Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

 

İyunun 25-də xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.

Səfir Volfqanq Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir bir çox sahələrdə birgə maraqların mövcudluğunu söyləyib.

Tərəflər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə edilib, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov səfir Volfqanq Maniqə sonda bir daha xoş arzularını çatdırıb.

 

Azərbaycan.- 2022.- 26 iyun.- S.2.