Şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi tikilib

 

Lənkəran rayonunun Ürgə kəndində şəhidlərin xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub. Tədbirdə bildirilib ki, Ürgə kəndi Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində 5 şəhid verib.

Onlardan Zamanov Teymur Cəlal oğlu I Qarabağ müharibəsində, polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu, İbadlı Araz Babəli oğlu, İbadzadə Zabil Fikrət oğlu və Mirzəhüseynov Natiq Balamirzə oğlu 44 günlük Vətən müharibəsində şəhid olublar.

Bulaq-abidə kompleksinin açılış mərasimi şəhid polkovnik-leytenant M.Şirvanovun doğum gününə təsadüf edib. Mehman Şirvanov 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Prezidentin sərəncamları ilə şəhid polkovnikQarabağordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Bulaq-abidə kompleksinin açılış mərasimində Lənkəran şəhər rəhbərliyi, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, kənd ictimaiyyəti və Ürgə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Lənkəran ŞİH-nin başçısı T.Qaraşov mərasimdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni faşistlərini darmadağın edərək qazandığı qələbənin tarixi əhəmiyyətindən danışıb. Natiq bu tarixi qələbənin əldə olunmasında lənkəranlı gənclərin də vuruşduqlarını və Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə əsl vətənpərvərlər kimi canlarından keçdiklərini xüsusi qeyd edib. Bu qəhrəmanlığın nəsillərə əbədi nümunə olduğunu söyləyən natiq hər bir gənci bu parlaq nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyə çağırıb. Rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işləri yüksək dəyərləndirən T.Qaraşov belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində misilsiz əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2022.- 2 mart.- S.5.