf edən təbib buna görə musiqi dinləməyi ən təsirli üsullardan biri kimi dəyərləndirib.

Musiqi notlarının insan əhvali-ruhiyyəsinin eniş-yoxuşunu təmsil etdiyini müəyyən edən İbn Sinanın fikrincə, musiqinin bizə xoş təsiri eşitmə gücümüzə görə yox, həmin kompozisiyadan müxtəlif mənalar çıxaran idrak qabiliyyətimizə, başqa sözlə, musiqinin oyandırdığı hisslərimizə görədir.

Övliya Çələbi də məşhur səyahət kitabında çəngilərin, ud ifaçılarının və skripkaçıların xəstəxanalarda musiqi seansları ifa edərək xəstələrin sağalmasına töhfə verməyə çalışdıqlarından bəhs edib.     

Musiqi terapiyası XVIII əsrdən etibarən tibbin müxtəlif sahələrində istifadə olunub, XX əsrdə isə bu müalicə metodu Avropada daha da inkişaf etdirilib.

Beləliklə, Avropada məktəblərdə və xəstəxanalarda həm uşaqlar, həm də böyüklər üçün musiqi terapiyası seansları təşkil olunmağa başlanıb. Xüsusilə musiqinin tətbiqi ilə xəstə uşaqlarda çox uğurlu nəticələr əldə edilib.

 

 

Azərbaycan.-2022.- 12 iyun.- S.11.