Azərbaycan Qafqazda Dördüncü
Sənaye İnqilabının aparıcı qüvvəsidir
Dördüncü Sənaye İnqilabı dünyada gedən iqtisadi proseslərə müəyyən təsir göstərir. Mahiyyət etibarilə iqtisadiyyatda mühüm çevrilişlərə imza atan bu inqilab əvvəlki islahatlardan fərqli olaraq həyat və iş tərzimizi, istirahətimizi, ünsiyyətimizi və hətta davranışlarımızı belə tədricən dəyişir.
Bununla belə cəmiyyətimiz dördüncü inqilab haqqında ən azından müəyyən ilkin məlumatlara malik olmalıdır. Bilməliyik ki, istehsal yenidən qurulacaq və ona fərqli tərzdə yanaşılacaq, yeni texnologiyalar istehsalata alışdığımızdan daha sürətlə və kütləvi tətbiq ediləcək, biznes-prosesler avtomatlaşdırılacaq və süni intellektin tətbiqi genişlənəcək. Dördüncü inqilabın üstünlüklərindən biri istehsalın artırılması olsa da, yeni texnologiyaların, idarəetmədə proqramların və robotların tətbiqi sayəsində iş yerləri ciddi dərəcədə ixtisara düşəcək. Çünki Dördüncü Sənaye İnqilabını xarakterizə edən başlıca amil robotların geniş tətbiqinə rəvac vermək, güclü rəqabət yaratmaq və bazara yeni fərqli məhsullar çıxarmaqdır.
Dördüncü Sənaye İnqilabı haqqında ilk termin Dünya İqtisadi Forumunun keçmiş prezidenti Klaus Şvaba məxsusdur və bu ifadə artıq illərdir ki, dövriyyədədir. Son illər isə sənaye inqilabı barədə daha çox danışılır. Artıq iqtisadi mühitdə hamıya bəllidir ki, Dördüncü Sənaye İnqilabının təsirinə məruz qalmayacaq sahə yoxdur. İstehsal da, həyatımız da, iqtisadiyyat da və hətta insanlar arasındakı münasibətlər də müəyyən deformasiyalara uğrayacaq. Hətta nə qədər qəribə gəlsə belə, insan olmağın nə demək olduğu barədə fərqli düşüncələr yaranacaq. Eləcə də süni intellekt, robotlaşdırma, əşyaların interneti və 3d çap, virtual reallıqlar, bio- və neyrotexnologiyalar bizim gündəlik həyatımızın vacib hissələrinə çevriləcək. Təsəvvür edilməsi mümkün olmayan reallıqlardan biri də odur ki, bu inqilab varlılarla kasıblar arasındakı uçurumun genişlənməsinə səbəb olacaq. Süni intellektə, yüksək texnologiyalara yatırılan investisiyalar artacaq və eyni zamanda iş yerlərinin sayı sürətlə azalacaq.
McKinsey belə proqnoz verir ki, 2030-cu ilədək dünyadakı işçi qüvvəsinin 14 faizinin - 400 milyon insanın işlərini robotlar və proqramlar yerinə yetirəcəyi üçün işsizlik artacaq. Robotlaşdırma ilə bağlı işçilərin 77 faizi ya yaxın illərdə peşələrini dəyişəcək, ya da "qohum" ixtisaslara yiyələnəcəklər.
Sənaye inqilabı dərinləşdikcə varlılar daha da varlanacaq, kasıblar isə daha da yoxsullaşacaqlar. Artıq informasiya texnologiyaları şirkətləri monopolistlərə çevrilirlər. Məsələn, 2017-ci ildə quql qlobal bazarın kontekst reklamının 90 faizinə, feysbuk isə sosial şəbəkələrin 80 faizinə nəzarət edirdi. Beləliklə, dərk etməliyik ki, robotlaşdırma və texnologiyalar yeni dəyərlər yaratmaqla yanaşı, yeni təhlükələrə də səbəb ola bilərlər.
Kompaniyalar və şirkətlər artıq daha mükəmməl kooperativ təhsil üsullarından əsgərlərin, pilotların, satıcı, energetik və mühəndislərin hazırlanmasında istifadə edirlər. Biz İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin düşmənin heç zaman ağlına gəlməyən beşinci nəsil müharibə nümayiş etdirdiyini gördük. Bu, əlbəyaxa şəhər döyüşlərindən kosmik savaşa qədər hərb elminin ən mükəmməl nailiyyətlərinin qüsursuz tətbiqi idi.
Müharibədən sonrakı dövrdə də Azərbaycan iqtisadiyyatında böyük məlumatlar (Big Data) geniş tətbiq olunur. Dünyada olduğu kimi, bizim də gündəlik istifadə etdiyimiz məlumatların sayı sürətlə artmaqdadır. Artıq onlarsız ötüşmək mümkün deyil. Ardıcıl olaraq dövlət qurumlarında, səhiyyədə, sosial şəbəkələrdə bank və internet əşyalarında istifadə edilən məlumatların sayı artmaqdadır. Lakin adi proqram təminatları nəhəng məlumat axınlarını emal etmək gücünə qadir deyil. Bu məlumatların emalı üçün daha geniş texniki imkanlara malik maşınlar tələb olunur.
İkinci Qarabağ müharibəsində belə nəhəng məlumatlar üzərindən tərtib edilən kəşfiyyat xarakterli məlumatlar qələbənin yaxınlaşmasında əvəzsiz rol oynadı. Dördüncü Sənaye İnqilabının ən geniş tətbiq edildiyi ərazilər işğaldan azad olunmuş torpaqlardır. Burada salınan "ağıllı şəhər və kəndlər", yeni yaradılan "ağıllı kənd təsərrüfatı" sistemləri, tətbiq edilən bütün infrastruktur layihələri və digər yeniliklər yüksək texnologiyalara olan marağın təzahürüdür.
Azərbaycanda Dördüncü Sənaye İnqilabının aparılması, onun fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərinin uzlaşdırılması istiqamətində addımlar atılır, konkret işlər görülür. Aydın görünəni odur ki, müstəqilliyimizi nisbətən yeni elan edən dövlət olmağımıza baxmayaraq, müasir inkişaf trendlərinin tətbiqində israrlıyıq. Demək olar ki, dövlətin bütün qurumları səviyyəsində rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün Dördüncü Sənaye İnqilabının standartlarının tətbiqi istiqamətində fəal iş aparırıq.
Hələ ötən ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı fərmanla Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılmışdır. Bu qurum vasitəsilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyası həyata keçirilir. Maraqlı faktlardan biri odur ki, 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Qeyd edək ki, bu, MDB məkanında yaradılan ilk mərkəzdir. Odur ki, Azərbaycanın Qafqazda Dördüncü Sənaye İnqilabının aparıcı qüvvəsi olmasını əminliklə deyə bilərik.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2022.- 24 iyun.- S.4.