Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

 

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil Popesku arasında görüş olub. Görüşdə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareiştirak edib.

S.Babayev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Rumıniya olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq əsasında ildən-ilə inkişaf etdiyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, Ermənistan işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan və Rumıniya hökumətləri arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edən S.Babayev əməkdaşlığın inkişafı, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük olduğunu vurğulayıb.

Əlaqələrin daha da genişlənməsi üçün Komissiyanın səylərini daim artırdığını, 2018-ci ilin noyabrında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Komissiyanın 5-ci iclasının müsbət nəticələrini diqqətə çatdırıb.

V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əlaqələrin genişlənməsi üçün aparılan işlərin məmnunluq doğurduğunu qeyd edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal əməkdaşlığı üçün potensialın olduğu bildirilib. Yeni əməkdaşlıq sənədləri layihələri sırasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ruminiyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də olduğu diqqətə çatdırılıb.

 

Azərbaycan.- 2022.- 2 mart.- S.4.