Səttar Möhbalıyev: Azərbaycan hər zaman keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub

 

Ermənistanın torpaqlarımızı işğalı nəticəsində qaçqın və məcburi köçkünlər 30 il ərzində yurdlarından didərgin düşdü. Həmçinin Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərini təkbaşına həll etdi. Məcburi köçkünlər üçün şəhərciklər tikildi və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görüldü.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Milli Məclisin deputatı Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı haqqında danışıb. Qeyd edib ki, xalqımızın başına gətirilən faciələrə dünya ölkələri susdu. İnsan haqlarının müdafiəçisi qismində çıxış edən Avropa ölkələri və təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirib.

Ölkəmizin heç zaman müharibə istəmədiyini vurğulayan S.Möhbalıyev deyib: "Azərbaycan hər zaman keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub".

 

Azərbaycan.- 2022.-29 iyun.- S.12.