Misirin Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa
çatır
Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Nazir Azərbaycan-Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir bunun üçün, ilk növbədə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Misir səfiri Adel İbrahim Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib. Səfir Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
Tərəflər Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Nazir səfir
Adel İbrahimə gələcək fəaliyyətində
uğurlar arzu edib.
Azərbaycan.-
2022.- 3 mart.- S.3.