İƏT-in sessiya iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

 

İyunun 29-da İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Tahaüzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, İƏT nümayəndələri müasir standartlara cavab verən, turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən onlara məlumat verilib ki, qısa müddətdə inşa edilən beynəlxalq hava limanı Füzulinin, eləcə də regional turizmin və bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayacaq.

Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçirəcəklər.

Onlar, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək qədim tikililər və buradakı İslam irsi abidələrini ziyarət edəcəklər, şəhərin turizm potensialı ilə yaxından tanış olacaqlar.

Xatırladaq ki, iyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.

Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.

Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

 

Azərbaycan.- 2022.- 30 iyun.- S.11.