Kadr islahatlarında başlıca tələb

 

Prezident İlham Əliyev: “Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir”

 

Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni təyin olunan üç rayonun icra başçılarını videoformatda qəbul edərkən çıxışında onlara vətəndaşların rəğbətini qazanmağı və islahatlarda aparıcı mövqe tutmağı tapşırdı.

Dövlət başçısı qısa tezislərlə yeni təyinat alanlara izah etdi ki, ilk növbədə rayonların vəziyyəti dərindən və elmi əsaslarla təhlil edilməli, müsbət tendensiyalar dəyərləndirilməklə yanaşı, mövcud problemlər çözülməli, onların həlli yolları tapılmalıdır. Xatırlanmışdır ki, 2004-cü ildən üzübəri qəbul edilən müxtəlif dövlət proqramları regionların inkişafında mühüm rol oynamış, əsas vəzifələr icra olunmuşdur. Uğurlarımız daim beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir. Ümumi inkişaf indeksinə görə ölkəmizin adının qabaqcıl yerlərdə çəkilməsi adi hala çevrilmişdir.

Prezident İlham Əliyev çıxışında yorulmayan islahatçı ruhu ilə əsas diqqətini görülən işlərə yox, gündəmə gələn problemlərə fokusladı: “Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heçbu meyarlara cavab vermir”.

Dövlət başçısının tələbi belədir ki, paytaxt da, regionlar da eyni qaydada inkişaf etməli, quruculuq işlərinin aparılmasında bir rayon digərindən fərqlənməməlidir. Yeni təyinat alan icra başçılarından tələb olunur ki, insanlarla daim təmas qursunlar, laqeydlik göstərib özlərini cəmiyyətdən təcrid etməsinlər: “Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”.

Dövlət başçısı son illərdəki təyinatlarla bağlı keçirdiyi bütün qəbullarda dəfələrlə bu barədə danışmış, yeni təyin edilən icra başçılarına məmur kürsüsündən zövq almağı yox, vəzifə yükünün ağırlığını çəkməyi tapşırmışdır. Prezident İlham Əliyev budəfəki çıxışında bildirdi ki, onun bütün tənqidlərinə baxmayaraq, bəzi hallarda dövlət məmurları vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərə, korrupsiyaya, rüşvətxorluğa meyil salmış və hətta sosial müdafiəyə ehtiyacı olanların maaşlarını mənimsəmişlər: “Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”.

Azərbaycan Prezidenti vəzifəyə təyin etdiyi bütün məmurların qarşısında bir tələb qoyur: heç kim qanundan yüksəkdə olmayacaq, hamı qanunun aliliyi qarşısında istisnasız eyni dərəcədə məsuliyyətlidir. Bu tələb hamıya aiddir - icra başçılarına da, bütün məmurlara da: “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir”.

Dövlət məmuru vəzifəsini icra edən şəxs dövlətin nüfuzunu, dövlətin marağını şəxsi maraqlarından üstün tutmalıdır. Bircə anlığa 44 günlük müharibəni gözünüzün önünə gətirin. Səngərdəki əsgərdən tutmuş Ali Baş Komandana kimi hamı eyni ruhla, eyni vətən sevgisi ilə özünü düşünmədən döyüşə atılmışdı. Azərbaycan xalqı bu savaşda nəyə qadir olduğunu ortaya qoydu. Əgər bu 44 günlük müharibədə bircə gün belə kimsə şəxsi maraqlarını qələbədən yüksəkdə tutsaydı, elə yerindəcə məğlubiyyətlə qarşılaşacaqdı. 10 min fərarisi olan düşmən tərəfi yadınıza salın. Biz özümüzü yox, Vətəni düşündük. Bu gün də ölkənin məmur ordusu anlamalıdır ki, dövlət başçısının tələbləri xalqın və ölkənin maraqlarına xidmət edir, cəmiyyətimizin inkişafı üçün vacibdir. Bunu başa düşməyənlərə, anlamayanlara aman verilməyəcək.

Müasir Azərbaycan dövlətində kadrların düzgün seçilməsi və yerləşdirilməsi köklü islahatların uğurla davam etməsinə imkan yaradır. Artıq illərdir ki, kadr siyasətində ilk növbədə insanların istedadları, bacarıq və qabiliyyətləri nəzərə alınır, dövlətçiliyə, dövlətə sədaqət isə başlıca meyar kimi əsas götürülür. Prezident çıxışında bu məsələyə birtoxundu: “Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda qeyd etdiyim kimi, vətənpərvər insanlar dövlətə, xalqa bağlı olan insanlar əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır”.

Azərbaycan Prezidentinin videoqəbul formatındakı çıxışında 44 günlük Vətən müharibəsi mövzusuna qayıtması, qəhrəmanlıq göstərən övladlarımıza xüsusi qayğı nümayiş etdirməsi bir daha dövlətin onun yolunda döyüşən əsgərlərə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Məhz dövlət başçısının tapşırığı ilə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri öz həllini tapır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - məşğulluq marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda ilk növbədə Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Sizbu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni biz onları gələcək fəaliyyətə hazırlamalıyıq”.

Faktiki olaraq onu qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindəki qələbəmiz bu gün müəyyən mənada kadr siyasətinə də maraqlı çalarlar əlavə edir, onu mükəmməlliyə doğru cilalayır.

Prezident İlham Əliyev çıxışında özəl sektorun uğurlarına da diqqət yetirdiindiki şəraitdə, xüsusilə postmüharibə dövründə bu sektorun üzərinə daha böyük vəzifələrin düşdüyünü qeyd etdi: “Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır”.

Çıxışda o da qeyd olundu ki, Azərbaycan heç kimdən asılı olmayan, iqtisadi cəhətdən tamamilə müstəqil ölkədir. İşğaldan azad edilmiş ərazilərin bərpası - Qarabağın və Zəngəzurun dirçəldilməsi üçün heç kimdən yardım və kredit almamışıq.

Bir sözlə, yeni təyinat alan dövlət məmurlarına izah edildi ki, islahatların uğurlu davamı üçün Azərbaycan bütün imkanlara malikdir. Dövlət başçısının onlara son sözü belə oldu: “Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun”.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2022.- 2 mart.- S.1; 3.