Britaniyalı parlamentarilər: “Xocalı
soyqırımı Azərbaycan tarixinin ən
faciəvi səhifələrindən biridir”
Birləşmiş Krallıq parlamentinin İcmalar və Lordlar palatalarından olan 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə birgə bəyanatla çıxış ediblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, indiyədək Birləşmiş Krallıq parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdikləri ilk birgə təşəbbüs olan bu bəyanatda qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, yaxınlarını itirən həmvətənlərimizə başsağlığı verilib, xalqımızla həmrəylik ifadə edilib.
Bəyanatda müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda baş verənləri müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən 2010-cu il 22 aprel tarixli qərarı xatırlanaraq, gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.
Parlamentarilər münaqişənin başa çatmasını alqışlayaraq, aparılan danışıqların Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.
Bəyanatda,
həmçinin postmünaqişə mərhələsində
ərazilərin minalardan təmizlənməsi,
kommunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin
delimitasiyası və demarkasiyası kimi
çağırışların mövcudluğu
qeyd olunub, bu məsələlərin həlli, xüsusilə
də ərazilərin minalardan təmizlənməsi
istiqamətində Birləşmiş Krallıq hökumətinə
çağırış edilib.
Azərbaycan.-
2022.-2 mart.- S.2.