Georgi Marqvelaşvili: Qlobal Bakı Forumu açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platformadır”

 

Pandemiya səbəbindən forumlar onlayn keçirilirdi. Müzakirələrin əsas mövzuları COVID-19 pandemiyası və bəşəriyyətin bu çətin vaxtda görməli olduğu tədbirlər idi. Lakin indi biz postpandemiya mərhələsindəyik. Hazırda dünyada daha təhlükəli yeni reallıq mövcuddur. Bu, bütün regionumuza təsirini göstərən Rusiya-Ukrayna müharibəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində IX Qlobal Bakı Forumunun iştirakçısı, Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili bildirib.

Bakı Qlobal Forumunun açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platforma olduğunu vurğulayan Georgi Marqvelaşvili əlavə edib ki, tədbirin proqramı çərçivəsində qarşıya qoyulan suallara cavablar tapmaq həm Azərbaycan, həm Gürcüstan, həm də bütün Avropa üçün mühüm məsələdir.

Prezident İlham Əliyevin forumdakı çıxışına da toxunan Georgi Marqvelaşvili deyib: “Prezident Əliyev bizim regionda sülhün vacibliyini xüsusi vurğulayıb. Təəssüf ki, biz hərbi münaqişələrin bir çox mərhələsindən keçmişik. Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Bizim Ermənistanla da yaxşı münasibətlərimiz var. Bütün bunları nəzərə alaraq demək olar ki, Tbilisi formatı konkret məsələlərə yönəlmiş neytral, lokal format ola bilər”.

 

Azərbaycan.- 2022.- 17 iyun.- S.13.