“SOCAR Türkiyə”  ilk onluqda yer alıb

 

Türkiyə İxracatçılar Məclisi  “2021-ci il ixracat çempionları” siyahısını aşıqlayıb

 

 

Türkiyə İxracatçılar Məclisi (TİM) “2021-ci il ixracat çempionları” siyahısını açıqlayıb. Türkiyədə ən böyük xarici investor olan “SOCAR Türkiyə” bu siyahıda 8-ci yerə layiq görülüb.

“SOCAR Türkiyə”dən AZƏRTAC-a bildirilib ki, şirkətin törəmə müəssisəsi olan “Petkim” TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb.

Haliç Konqres Mərkəzində keçirilən tədbirdə ötən il Türkiyədə ən böyük ixrac dövriyyəsinə malik olmuş 10 şirkətə mükafatlar verilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “SOCAR Türkiyə”nin layiq görüldüyü mükafatı Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarova təqdim edib.

SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov qeyd edib ki, Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib: “Xüsusilə, SOCAR-ın törəmə müəssisələri olan “Petkim” və “Star” Neft Emalı Zavodunun inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu uğura nail olduq. Türkiyənin ilk 10 ixracatçı müəssisəsi arasında yer almaqdan böyük qürur duyuruq. Dostqardaş Türkiyənin ixracatına verdiyimiz töhfə bizim üçün xüsusilə önəmlidir”.

 

 

Azərbaycan.-2022.- 14 iyun.- S.6.