Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Xalqımızı qalibiyyətə aparan Ordu” adlı tədbir təşkil edilib

 

İyunun 24-də Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun yaradılmasının 104 illik yubileyinə həsr olunmuş “Xalqımızı qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, veteran şuralarının, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Qarabağ müharibəsi veteranlarının, hərbi hissələrin, şəhid ailələrinin və digər müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, hazırda müzəffər Silahlı Qüvvələrimizin yaradılmasının 104-cü ildönümünü qürur hissi ilə qeyd edirik. “Bu qüruru bizə Vətən oğulları cəbhədə qazandığı unudulmaz qələbələrlə yaşadıb. Artıq iki ildir ki, ordumuz işğalçı Ermənistan ordusunu Qarabağda, Şuşada darmadağın etməklə rəsmi İrəvanı kapitulyasiyaya məcbur edib, işğal edilmiş torpaqlarımızı azad ediblər. Böyük Zəfərin qazanılması Azərbaycanın hərb tarixinin şərəfli səhifəsini təşkil edir”.

Silahlı Qüvvələr Günü münasibətilə təbrik iştirakçılarını təbrik edən muzeyin rəisi deyib: “Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasielmi potensialı ilə yanaşı, həm də onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür”.

Tədbirdə Abşeron rayonu Veteranlar Cəmiyyətinin sədr müavini ehtiyatda olan mayor Sahib Əsgərov, ehtiyatda olan zabit Elçin Axundovun məruzə və çıxışları dinlənilib, sənədli film nümayiş olunub.

Bədii hissəsində Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda ifaları dinlənilib.

 

Azərbaycan.- 2022.- 25 iyun.- S.8.