Xarici diplomatlar Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinə
səfər ediblər
On bir ölkə və dörd qitədən olan xarici diplomatlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
Bu barədə AZƏRTAC-a
ADA Universitetindən məlumat
verilib. Bildirilib ki, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərimizdə işğalın
ağır nəticələri,
Azərbaycan xalqının
maddi-mədəni və
tarixi irsinə qarşı törədilmiş
soyqırımı fəaliyyəti
nəticəsində dağıdılan
yaşayış məskənləri
və mədəni-tarixi
nümunələrlə tanış olublar. Eyni zamanda, Ermənistanın
beynəlxalq hüquqa
zidd və qeyri-insani fəaliyyəti
nəticəsində vaxtilə
işğal altında
olan ərazilərdə
ciddi mina təhlükəsinin
olduğu və minalanmış ərazilərin
dəqiq xəritəsinin
Azərbaycan tərəfinə
hələ də verilmədiyi, postmüharibə
dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların
və jurnalistlərin
mina qurbanları olduğu
xarici diplomatların diqqətinə çatdırılıb.
Səfər müddətində Şuşada
və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan
yenidənqurma və genişmiqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan
fəaliyyətin həcmi
və sürətini alqışlayıblar. Onlara torpaqların
azad edilməsi ilə bu ərazilərin
yenidən dünyanın
iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və
bu günədək Azərbaycan hökumətinin
bunun yeganə təminatçısı olduğu
bildirilib.
Xarici diplomatlara işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən
Şuşa şəhərinin Azərbaycan
və Qafqazın ictimai-siyasi həyatında
oynadığı rol
haqqında geniş məlumat verilib. Qarabağ xanı Pənahəli Xan tərəfindən şəhərin əsasının
qoyulmasının 270 illiyini
qeyd etmək və aparılan quruculuq işlərini sürətləndirmək məqsədilə
2022-ci ilin Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən Azərbaycanda
“Şuşa İli” elan edildiyi bildirilib.
Beynəlxalq səviyyədə insan
kapitalının inkişafı
və əməkdaşlığın
gücləndirilməsi məqsədini
daşıyan proqramda
11 ölkədən (Albaniya,
Burundi, Çad, Qabon,
Qazaxıstan, Macarıstan,
Mərakeş, Rumıniya,
Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir. İki həftəlik builki proqram çərçivəsində
iştirakçılar üçün
Xarici İşlər
Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də Milli Məclisin
deputatları, İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş
Fondu, Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzi, ASAN Xidmət
və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi qurumların nümayəndələri tərəfindən
təqdimat və mühazirələr təşkil
olunur.
Azərbaycan.-2022.- 14 iyun.- S.4.