Azərbaycanın
və Rusiyanın xarici işlər nazirləri bölgədəki
mövcud vəziyyət və gələcək sülh
sazişinin imzalanması məsələlərini müzakirə
ediblər
İyunun 24-də Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyində
(XİN) Azərbaycanın və Rusiyanın xarici işlər
nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında
görüş olub.
XİN-in Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, nazirlərin arasında təkbətək
başlayan görüş daha sonra hər iki tərəfdən
nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz
arasında mövcud olan strateji tərəfdaşlığın
bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli
əməkdaşlığın uğurla həyata
keçirildiyini vurğulayıb. O, cari ildə iki ölkə
arasında diplomatik əlaqələrin qurulmasının 30
illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində
bu münasibətlə bir sıra tədbirlərin həyata
keçirildiyini məmnunluqla söyləyib.
Nazir Sergey Lavrov qonaqpərvərliyə
görə təşəkkür edib. O, Azərbaycan
Respublikası Prezidenti ilə keçirilmiş
görüşə və aparılmış müzakirələrə
istinad edib. Cari il ərzində azərbaycanlı həmkarı
ilə 4 görüş keçirdiyini bildirən S.Lavrov bunun
münasibətlərin intensivliyinin göstəricisi
olduğunu bildirib. O, bu il qeyd olunan 30 illiyin əlaqələrin
bütün istiqamətlər üzrə icmalı
üçün yaxşı fürsət
yaratdığını və bu xüsusda keçirilən tədbirlərin
təqdirəlayiq olduğunu söyləyib.
Tərəflər ikitərəfli
gündəliyin bir sıra istiqamətlərində, o cümlədən
siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət
sahələrində, əməkdaşlıq münasibətlərinin
inkişafı perspektivlərini, habelə ikitərəfli
müqavilə hüquqi bazasının möhkəmləndirilməsi
məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan
üçün hazırda prioritet məsələ olan azad
edilmiş ərazilərin bərpa və quruculuğu işləri
barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin
prosesdə iştirak marağı yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər
bölgədə mövcud cari vəziyyət, üçtərəfli
bəyanatların icrası ilə bağlı məsələlər,
bölgədə münasibətlərin
normallaşdırılması və sülhün təmin
olunması istiqamətində addımların atılması,
o cümlədən sərhədlərin delimitasiyası
üzrə komissiyaların fəaliyyəti, bütün
kommunikasiyaların açılması, gələcək
sülh sazişinin imzalanması məsələləri ətrafında
geniş müzakirələr aparıblar.
Görüşün sonunda xarici
işlər nazirləri tərəfindən “Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində əməkdaşlıq
haqqında Saziş” imzalanıb.
Azərbaycan.-
2022.- 25 iyun.- S.2.