Azərbaycanla
Rumıniya arasında münasibətlər strateji tərəfdaşlıq
prinsiplərinə əsaslanır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın
energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin
strateji layihələr üzrə xüsusi nümayəndəsi
Ana Birçalı videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd etdi.
Dövlətimizin başçısı məktuba görə minnətdarlığını Rumıniya Prezidentinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulandı və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edildi.
Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edildi.
Söhbət zamanı əməkdaşlığın
perspektivlərinə dair fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2022.- 3 mart.- S.1.