Qırğız Respublikası Azərbaycanla əlaqələrin
inkişafına böyük önəm verir
TÜRK PA-nın XI Plenar
sessiyasında iştirak etmək üçün
Qırğız Respublikasının Çolpon-Ata şəhərində
səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova
burada Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) sədri
Talant Mamıtovla görüşüb.
Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Talant Mamıtov, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib. O, xalqlarımız arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu qeyd edərək, müstəqillik illərində ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini vurğulayıb. Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, qarşılıqlı səfərlərin və siyasi dialoqun bu münasibətlərin inkişafına təkan verdiyini deyib.
Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir. Joqorku Keneşinin sədri qeyd edib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq qurumlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. O, TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb. O, deyib ki, xalqlarımızı ortaq köklər, oxşar tarix və ümumi dəyərlər birləşdirir.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının rolunu vurğulayan spiker Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin aprel ayında ölkəmizə səfərini və səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi əhəmiyyətə malikdir.
Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, ötən müddətdə münsaibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsinə qanunverici orqanların özünəməxsus töhfələr verdiyini qeyd edən Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayıb.
Spiker xüsusilə TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq, qeyd edib ki, müasir dünyada cərəyan edən hadisələr fonunda TÜRKPA-nın rolu və əhəmiyyəti daha da artmaqdadır. Təşkilatımız ötən illər ərzində fəaliyyəti ilə xalqlarımızı bir-birinə daha sıx bağlamağın səmərəli bir vasitəsi kimi özünü təsdiqləmişdir. O, bu baxımdan, XI Plenar sessiyasına da təşkilatın gələcək fəaliyyətinə və üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri görüşdə həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə və regionda yaranmış yeni vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. O, ölkəmizin regionda daimi sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə bütün lazımi addımları atdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəşad Cəfərli
Azərbaycan. - 2022.-24 iyun.- S.3.