Azərbaycan bölgədə sülh
və tərəqqinin təmin olunmasında qətiyyətlidir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə - Vətən müharibəsi zamanı fəaliyyət göstərdiyini qeyd edərək, ona postmünaqişə mərhələsində ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.
Nazir Ceyhun Bayramov, eyni zamanda, BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir, yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib. O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.
Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK-nin ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Tərəflər Azərbaycan
ilə BQXK arasında qarşılıqlı etimad
doğuran münasibətlərin və
açıq dialoqun gələcəkdə
də davam etdiriləcəyinə əminliklərini
bildiriblər.
Azərbaycan.-
2022.- 25 iyun.- S.4.