Dövlət qəhrəmanlarına sahib çıxır

 

 

Şəhid ailəsi və qaziyə diqqət davamlı və hərtərəflidir

 

 

 

Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən  digər tədbirlər  ardıcıl  xarakter  daşıyır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, bu  insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Aylıq təqaüd və digər sosial ödənişlərlə  yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına  xidmət edən bir çox sosial proqramlar həyata keçirilir ki, bunlardan da biri onların məşğulluq probleminin həllidir. Aktiv məşğulluq  proqramlarında - özünüməşğulluqda, ödənişli ictimai işlərdə bu kateqoriyadan olan insanlara üstünlük verilir. Başqa sözlə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün  bu istiqamətdə  mütəmadi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin 5 ayı ərzində 32 min işsizişaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 14756 şəxs münasib işlərlə təmin edilib, 4697 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Bu müddət ərzində agentlik tərəfindən həmçinin 1542 işsiz şəxs peşə hazırlığında iştirak edib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb. Paralel olaraq yanvar-may aylarında 10 984 şəxs üçün peşəyönümü tədbirləri keçirilib.

Vətən müharibəsindən sonra səmərəli  tədbirlərdən olan  "Məşğulluq  marafonu"  da  həyata keçirilir. Həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğu təmin edilir. Tədbir "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında gerçəkləşir.

Ümumiyyətlə,  həm Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün  bütün zəruri addımların atıldığı hamıya məlumdur. Bu,  dövlət siyasətinin əsas prioritetlərindən sayılır.

Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara   2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.  2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə üç il əvvələ nisbətən 5 dəfə çox   mənzilin verilməsi proqramı icra olunub. Xatırladaq ki, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edilib. Həmçinin əlillərin avtomobillə təminatı  işi  uğurla aparılır.  Ötən il 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.

2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib.

Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında bildirib. Vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib: "Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onlardan şəhid olanların ailələri də mənzillə təmin olunur. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Cari il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə  1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu il müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 200, ümumilikdə ötən dövrdə 7400 avtomobil verilib".

Şəhid ailəsi üzvləri və qazilərin sağlamlığı da unudulmayıb. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edilib, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub.

Həmçinin həssas əhali qruplarından olan şəxslər, o cümlədən qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə  cəlb ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bir çox çıxışlarında bu məsələyə toxunması onların vacibliyinə bir daha diqqət  çəkir. Qarşıya qoyulan  vəzifələrin uğurla yerinə yetirilməsi  şəhidlərimizin xatirəsinin bizim üçün nə qədər əziz, qazilərimizin nə qədər dəyərli olduğunu  dönə-dönə təsdiqləyir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 14 iyun.- S.5.