Yanındayıq, Türkiyə!
Azərbaycan meşə yanğınlarına
qarşı mübarizədə qardaş
ölkəyə yenə də ən böyük
dayaqdır
Bir millət, iki dövlət...
Bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə...
Tarixi həmrəylik bu gün ən yüksək zirvəyə çatıb. Xalqlarımız ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər...
Və elə bütün çətinliklərə qarşı da daim çiyin-çiyinə mübarizə apararaq birliklərinin gücündən doğan əzmlə qalib gəlirlər...
"Amfibiya" artıq meşə
yanğınlarını söndürməyə
başlayıb
Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə hər zaman birlik nümayiş etdirərək, dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birgə mübarizə aparırlar. Eyni zamanda bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması istiqamətində də bir-birilərinə dayaq, dəstək dururlar.
Hazırda da Azərbaycan dövləti Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkənin yanındadır və ona etibarlı dayaq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə kömək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Keçən il də Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edən adıçəkilən təyyarə artıq ötən gün səhər saatlarından etibarən Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.
Kədərin kədərimizdir, Türkiyə
Qeyd etdiyimiz kimi, ötən ilin yay aylarında da Türkiyədə geniş meşə yanğınları baş vermiş və xeyli fəsadlara, insan itkisinə səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda dövlətimiz yenə də maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi.
Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirmişdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.
Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq paylaşım edərək "Türkiyə xalqının kədəri bizim kədərimizdir", - deyə vurğulamışdı.
Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərilmişdi.
Bütün bunlar isə iki ölkə arasındakı diplomatik münasibətlərdən ziyadə, iki qardaş xalq arasındakı mənəvi bağlılığın, bir qardaşın çətin vəziyyətə düşən qardaşının harayına yetməsinin əyani təcəssümü idi.
Türkiyəyə yardım üçün
Azərbaycanın təklifə ehtiyacı yoxdur
Bu cür qürurverici nümunələr təkcə bu günümüzdə yox, dünənimizdə də yaşanıb.
1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş xalqa ilk yardım əlini uzadan da məhz Azərbaycan dövləti olub.
2000-ci illərdə, Abdullah Gül Türkiyədə Prezident olduğu dövrdə baş verən meşə yanğınları zamanı yaşanan bir məqam isə indi də dillərdən düşmür və xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğunu bir daha gözlər önünə sərir.
Həmin dövrdə meşə yanğınlarının söndürülməsi üçün bir çox ölkələrin yardım təklifini geri çevirən Abdullah Gülə "bəs nə üçün Azərbaycanın dəstəyinə yox deməmisiniz", - deyə sual ünvanlanmışdı. Cavab isə çox maraqlı və bizim üçün də bir o qədər qürurverici olmuşdu. Prezident söyləmişdi ki, axı heç Azərbaycan bizdən icazə istəməyib. Artıq onların yanğını söndürmək üçün göndərdikləri təyyarələr Türkiyə səmalarındadır və yerə enmək üçün bizdən izin istəyirlər...
Daha bir qardaşın digər qardaşın harayına yetməsinin əyani sübutu olacaq əlavə şərhə ehtiyac varmı?!.
Və bu, bir millət, bir tarixi köklərə malik olmağımızın, ürəklərimizin bir-birimiz üçün birgə döyünməyinin minlərlə nümunəsindən, sadəcə, biridir...
Qardaş dayağı
Eləcə də tarixin müxtəlif dönəmlərində olduğu kimi, Türkiyə hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olub. 44 günlük Vətən müharibəsi zamanı da qardaş Türkiyə müharibənin elə ilk dəqiqələrindən etibarən Azərbaycanın haqlı davasının yanında olduğunu nümayiş etdirdi. Son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq durdu.
2020-ci ilin 10 dekabrında, Zəfər paradımızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali qonaq qismində iştirak etməsinin də öz böyük rəmzi mənası, qardaşlığımızın bütün dünyaya bir daha möhtəşəm bəyanı oldu.
Vətən müharibəmizin üzərindən ötən zaman ərzində də iki ölkə arasındakı qardaşlıq münasibətləri daha yüksək mərhələyə qədəm qoyub. Mədəniyyət paytaxtımızda imzalanan Şuşa Bəyannaməsi isə həm də siyasi müttəfiqliyimizin, ortaq təhlükəsizliyimizin hüquqi əsası olub.
Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünya üçün örnəkdir. Necə ki, bu barədə Prezident İlham Əliyev vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun".
Tezliklə qardaş Türkiyədə meşə yanğınları ilə əlaqədar baş verən bu təbii fəlakətin də öhdəsindən birlikdə layiqincə gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə bu sınaqdan da qalib çıxacağıq...
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2022.- 25 iyun.- S.1; 5.