Bakıya maraqla
gəldik, sevgi ilə ayrılırıq
Turistlər "Formula-1"in həyəcanını yaşamaqla
yanaşı, paytaxtımızın
füsunkarlığına da heyran qalıblar
Ötən həftə Bakı "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyini uğurla başa vurdu. Həftəsonu şəhər sürətlə şütüyən yarış avtomobillərinin səsinə bürünmüşdü. Tədbirin təşkili ilə pandemiyadan sonra paytaxtda ilk dəfə belə rəngarənglik hiss edilirdi.
Mərkəzi küçələrdə gəzərkən hər 5 nəfərdən 3-nün fərqli millətdən olduğuna şahidlik etmək mümkün idi. Hətta yarışın keçirildiyi vaxtda onların bir çoxu ilə digər tarixi və görməli yerlərdə də rastlaşdıq. Bu isə onu sübut edirdi ki, yarış əsas gəliş səbəbi olsa da, şəhərə duyulan sevgi onları daha yaxından tanışlığa sövq edib.
Ümumiyyətlə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi inkişaf cığırına öz toxumlarını səpir. Gələn turistlər ölkə haqqında müfəssəl məlumatlarla geri dönür, xoş ovqatla keçirdikləri günlərdən bəhs edirlər. Bu xoş təəssüratları isə biz növbəti şəhər sorğumuzda onların dilindən daha ətraflı öyrəndik.
"Final
gününü unutmayacağıq"
Vlad və Robert Lisov, Rusiya:
- "Formula-1"ə atamla iki gün üçün
bilet almışıq. Ən həyəcanlı
anları isə düşünürəm ki,
final günündə yaşadıq,
bu günü heç zaman unutmayacağıq. Atamı yarışa
gəlmək üçün
məcbur etsəm də, artıq dünəndən gəldiyi
üçün çox
məmnundur. Yarışa məndən daha yüksək coşqu ilə azarkeşlik edirdi. Mənim tutduğum komandaya
dəstək olmalı
olduğunu desəm də, o, özünə bu yarışda başqa komandadan olan sürücünü
seçmişdi. Hətta mənimlə
mərcə də girmişdi. Şəhər isə tək
sözlə mükəmməldir.
Bakı mənim sevimli şəhərlərim sırasında
yer aldı.
"Məşhur pilotları gördüyüm üçün
çox şanslıyam"
Saşa
Sova, Kipr:
- Yarışa baxmaq ayrı zövqdür, qarajları gəzmək isə başqa bir təəssürat bağışlayır. Pit zolağında
gəzinti zamanı məşhur pilotların avtomobilləri ilə tanış olduq. Burada olarkən
özümü çox
şanslı hiss edirdim.
Çünki Çarls
Lekrek, Daniel Riçardo
və s. kimi "Formula-1"in
məşhur simaları
ilə ilk dəfə
idi ki, üz-üzə
gəlirdim. Onlarla xatirə şəklimin
olacağı isə buraya gəlməzdən əvvəl heç ağlımın ucundan belə keçməmişdi.
Bundan əlavə, bu gəzintidə qarajdakı
əfsanəvi maşınları
dünya seyr etməzdən əvvəl
ilk biz görmüş olduq.
Bir sözlə,
"Formula-1"in 3 günündə də burada oldum. Deyərdim ki, heç
bir gün digərinə bənzəmirdi.
Şəhər öz işığını
da yarışa yansıtmışdı.
"Bakıya səfərim ikiqat sürprizli oldu"
Kristina Klinepeter, ABŞ:
- Uzun müddətdir ki, professional karate ilə məşğul oluram. Bakıya səfərim də elə bu səbəbdən
idi. Məşqçim məni keçirilən
məşq və yarışlarda iştirak
etmək üçün
Bakıya dəvət
etmişdi. Mən də
həyat yoldaşımla
birlikdə gəldim.
Burada olduğumuz vaxtda yoldaşım Con
"Formula-1"ə bir gün
öncədən bilet
alaraq yarışa gedəcəyimizi dedi. Mən çox təəccübləndim.
Çünki adətən yarışları
TV-dən izləyirdim
və Con "Formula"ya
olan sevgimi bilirdi.
Səfərim ikiqat sürprizli oldu. Final gününün
əsl adrenalin və həyəcanını yerində,
səsdən titrəyən
tribunalarda yaşadım.
Çox
sevincliyəm ki, doğru qərarı verərək buraya gəlmişəm və çoxdandır ki, arzusunda olduğum yarışı və pilotları canlı görə bildim.
"Dəstəklədiyim komanda
qalib gəldi"
Martin Villems, Belçika:
- Bakıya ikinci gəlişimdir. İlk dəfə 7 il
öncə işimlə
əlaqədar gəlmişdim.
Bu illər ərzində
şəhəriniz çox
dəyişilib. Ətrafda hər
şey dəyişilsə
də, insanlar elə eyni qalıb.
Eyni səmimiyyət, eyni qonaqpərvərliklə qarşılaşdım.
Burada olmaqdan çox xoşbəxtəm. Məni xoşbəxt
edən əsas nüans isə
"Formula-1"in mənimçün uğurlu keçməsidir.
Dəstəklədiyim komanda da qalib oldu.
"Hər dəfə gələndə yeniliklər
kəşf edirəm"
Dmitri
Vlahos, Yunanıstan:
- "Formula-1"in sadiq azarkeşlərindənəm.
Demək
olar ki, getmədiyim yarış yoxdur. Bakını çox sevirəm
və bəyənirəm.
Şərq və Qərb
mədəniyyətini özündə
birləşdirməklə insanı valeh edir. Hər dəfə gələndə
özüm üçün
yeni yerlər və dadlar kəşf edirəm.
Azərbaycan qədim tarixə
malik olduğu üçün hələ
çox tarixi məkanlar görüb, müxtəlif yeməklər
dadacağam. Yarışın hər üç gününə bilet almışdım. Bəyəndiyim
komanda məğlub olsa da, əsla
əhvalımı pozmuram,
onların gələn
il qalib
gələcəyinə ümid
edirəm.
"Sanki
şəhərdən şəhərə
səyahət etmişik"
Demir Cantaş, Türkiyə:
- Azərbaycana dostlarımla
gəlmişəm. Yarış və
onunla bağlı bütün tədbirlər
yüksək səviyyədə
təşkil olunub.
Bu, hər addımda,
hər baxışda
hiss edilir. Burada özümüzü qətiyyən
yad hiss etmirik. Sanki ölkədən ölkəyə deyil, şəhərdən şəhərə
səyahət etmişik.
Doğma,
qardaş olduğumuzu
hər addımımızda
bizə hiss etdirirlər.
Başıma maraqlı bir hadisə də gəldi. Gəldiyim ilk gün fotoaparatımı
Türkiyədə unutduğumu
gördüm, çox
heyfsiləndim. Bunu eşidən
qaldığımız hotelin
administratoru dərhal öz fotoaparatını gətirdi. Keçirdiyim hissləri sizə
izah edə bilmərəm. Göstərilən bu diqqət məni çox duyğulandırdı. Yaxşı ki,
varsınız.
"Səfərdən çox
razı qaldıq"
Dina
Haugen, Norveç:
- "Formula-1" yarışını
izləməyə valideynlərimlə
gəlmişəm. Yarışın final günü gəldiyimiz üçün çox yeri görə bilməmişəm. Hələ üç
gün buradayıq.
Uzun bir siyahı hazırlamışam. Yarış artıq
bitdiyi üçün
gəzməyə vaxt
ayıra bilərik.
Sabah səhər ilk olaraq Qız qalasına və onun yaxınlığındakı
muzeylərə getməyi
planlaşdırırıq. Səfərimizdən çox razı
qaldıq, buradan xoş təəssüratlarla
ayrılacağıq. Hər şey yüksək səviyyədə təşkil
edilmişdi.
Diqqət etdiyim və çox önəm verdiyim digər bir məqam isə təhlükəsizlik
tədbirlərinə xüsusi
nəzarət yetirilməsi
idi. Elə bu baxımdan da özümü çox rahat hiss etdim.
"Bakıya səfərim ilk
olsa da, sonuncu olmayacaq"
Oleq Zubçov, Rusiya:
- Biz beş dost Bakıya
gəlmişik. Uzun illər bundan öncə elə
"Formula-1"də tanış
olmuşuq. O gün bu gündür hər il
"F-1" çərçivəsində
ən azı üç ölkəyə
getməyə çalışırıq.
Builki yarışları Monako və Azərbaycanda seyr etdik. Hər iki ölkədən məmnun qalsaq da, Azərbaycan gözəlliyi və ecazkarlığı ilə
bizi bir başqa heyran etdi.
Mən "Red Bull" komandasının pilotu Serxio Peresə azarkeşlik edirəm. Onun bu gün qaliblər arasında olması məni çox sevindirdi. Bakıya ilk dəfədir gəlirəm, əminliklə
deyə bilərəm
ki, sonuncu olmayacaq. Yeməklərinizi xüsusilə bəyəndim.
Plov favoritimdir.
"Növbəti illərdə
qadınların da yarışda iştirakına
ümid edirəm"
Molina
Alonso, İspaniya:
- "Formula-1"in sadiq azarkeşlərindənəm. Çoxları bunu eşidəndə təəccüblənir. Nəyə görəsə qadının
yarış maşınlarına
marağı, sürət
və adrenalin sevgisi insanlara qəribə gəlir. Mənə isə "F-1"də nə üçün hələ də qadın sürücülərin
olmaması maraqlıdır.
Ümid edirəm ki, qarşıdakı illərdə
trekdə həmcinslərimin
performasına tamaşa
edəcəyik.
Bakıya ilk dəfə gəlsəm də, çox bəyəndim. Hətta dünən vaxt
tapıb rəfiqələrimlə
Bilgəh çimərliyinə
də getdim. Günəş, qum,
dəniz bizi məftun etdi. Şirniyyatlarınızı çox sevdim.
İspaniyaya qayıdarkən
mütləq valideynlərim
üçün onlardan
da pay aparacam.
"Diqqətimi ilk dəfə
şəhərin milli
memarlıq üslubu cəlb etdi"
Robert
James, İngiltərə:
- Adətən, səyahətləri
atamla birlikdə edirik. Budəfəki səfərimizi Azərbaycana
etdik. Hər ikimiz ilk dəfədir
ölkənizə gəlirik.
Təyyarədən endiyim andan Bakıya valeh oldum. İxtisasca memar olduğum
üçün diqqətimi
ilk dəfə şəhərin
milli memarlıq üslubu cəlb etdi. "Formula-1" yarışlarından
iki gün əvvəl gəldiyimiz üçün gəzməyə,
muzeylərlə, qədim
və yeni tikililərlə tanış
olmağa yetərincə
vaxtımız vardı.
Ən bəyəndiyim isə Alov qüllələri oldu. Onun daxili və
xarici dizaynı arasındakı həmahəngliyini,
inşasının mürəkkəb
quruluşunu çox bəyəndim. Bakıya maraqla
gəldik, sevgi ilə ayrılırıq.
Turistlərin səmimi və şən simalarından hər şey aydın idi. Bakı onlara
istiqanlılıqla qucaq
açmış, onlar
da şəhərimizdən
məxsusi bir sevgi ilə ayrılırdılar. Növbəti dəfə Azərbaycan böyük bir beynəlxalq tədbirin təşkilatçılığını etdi və hər
kəsi məmnuniyyətlə
qəbul edib yola saldı.
Ülkər XASPOLADOVA,
Aydan XƏLİLOVA,
Azərbaycan.-2022.- 14 iyun.- S.9.