Böyük Qurtuluşdan
böyük Qələbəyə
Böyük Qurtuluşdan
böyük Qələbəyə uzanan möhtəşəm yol...
Azərbaycan xalqı olaraq son 30 illik zaman dilimində şərəfli və bir o qədər də çətin sınaqlardan keçən, böhranlardan adlayan, məsuliyyətli və qətiyyətli addımlarla irəlilədiyimiz böyük yol qət etdik. 1993-cü ilin 15 iyunundan - böyük Qurtuluşdan etibarən Vətən uğrunda çıxdığımız bu yolu 2020-ci ilin 8 noyabrına - böyük Zəfərə yetirərək parlaq uğurla sonlandırdıq. Çıxdığımız bu haqq yolunda nurlu bələdçimiz Heydər Əliyev, müqəddəs missiyamızın uğurla başa çatmasına qətiyyətlə liderlik edən isə İlham Əliyev oldu...
Qurtuluşun başlanğıc günü
Müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu, banisi kimi daxil olan Ulu Öndər Heydər Əliyev indi böyük qürurla bayram - Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə xalqın istəyinə əsasən ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə gəldikdən sonra ölkəmizi müstəqilliyini itirməkdən, xaosdan, vətəndaş qırğınından, müharibədən dövlət çevrilişlərindən qurtardı.
Azərbaycan xalqının müqəddəratının həll olunduğu və gələcək həyatını müəyyən edən gün kimi tarixi salnamələrimizə qızıl hərflərlə yazılan bu gündə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Faktiki olaraq Azərbaycan müstəqil bir dövlət olaraq yox olmaqdan, məhvə məhkumluqdan, parçalanmaqdan, başdan-başa işğal altına düşməkdən qurtuldu. İtirilmiş inamı özünə qayıdan xalqımız elə həmin gündən addım-addım işıqlı gələcəyə yol aldı.
Heydər Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycanı yarıtmaz, xəyanətkar, satqın AXC-Müsavat cütlüyünün yuvarladığı bataqlıqdan çıxardı.
Ulu Öndərin gündəliyində duran
əsas məsələ
Tezliklə sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycan bütün sferalarda - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni tərəqqi qazandı. Günü-gündən beynəlxalq əlaqələri güclənən Azərbaycanda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının uğurlu başlanğıcı qoyuldu.
Xalqının düçar olduğu qaçqınlıq, məcburi köçkünlük bəlasını bir nömrəli problemi hesab edən Ulu Öndər hakimiyyətə gəldiyi ilk vaxtlardan sözügedən problemin həlli istiqamətində də ardıcıl və uğurlu siyasət həyata keçirməyə başladı. Öncə yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemlərinin yüksək səviyyədə həll olunması istiqamətində əhəmiyyətli işlərə imza atdı. Ulu Öndərin əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, ən əsası isə insanlarımızın acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanıldı.
Böyük lider Heydər Əliyevin gündəliyində duran və hər zaman həllinə çalışdığı əsas məsələ işğal altında qalan torpaqlarımızı azad etmək və yurd-yuvasından didərgin salınan insanlarımızı öz doğma yurdlarına qovuşdurmaq idi. Ulu Öndər bütün nitqlərində, çıxışlarında, məcburi köçkünlərlə olan söhbətlərində həmişə bu məsələ ilə bağlı danışır, bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini, inamını bildirirdi.
Zəfərin Şuşa zirvəsi
Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və ölkəmizi inkişafa yönləndirən strateji xətt ötən müddətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər bütün sahələrdə sürətli və mühüm inkişaf əldə etdi, sadalanan bütün sahələrdə gələcəyə yönəlik sanballı addımlar atıldı.
Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın bir nömrəli problemi olan Qarabağ münaqişəsini "dəmir yumruğ"unun bir zərbəsi ilə həll edərək müqəddəs ata vəsiyyətini də yerinə yetirdi. İlham Əliyev həm diplomatik arenada apardığı uğurlu siyasət, həm mükəmməl sərkərdəlik qabiliyyəti ilə yürütdüyü döyüş taktikası sayəsində 2020-ci ilin 27 sentyabrında çıxdığımız Vətən savaşını cəmi 44 günə sonlandırdı, Şuşa Zəfərli - 8 noyabr 2020-ci il tarixini qızıl hərflərlə salnamələrimizə həkk etdi. İndi Qarabağın, Şərqi Zəngəzurun ən hündür zirvələrində üçrəngli, ay-ulduzlu müqəddəs Azərbaycan bayrağı dalğalanır.
Xilaskar komandan, qurucu lider
Bu gün qalib lider İlham Əliyev daha bir tarixi missiyanı reallaşdırır. Hələ illər öncə - 24 dekabr 2011-ci ildə, 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd edən dövlət başçısı bəyan etmişdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik.
İndi Prezident İlham Əliyevin qətiyyətlə verdiyi həmin vədin gerçəkləşdiyi xoşbəxt məqamları yaşayırıq. Qarabağ, Şərqi Zəngəzur başdan-başa quruculuq, bərpa meydanına, beynəlxalq hava limanlarının, tunellərin, dəhlizlərin salındığı, meqalayihələrin gerçəkləşdiyi unikal məkana çevrilib. Azad yurdlarımızda həyata keçirilən bütün bu genişmiqyaslı işlər isə birbaşa Prezident İlham Əliyevin diqqəti və nəzarəti altında görülür. Vətən torpaqlarımızın xilaskarı İlham Əliyev yurdlarımızın dirçəldilməsi üçün əsl quruculuq missiyasını layiqincə yerinə yetirir və o torpaqlara yeni həyat bəxş edir, əsl sahibləri ilə qovuşmaları üçün əzmlə çalışır.
Azərbaycan Ulu Öndərin
görmək istədiyi zəfər, uğur
zirvəsinə ucalıb
15 iyun 1993-cü ildə xalqın təkidli tələbi, istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün yorulmadan fəaliyyət göstərdi. Və ötən müddətdə Ulu Öndərin qarşısına qoyduğu milli prioritetləri onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallışdırıldı, ən ümdəsi Heydər Əliyev amallarının şah zirvəsində yer alan Qarabağın azadlığı da qətiyyətlə gerçəkləşdirildi.
Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyev fenomen şəxsiyyət Heydər Əliyevin ideyalarının parlaq işığında həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanı bütövləşdirərək, elə həm də ata vəsiyyətinə əməl etdi və Azərbaycanı Ulu Öndərin görmək istədiyi zəfər, uğur zirvəsinə ucaltdı.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 15 iyun.- S.16.