Yeni Dövlət Proqramı gənclərin təhsili istiqamətində yeni yollar açacaq

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bu sərəncam dövlət başçısının “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra təhsil sahəsində bir sıra tədbirlər görülüb, layihələr və dövlət proqramları həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ölkə vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib. Dövlət başçısının 2018-ci il 11 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycan Respublikasında yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu proqram çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir. Eyni zamanda, Azərbaycan gənclərinin xaricdə bakalavriat, magistraturadoktorantura səviyyələrində təhsilinin təşkili istiqamətində hökumətlərarası təqaüd proqramları da reallaşdırılır. Həmin proqramlar çərçivəsində hazırda 700 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşı Çin Xalq Respublikası, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya və digər ölkələrdə təhsil alır.

2016-cı ildən fəaliyyətə başlamış Azərbaycan-Fransız Universitetində geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və kompüter elmləri olmaqla bakalavriatmagistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Eyni zamanda, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və digər universitetlərdə də ikili diplom proqramları reallaşdırılır.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasirgüclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeni - “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ölkəmizin gələcəyini müəyyənləşdirəcək gənclərin təhsili istiqamətində yeni yollar açacaq. 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsi Dövlət Proqramının hədəf göstəricisidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə etməsi nəzərdə tutulub.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 2 mart.- S.4.