Fiziki məhdudiyyətlilərə dövlət qayğısı daimidir

 

Onların cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlər formaca müxtəlif, məzmunca eynidir: “siz bizlərdən birisiniz

 

...Həyatın sınaqları müxtəlif olur. İnsan övladı dünyaya gələndən bu sınaqlardan keçir, əzmi, iradəsi, qətiyyəti ilə arzularına qovuşur və cəmiyyətin onun zehni, yaxud fiziki əməyinə entiyacını duyduqca yaşamaq, yaratmaq əzmi bir az da artır.

Anadangəlmə, yaxud sonradan aldığı hansısa fiziki, yaxud psixoloji zərbədən əlillik qazananların daha çox mənəvi dəstəyə ehtiyacları olur. Ona görə də dövlət və vətəndaş cəmiyyəti daim onların yanındadır.

Ulu Öndər Heydər Əliyev belə insanların istedadlı və bacarıqlı olduqlarını, belə qabiliyyətlilərin isə cəmiyyətə təqdim edilməsinin vacibliyini hər dəfə qeyd edirdi.

Fiziki məhdudiyyətli olsalar da, əzmini toplayaraq daim yüksəklərə, uğurlara doğru irəliləyənlər bir daha təsdiq edirlər ki, əlillik qüsur deyil. Onlar güclü özünəinam qarşısında məhdudiyyətin aradan qalxdığını bütün insanlığa bir mesaj kimi ünvanlayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan, fiziki məhdudiyyətli istedadlıların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirir. Belə gərəkli layihələrdən biribu kateqoriyadan olanların qabiliyyət və istedadlıları haqqında ensiklopedik kitab-albomun nəşridir ki, bu da seriya şəklində buraxılır. “Əlillik qüsur deyil” adlı yeni nəşrdə cəmiyyətin bir parçası olan fiziki məhdudiyyətli istedadlıların qabiliyyətləri onların əl işlərindən də görünür. Kitab-albomda verilən nümunələrin timsalında deyə bilərik ki, ən əsası, insanda iradədir: “...İnsanın qəlbindəki həyat eşqi, qurub-yaratmaq istəyinin tükənməzliyidir. Əlbəttə, əlilliyi olan şəxslər hər zaman öz əməyinin bəhrəsi, güclü iradəsi ilə uğurlar qazana bilib. Amma onların cəmiyyətə inteqrasiya olunmasında ailələrinin, yaxınlarının da zəhməti az deyil. Ən böyük dəstək isə dövlət tərəfindən göstərilən xüsusi qayğı və diqqətdir”.

Bu kateqoriyadan olan insanların həyata baxışları da fərqli olur, həvəs və istəkləri də. Əlilliyi olanların cəmiyyətin digər fərdləri ilə bərabər imkanlara malik olması haqqında ilk mühüm beynəlxalq sənəd 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edilib.  Həmin sənəddə əlilliyi olanlarla sağlam şəxslərin mülkisiyasi hüquqları arasında heç bir fərq qoyulmaması, dövlət tərəfindən bunun təmin olunması xüsusilə qeyd edilib.

Kitab-albomda bütün bunlar, həmçinin fiziki cəhətdən qüsurlu olan istedadlıların diqqət və qayğıdan kənarda qalmaması kimi vacib məsələlər öz əksini tapıb.

Kitab-albomda qeyd edilir ki, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiyasosial xidmət müəssisəsi əsaslı şəkildə təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2021-ci il fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi hesab edilən, Bakının Xəzər rayonunda yerləşən Şağan Reabilitasiya Mərkəzinin də əsaslı şəkildə təmirdən sonra açılışı olub. Bütün bunlar əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, onların reabilitasiya imkanlarının artırılmasına və eyni zamanda keyfiyyətli xidmətlərlə təmin olunmalarına yüksək qayğının daha bir təzahürüdür.

Dövlət başçısı bunları ümumiləşdirərək demişdir: “...Hər bir vətəndaş bizim üçün qiymətlidir. Fiziki məhdudiyyətli insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək. Əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda böyük işlər görülür. Bir çox hallarda bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir...”

Bu topluda diqqətçəkən məqamlardan biriodur ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli, Vətən müharibəsi qaziləri, eləcə də daim sosial müdafiəyə ehtiyacı olan digər həssas qrup hesab edilən - ahıl yaşlı, tənha qoca-qarılarla  keçirilən görüşlərindən bir-birindən maraqlı fotolar öz əksini tapıb.

İstedad, doğrudan da, sərhəd tanımır. İstedad qabiliyyət ruhu, düşüncəsi sağlam, lakin fiziki qüsuru olanlar üçün sanki zülmət gecədən sabaha açılan nurlu günəşdir. İstedad belələrinin dünyaya baxışlarını dəyişir, həyata daha da bağlayır nəyə qadir olduqlarını üzə çıxarır. Bu kitabda da məhz qabiliyyəti bacarığı ilə cəmiyyətə inteqrasiya olunan istedadlılar toplanıb.

DOST”un dostları”, “İncəsənət nümunələrinin kataloqu”, “Nəşrlərimiz”, “İdman sahəsində əldə edilən uğurlar s. bölmələrdə əlilliyi olan istedadlıların qabiliyyətlərindən soraq verən sənət əsərləri ilə yaxından tanış olmaq mümkündür. Bir sözlə, yeni nəşr fiziki məhdudiyyətlilərin cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 2 mart.- S.7.