Əməkdaşlığın inkişafı barədə
fikir mübadiləsi aparılıb
İyunun 29-da Milli Məclis sədrinin
birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli Kuba
Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədr
müavini Ana Mariya Mari Maçadonun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Qonağı salamlayan birinci
vitse-spiker Kuba nümayəndə heyətinin Azərbaycanın
aparıcılığı ilə keçirilən
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
Bakı Konfransında iştirakından məmnunluq duyduğunu
bildirib. Hazırda Azərbaycanın sədrlik etdiyi
Qoşulmama Hərəkatında Kuba dövlətinin və
siyasətçilərinin zamanında böyük rol
oynadığını deyən Əli Hüseynli Azərbaycanla
Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən
BMT və Qoşulmama Hərəkatında əməkdaşlığını,
ölkələrimizin bir-birini dəstəkləməsini qeyd
edib. Xalqlarımız arasında oxşarlıqlara diqqət
çəkən komitə sədri Azərbaycan və
Kubanın hələ sovet dövründə sıx əlaqələr
qurmasına toxunub, bu ənənənin davamı kimi kubalı
gənclərin indi də Azərbaycanın Neft Akademiyasında
təhsil almağa həvəs göstərməsini diqqətə
çatdırıb.
O, bu tarixi əlaqələrin
müstəqillik illərində də önəm verilməsindən
bəhs edib, həm ikitərəfli, həm də çoxtərəfli
platformalarda iki ölkə arasında mövcud olan əməkdaşlığı,
habelə yüksək səviyyəli siyasi dialoqu xüsusi
vurğulayıb. Kubanın hər zaman dünyada
sülhün, ölkələrin suverenliyinin tərəfdarı
olmasına diqqət çəkən Əli Hüseynli vaxtilə
Ermənistanın işğalına məruz qalan Azərbaycanın
haqlı mövqeyini və ərazi
bütövlüyünü Kubanın dəstəkləməsindən
məmnunluqla söz açıb.
Əli Hüseynli Kuba Milli
Assambleyası nümayəndə heyətinin Azərbaycana səfərinin
parlamentlərarası əlaqələrə öz töhfəsini
verəcəyinə əminliyini bildirib.
Kuba Milli Assambleyasının sədr
müavini Ana Mariya Mari Maçado səmimi qəbula görə
minnətdarlığını bildirib. Ana Mariya Azərbaycanın
sədrliyi ilə Qoşulmama Hərəkatının daha da
möhkəmləndirilməsi təşəbbüslərini
yüksək qiymətləndirib, Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin təsis olunmasının
vacibliyini qeyd edib, Azərbaycan tərəfindən
nümayiş etdirilən yüksək təşkilatçılığı
və qonaqpərvərliyi vurğulayıb, təşkilata
uğurlar arzulayıb.
Söhbətdə Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin təsis olunması məsələləri
müzakirə edilib, ölkələrimiz arasında ikitərəfli
səviyyədə, o cümlədən iqtisadi sahədə,
parlament səviyyəsində əməkdaşlığın
inkişafı barədə fikir mübadiləsi
aparılıb.
Görüşdə Kuba Milli
Assambleyasının Beynəlxalq əlaqələr
komissiyasının sədri Yolanda Ferrer Qomes, Kuba
Respublikasının ölkəmizdəki səfiri Karlos Enrike
Valdes de la Konsepsyon və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-
2022.- 30 iyun.- S.6.