Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

 

İyunun 17-də Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Avropa Şurası arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri ətrafında müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib.

Səfərlə bağlı xoş təəssüratlarını bölüşən nümayəndə heyətinin üzvləri keçirilən görüşlərin və aparılan müzakirələrin ölkə haqqında, xüsusilə də ölkənin inkişafı ilə bağlı yerindəcə tanış olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir nümayəndə heyətinin suallarını cavablandırdı və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2022.- 18 iyun.- S.3.