TANAP və TAP-la nəql olunan mavi yanacağa tələbat getdikcə artır

 

Prezident İlham ƏLİYEV: “Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik... Bu qaz, təbii ki, xarici bazarda satıla bilər”

 

Cari ildə TANAP - Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə Türkiyə və Avropaya 16,2 milyard kubmetr mavi yanacağın ixracı nəzərdə tutulub. Bunu onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

TANAP Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmiyyətli layihələrindən biridir. S.Düzyol TANAP-ın Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz kəməri” olduğunu xatırladıb. Bildirib ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazı Türkiyəyə və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) bağlantısı ilə Avropaya çatdırır. Beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir.

TANAP vasitəsilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, TAP vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

Xatırladaq ki, TANAP-ın açılışı 2018-ci il iyunun 12-də olub. Həmin ayın 30-da kommersiya istismarı fəaliyyətinə başlayan kəmər artıq dörd ilə yaxın bir dövrdür ki, uğurlara imza atır. O, “Şahdəniz” qazını Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçirərək Ədirnənin İpsala rayonunda TAP-a qovuşdurur.

“Cənub qaz dəhlizi”nin ən böyük hissəsi və birləşdirici halqası olan TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadisiyasi əməkdaşlığının daha da inkişafına sanballı töhfə verir. Bu kəmər Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.

TAP isə 2020-ci ilin son günündən fəaliyyətə başlayıb. Azərbaycan qazını TANAP-dan qəbul edən bu kəmərin uzunluğu təxminən 878 kilometrdir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçirsonuncu bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. Burada kəmər “Snam Pete Gas” şirkətinin qaz nəqli şəbəkəsinə qoşulur. Keçən il, yəni fəaliyyətinin ilk ilində TAP İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib.

Son illərədək Azərbaycan neft ölkəsi olaraq dünyada etibarlı təchizatçı kimi tanınırdı. İndi artıq qaz təchizatçısı kimi də şöhrət tapıb. XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi” bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir. Regionun və Avropanın enerji təhlükəsizliyi təminatında ölkəmizin mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasəti dayanır.

Bu soyuq, şaxtalı qış fəslində istehlakçıların qaza ehtiyacı daha da artıb. Cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev il ərzində Azərbaycanda 45 milyard kubmetr qazın hasil ediləcəyini, bunun 19 milyard kubmetrinin ixraca gedəcəyini, qalan hissəsinin isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün yenidən neft laylarına vurulacağını deyib:Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz eyni zamanda Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdiindi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur”.

Avropa da öz növbəsində qazın idxalını artırmaq istəyir. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti TAP-ın idarəetmə direktoru Luca SchieppatiQuotidiano Nazionale” saytına müsahibəsində qeyd edib ki, gələcəkdə TAP-la Azərbaycandan İtaliyaya gələn qaz həcmləri ikiqat artırıla bilər.

Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS Agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə səsləndirilən suallardan biri məhz bu olub: “Hazırda spot bazarındakı qazın qiymətinin artması barədə hamınız bilirsiniz. Azərbaycan Avropa bazarına tədarükü artırmağa hazırdırmı və hansı miqdarda?”

Dövlətimizin başçısı belə sorğuların bizə mövcud vəziyyəti nəzərə almaqla Avropa Komissiyasının məsul nümayəndələri tərəfindən daxil olduğunu da bildirib: Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik qaz kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq buna malik deyilik, yəni bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın”.

Uzunmüddətli kontraktlar isə əlavə sərmayə tələb edir. Söhbət böyük həcmlərdən gedirsə, o cümlədən TAP-ın genişləndirilməsinə də sərmayə qoymaq lazımdır. Spot bazarı məsələsinə gəldikdə, ölkə Prezidenti deyib: “Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yəqin başa düşürlər ki, bu, həll oluna bilməz. Spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 3 mart.- S.3.